İlham Hüseyn
Son günlərin ən qaynar müzakirəsi “Qarabağ-Inter” oyunu ilə bağlı oldu. Həqiqətən də “Qarabağ” komandasının qrupdan çıxa bilməməsi, hakimin ədalətsiz qərarı hamını məyus etdi. Şəxsən mən qol vurulanda elə qışqırdım ki, evdəkilər də qorxuya düşdülər. Vurulan qolun hesaba alınmaması isə ən ağır xəbər oldu. Ona görə də hamının əsəbini, hikkəsini, Çex hakimə nifrətini başa düşürəm və haqlı sayıram. Hətta ölkə başçısı Ilham Əliyev də “Qarabağ” komandasının vurduğu qolu hakimin hesaba almamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirdi. Yəni bu məsələdə hamı həmrəy oldu və hakimin ədalətsizliyinə etirazını bildirdi.
Çox maraqlıdır ki, bu ölkədə hakim ədalətsizliyi həyat normasına çevrilib. Amma heç vaxt ölkə başçısı bu ədalətsizliyə etirazını bildirməyib. Axı, Azərbaycan məhkəmələrində hansı “tamaşa”ların oynanıldığı, hakimlərin necə hökm çıxarması hamıya bəllidir.
Bu hakimiyyətin siyasətini tənqid edən, ölkə həqiqətlərini dilə gətirən ictimai-siyasi xadimlərin, gənc fəalların məhkəmələrinə şahidlik edirik. Amma bütün bu tipli məhkəmlərdə hakimlər “qol”u hesaba almır. Nə qədər sübut olsa da, nə qədər faktlar ortaya çıxsa da, hakimin qərarı dəyişilməz qalır. Ölkənin ən işıqlı adamları “xuliqan”, “dələduz”, “narkoman” ittihamına tuş gəlir və məhkəmələr bu “cinayət”ləri incələyib hökm oxuyurlar.
Çex hakimdən fərqli olaraq, bizim hakimlərin qeydə almadığı “qol”lar qol vuranların həbs olunması ilə yekunlaşır. Yəni məhkəmə hakimlərinin ədalətsiz qərarı “Qarabğ” komandasının deyil, Qarabağın vəziyyəti ilə uyğun gəlir. Belə ki, Qarabağ düşmən əsirliyində, ölkə vətəndaşları isə hakimiyyətin girovluğunda qalıblar.
Çex hakimin ədalətsizliyinə dözməyənlər insan taleyi üzərində ədalətsiz qərar çıxaranlara niyə dözürlər?
Niyə bizim “vətəndaş qolu”muz qeydə alınmır? Bu gün hakim ədalətsizliyi nəticəsində həbs olunmuş insanların “qol”unda “oyundankənar vəziyyət”, “əllə oyun” yoxdur. Bu gün Seymur Həzidən tutmuş, Xədicə Ismayıla qədər bütün siyasi məhbuslar “top”a toxunmaqda ittiham olunur. Topa toxunmadan isə qol vurmaq mümkün deyil.
Amma biz onu da bilirik ki, Seymurların, Xədicələrin, Intiqamların “qol”unun qeydə alınmaması “hakimlər briqadası”nın özfəaliyyəti deyil, oyun qaydalarını müəyyənləşdirənlərin sifarişidir.
Futbol hakiminin ədalətsiz qərarı qəbahətdirsə, məhkəmə hakiminin ədalətsiz qərarı cinayətdir. Qəbahətə üsyan edənlər cinayətə niyə haqq qazandırır?
Məhkəmə hakimi qara mantiya, futbol hakimi şortik geyinir. Ədalət xalatının şortikdən də aşağı düşdüyü bir cəmiyyətdə qanunun qüvvəsi hakimin şortiki kimi dizdən azacıq yuxarıda olur.
11 nəfərin əziyyəti böyükdür və bu qol onların haqqı idi. Bəlkə də o qol qeydə alınsaydı, bunun sevinci başqa problemlərimizi unutdurardı.
Amma minlərlə insanın üzləşdiyi ədalətsizliyin qarşısında, 11 nəfərə qarşı ədalətsizlik təəccüblü deyil.
Biz hakim ədalətsizliyinə öyrəncəliyik. Biz “oyun vaxtı” başa çatmamışdan nəticəni bilirik. “Azadlıq” qəzetinin 2 və 3-cü səhifəsindən boylanan adamlar öncədən məlum olan nəticənin qurbanlarıdılar.
Qurbanın komandasına qarşı böyük ədalətsizlik oldu. Bizim “komanda”mız isə ədalətsizliyin qurbanıdır.
Amma bizim “oyun”un vaxtı 90 dəqiqəyə sığmayacaq. Bu oyunun finalı mütləq olacaq. Bizim “qol”umuz da qeydə alınacaq.