Məşhur lətifəni az qala yaddan çıxarmışıq, halbuki Azərbaycan hakimiyyəti eynən onun məzmunundakı vəziyyəti hər gün nümayiş etdirməkdədir.
Soyuq müharibənin son illərindən qalan həmin lətifədə deyilir ki, bir amerikalı ilə bir rus hansının vətənində demokratiyanın çox olması ilə bağlı mübahisə edirdilər.
Amerikalı rusun zəif yerindən tutur:
– Bax, bizdə demokratiya o qədər güclüdür ki, hər kəs gəlib Ağ Evin qabağında ABŞ prezidentini söyə bilir.
Rus heç nə olmamış kimi cavab verir:
– Nə böyük işdir ki, elə bizdə də hər kəs Kremlin qabağına gəlib ABŞ prezidentini söyə bilir.
…Bizim şanlı ölkədə də həmin vəziyyətdir. YAP hakimiyyətinin təmsilçiləri, təbliğatçıları növbəyə durub ABŞ-ı, Avropa ölkələrini söyməkdən yorulmurlar. Bir-birinə baxıb qızışırlar. Deyilməyən söz qalmadı. Tapılmayan eyib olmadı. Amma bu adamlara deyən də yoxdur ki, özünüzü elə qoçaq da saymayın, bunu hətta ABŞ-a səfər edib, Ağ Evin qabağında edə bilərsiniz.
Bundan öncə də yazmışdıq. Qərbi söymək məsələsində nə qədər böyük həvəs və ehtiras göstərilməsi bütün hallarda qarşı tərəfin mütərəqqiliyi ilə bağlıdır. Qərb Putin kimi ağlagəlməz və qorxulu cavablar verən deyil, nə qədər istəyirsən söy. Uzun müddət demokratiyaya dəvət etməklə kifayətlənəcəklər. Öhdəlikləri, konvensiyaları yada salacaqlar. Strateji maraqları şərh edəcəklər. Sən mütərəqqiliyin yolunu bitirənəcən səninlə danışmağa çalışacaq. Hətta onun bu yanaşmasını hərəkətsizlik, qorxaqlıq, satqınlıq kimi də şərh edənlər olacaq. Rusiya Gürcüstana girəndə, Ukraynaya müdaxilə edəndə başqa vaxt ABŞ-ı və Avropadakı müttəfiqlərini ora-bura hərbi müdaxilədə ittiham edənlər Qərbi qorxaqlıqda və Rusiyaya cavab verməməkdə günahlandırırdılar. Məsələ, Rusiyaya verilən cavabın indi görünməsində də deyil, cavabın bir gün hökmən olacağında da deyil. ABŞ-ı, Avropa ölkələrini söyməkdə, tənqid etməkdə təhlükəli heç nə yoxdur. ABŞ və Avropanı da tənqid etmək olar, kürü diplomatiyası ilə oradan da kimlərisə satın alıb bu işə qoşmaq olar, amma bundan asan iş yoxdur…
Söhbət artıq absurda çatıb, ABŞ-ı terrorizmdə günahlandırırlar, onu da unudurlar ki, ABŞ-la birlikdə terrorizmə qarşı (məsələn, Əfqanıstanda hərbi koalisiya çərçivəsində) mübarizə aparırlar.
Amma bu adamların Rusiya və Iran qarşısında quzuya dönməsi də bir absurddur. Xocalı soyqırımında Rusiyanın iştirakını qınaya bilməyənlərin, Qarabağın işğalında onun aparıcı rolunun üstündən ustalıqla keçənlərin, Kremlin Ermənistanı silahlandırıb Azərbaycana qarşı körükləməyinə bir söz deməyənlərin Qərbin qarşısında şirə dönməsi əsl teatrdır.
Bildik. Eşitdik. Siz də bilin ki, bu, müxalifəti söymək qədər asandır. Öz vətəndaşını ittiham etmək qədər sadədir. Amma bilin ki, nə etsəniz də dünya sizin əməllərə susmayacaq. Ölkədə və xaricdə Azərbaycandakı haqsızlığı dilə gətirənləri ermənipərəst adlandıra bilərsiniz, fəqət gec-tez hamı bu həqiqətləri lap ucadan deyəcək.
“Bu, bizim daxili işlərimizə qarışmaqdır” demək də işə yaramır. Insan haqları iç iş sayılmır. Rusiyanın cavabı da ona görə verilir. Xalqların azadlıq və rifah yolu tutmasının qarşısını almaq daxili iş sayılmır. Bunlar daxili iş sayılırsa, onda niyə Əfqanıstana müdaxiləyə daxil olmusunuz?!
Ermənipərəstliyə gəldikdə isə… Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə sonuncu beynəlxalq sənəd Avropa Parlamentində qəbul edilib. Elə uzaq tarixdə olmayıb bu. Bunu demirsiniz ona görə ki, həmin qətnamədə Azərbaycandan insan haqlarına sayğı da tələb olunur. Məsələ də bundadır.