KIV haqqında qanuna dəyişiklik edilməsi azad medianı susdurmaq cəhdidir
Dekabrın 16-da parlament “KIV haqqında” qanuna dəyişikliyi nəzərdə tutan yeni layihəni müzakirəyə çıxardı. Layihəyə görə, il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edilən KIV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Heç kimə sirr deyil ki, KIV haqqında qanunun sərtləşdirilməsi azad mətbuatı boğmağa xidmət edir. Bu ölkədə prinsipial mətbuat orqanını məhkəməyə verib uduzdurmaq, nəfəs almaq qədər asandır.
Maraqlı burasıdır ki, bu qanun layihəsinə səs verən deputatlar da öz fikirlərini əsaslandıra bilməyiblər.
Həmişə dünya təcrübəsindən dəm vuran, başqa ölkələrdən sitat gətirməyi xoşlayan deputatlar bu məsələdə dünya təcrübəsi tapa bilməyiblər.
Hətta benzinin qiyməti, nəqliyyatda gediş haqları qalxanda da bunu dünyada baş verən proseslərlə, qiymətlərin hər yerdə qalxması ilə əlaqələndirirdilər.
Məsələn, deputat Zahid Oruc bildirib ki, bu qanun mürtəce xarakter daşımır və bu qanun olmasa media hər gün döyüş vərəqəsi kimi yayılardı.
Deputat Tahir Rzayev isə qeyd edib ki, mətbuatda yazılanlara dözmək olmur, bizi “lal deputat” kimi qələmə verirlər, təhqir edirlər.
Vitse-spiker Bahar Muradova da bildirib ki, Azərbaycanın maraqlarını ayaqlar altına atan adamlar üçün media alət olmamalıdır: “Xədicə Ismayıl kimisə intihar həddinə gətirib, hər kəs törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ona görə də bu qanun layihəsini qəbul etməliyik”.
Siyavuş Novruzov da qanun layihəsini müsbət qiymətlənidirib və jurnalistləri təhqirə yol verməməyə çağırıb.
Bütün bunları ona görə xatırladırıq ki, KIV haqqında qanunun sərtləşdirilməsinə deputatların münasibətini və arqumentini görəsiniz.
Göründüyü kimi, hər hansı bir əsaslandırma yoxdur. Sadəcə yuxarıdan gələn göstərişə uyğun münasibət sərgilənir.
Hansısa deputatın tənqid edilməsinə görə, Xədicə Ismayılın kimisə “intihar” həddinə çatdırdığına görə, kimlərinsə milli maraqları alət etməsinə görə, KIV-ə dəyişiklik edilməlidir?
Kiminsə təhqirə yol verməsi, milli maraqları satması məhkəmə predmeti ola bilər. Həmin deputat və digər vəzifəli şəxs məhkəməyə müraciət edə bilər. Buna görə qanuna dəyişiklik etməyə ehtiyac yoxdur.
Deputatların kortəbii dəstəyindən də əsl mahiyyət ortaya çıxır.
Qeyd edək ki, KIV haqqında qanunun müəlliflərindən biri, keçmiş deputat Rizvan Cəbiyev bu layihənin qəbulunun yolverilməz olduğunu bildirib: “Ümumiyyətlə, hər hansı bir KIV-in fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciəti yolverilməz sayıram. Kütləvi informasiya vasitəsi özünü həm iqtisadi, həm də qanunvericiliyə uyğun qura bilmədiyinə görə məhkəməyə verilə bilər, sanksiyalara da məruz qala bilər. Ancaq bunun fəaliyyətin dayandırılmasına yönəldilməsini demokratik prinsiplərə zidd hesab edirəm. O zaman da bunun əleyhinə olmuşam, indi də əleyhinəyəm”- deyə Rizvan Cəbiyev bildirib.
KIV haqqında qanunun müəllifi deyir ki, bu, anti-demokratik addımdır, hökumətyönlü deputatlar isə bunu zərurət kimi qiymətlənidirir.
Biz ilk vaxtdan bu qanunun qəbulunu müstəqil mətbuatdan qisas almaq cəhdi kimi qiymətləndirmişik. Ümumi qənaət də onu deməyə əsas verir ki, məqsəd bəzi mətbuat orqanlarını sıradan çıxarmaqdır.
Daha dəqiq desək, ölkədə yeganə müstəqil qəzet olan “Azadlıq” qəzetinə qarşı növbəti hücumu bu qondarma qanun layihəsi ilə həyata keçirməyə çalışacaqlar.
Bir sözlə, növbəti dəfə hakimiyyət prinsipial medianı susdurmaq qərarı verib və qanun adı altında öz anti-demokratik siyasətini davam etdirir.
Akif