«Fatma Abdullazadəni və AMEA prezidenti Akif Əlizadəni istefaya çağırıram»
AMEA-ya yeni təlimat: «Xaricə ezamiyyətə gedənlər xüsusi şöbənin icazəsini almalıdırlar»
AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev Akademiyada keçirilən son seçkilərlə bağlı dövlət başçısına cavabsız qalan məktublarını davam etdirir. Növbəti müraciətində o, PA humanitar siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadəni və Akademiyanın prezidenti Akif Əlizadəni istefaya göndərməyi tələb edir.
Başlanğıcı ötən sayımızda
…Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm. Noyabrda AMEA Institutlarına məktub gəlib ki, bundan sonra 3 aydan artıq xaricə ezamiyyətə gedənlər xüsusi şöbənin icazəsini almalıdırlar!!! Başqa sözlə, bu məsələ sovet vaxtındakı kimi tənzimlənəcək. Yəni məmurların arzu eləmədiyi şəxs xaricə gedə bilməyəcək! Istirahətə, müalicəyə, az qala nahar üçün xaricə üz tutan məmurlar elm dalınca gedənlərə mane olacaqlar və yalnız istədikləri adamlara icazə verəcəklər! Elmi də artıq tamamilə inhisara alırlar!
Bu konteksdə bir haşiyə çıxmaq istəyirəm. Dekabrın axırlarında Azərbaycan alimlərinin 1-ci qurultayının olacağı gözlənilir. Yəqin ki, xaricdə işləyən alim soydaşlarımızdan da dəvətlilər olacaq. Ola bilsin ki, onlara müraciət olunacaq ki, xaricdə Azərbaycandakı alimlərimizin tədqiqatlar aparmasına gücləri çatdığı dəstəyi əsirgəməsinlər; xarici universitetlərlə sıx əlaqə yaratmaqda körpü rolunu oynasınlar və s. Əvvəla qeyd etmək lazımdır ki, kiminsə xaricdə işləməsi, oranın vətəndaşı kimi elmlə məşğul olması hələ o insanların yaxşı alim olması anlamına gəlməməlidir. Vaxtilə xaricə gedənlərin ixtiyarında 20 ildən artıq bir vaxt olub ki, onlar yuxarıda qeyd olunan konteksdə müəyyən işlər görsünlər. Amma baxın görün görüblərmi, neçəsi görüb?! Xaricə gedənlərin bir çoxunun ayağı illərdir, hətta onilliklərdir ki, Azərbaycana dəyməyib! Çoxunun hələ də Azərbaycan Elm Qurumlarında adı işçi kimi saxlanılsa da, bəlkə də bir azərbaycanlı elmi işçiyə köməyi dəyməyib, birgə məqalələr yazmayıblar. Bəlkə də elələri olub ki, vətəndaşlıq almaq üçün təqib olunduqlarını iddia ediblər! Amma AMEA-ya seçki olanda “asta qaçan namərddir” deyib qartal kimi Bakıya şığıyıblar! AMEA-ya üzvlər təyin edənlər isə belələrinin bəzilərinə hətta qucaq açıblar. Özü də ən yaxşı olmayanlara!!! Məsələn, illərdir Azərbaycana ayaq basmayan, Almaniyada 17 ildən çox yaşayan Ənvər Nəhmədovu PA Humanitar Siyasət şöbəsi müxbir üzv təyin etmişdir! Nədi, nədi, o, oradakı yüksək çinli məmurun həyat yoldaşı olan Oktay Ələkbərova (AMEA Fizika Institutu) son illər məqalələr yazır, yazmaqdadır və yazacaqdır! Bundan əlavə, bu səbəbə görə EIF-dən ayrılan milyonlarla qrantların mənimsənilməsi istiqamətində çalışır! Maraqlıdır ki, ona guya səs verənlər belə onu tanımır! Ənvər Nəhmədovu “tanıtdırmaq” istəyənlər onu son illər humanitar yığıncaqlara dəvət edirlər və “Almaniya” tanıtım lövhəsinin arxasından boylandırırlar! Onun işlərinə SCOPUS-da olan sitatların sayı mənim işlərimə olan sitatların sayından 11 dəfə azdır!
