Söyün Sadıqov iddia edir ki, Vaşinqton Azərbaycana qarşı erməni diversantlar hazırlayır
Rusiya mətbuatı davamlı olaraq Qərbin Azərbaycanda inqilab planlaşdırdığı haqda materiallar yayımlayır. Deyəsən, Azərbaycan hakimiyyəti də yazılanlara inanıb.
Bəzi mülahizələrə görə, ölkədə demokratik düşərgəyə başladılan savaş, repressiyaların pik həddə çatması da bununla bağlıdır. Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya, insan haqlarına basqılara, söz və mətbuat azadlığının boğulmasına qarşı çıxanları Qərbin “5-ci kalonu” adlandırırlar. Fərqli fikir söyləyənlərə ABŞ-ın, Avropanın agenti damğası vurulur və s.
Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov isə daha uzağa gedərək ABŞ-ın Azərbaycana qarşı erməni diversantlar hazırladığını iddia edir. O, Moderator.az-a açıqlamasında bildirib: “Məndə olan informasiyaya görə, Ermənistan ərazisində xüsusi ərazi var ki, orada artıq 3 ildir amerikan konstruktorları erməni millətçilərini təxribatçı kimi hazırlayırlar.
Bəzi məlumatlara görə orada 3 mindən artıq diversant təlimlərə cəlb edilib, hansı ki, onlar azərbaycan dilində həm yazmağı, həm danışmağı əla bilirlər. Onlar Azərbaycan ərazisində təxribat törətmək üçün yetişdirilirlər ki, lazım gəldikdə onlardan Azərbayacana qarşı istifadə etsinlər. Onları ”Şortfou 586″ adlandırırlar”.