Bu yaxınlarda AMEA prezidenti Humanitar və Ictimai Elmlər bölməsinin iki yerə ayrılacağını bəyan etdi. Bu prezidentin elə bil dünyada gedən proseslərdən xəbəri yoxdur! Iqtisadı tənəzzül dövründə idarəetməni təkmilləşdirmək məqsədi ilə adətən böyük qurumlar birləşir, öz fəaliyyətlərini sinxronlaşdırırlar. AMEA-da isə əks proseslər baş alıb gedir: yeni institutlar yaradılır, sonra deyirlər ki, bölmədə onların sayı çoxdur, lap elə “bir ayrı Akademiyalıq” qədər! Görünür, kimlərəsə təcili yeni vəzifələr vermək lazımdır! Yeni bölmənin yaranması həm də yeni xərclər deməkdir; görünür, AMEA rəhbərliyi Akademiyaya ayrılan cüzi vəsaitləri belə idarə edə bilmir! Yeri gəlmişkən, bu ilin əvvəlində AMEA rəhbərlərindən biri də Informatika bölməsi yaratmaq istəyirdi!!! Ümumiyyətlə, indiki akademiya prezidentinin dönəmində o qədər yeni administrativ qurumlar yaranıb ki, sanki elə bil akademiya elə indi yaradılır! Görünür, elmdə həqiqi islahatların nə olduğunu belə bilməyən AMEA prezidenti özü haqqında administrativ sahədə “islahatçı” imici yaratmaq istəyir! Amma qoy o nahaq yerə əziyyət çəkməsin, narahat olmasın: onun adı akademiya tarixınə saxta seçkilərlə bağlı möhkəm həkk olunub!
Bir məqama da toxunmaq istəyirəm. Tarixən, fizika ən geniş şaxələnmış elm sahələrindən olub. Amma nədənsə bu sahə üzrə AMEA-ya yerlər əsasən ümumiləşmiş şəkildə fizika ixtisası üzrə ayrılır! Müqayisə üçün, kimya, biologiya və yer elmləri bölmələrində yerlər çoxlu sayda ixtisaslar üzrə ayrılır! Belə getsə, bir azdan çaylar üzrə, göllər üzrə, dənizlər üzrə, litosfera və s. üzrə bölmələrin yaranmasına artıq heç kim təəccüblənməyəcək!
Büsbütün saxtalaşdırılmış seçkilərə gəlincə, yenə sual olunur ki, AMEA və Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin rəhbərliyi hara baxırdı!!! Yəqin ki, Administrasiyanın razılığı ilə yerlərin bir qisminin öz adamlarına paylanması tərəfə və bunun müqabilində Administrasiyanın digər namizədlərinin dəstəklənməsi tərəfə! Ən əsası ayrılmış kvotanın daha “səmərəli və sərfəli” istifadə olunması tərəfə!!!.
Axı AMEA prezidenti Akif Əlizadə tək Yer elmləri bölməsi haqqında deyil, öz qohumu haqqında deyil, həm də digər bölmələr haqqında fikirləşməlidir!!! Ən əsası, bu şəxslərin əsas vəzifəsi seçkilərin ədalətli, obyektiv, şəffaf keçirilmələrini təmin etmək idi ki, onlar da bu vəfizənin öhdəsindən gələ bilməyiblər. Şəxsi maraqlarını təmin etmək naminə!!! Necə olur ki, 1989 (2001)-ci illərdən akademik təyin edilən bu şəxslərin hələ bugünə qədər belə Azərbaycan elminə gətirdiyi sitatlarının cəmi sayı 2014-də AMEA-dan kənarda saxlanılmış mənim sitatlarımın sayından dəfələrlə az olur?!
Cənab Prezident! Mən AMEA prezidentinin fəaliyyətini təftiş etmək niyyətindən çox-çox uzağam. Sadəcə onun prezident olduğu vaxtda keçirilən seçkilərdə elə saxtakarlıqlara, qanunsuzluqlara yer verilib ki, susmaq olmur. Hələ mən AMEA-nın 6 bölməsindən yalnız birində olan saxtakarlıqlardan danışdım!!!
Seçkilərin AMEA Nizamnaməsinə zidd keçirilməsinin, saxtalaşdırılmasının qarşısını ala bilmədiyinə görə
Sizin Administrasiyanın humanitar siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadəni və AMEA Prezidenti Akif Əlizadəni ISTEFA-ya çağırıram. Eyni səbəblərdən AMEA vitse-prezidenti Akif Hacıyevi də ISTEFA-ya çağırıram.
Cənab Prezident! Son illər regionlarda AMEA-nın bölmələrinin, mərkəzlərinin yaradılması sözsüz ki, regionlarda elmin inkişaf etdirilməsi baxımından, region elm təşkilatlarının da dünya elminə inteqrasiyası baxımından çox müsbət addımdır. Ancaq burada da müəyyən çatışmazlıqlara Sizlərin diqqətinin çəkmək istəyirəm. Bəzən elə olur ki, kimlərsə bir müddət regional bölmədə calışır, sonra həmin bölmədən AMEA-ya üzv təyin edilir və bundan dərhal sonra paytaxta üz tutur. Belə çıxır ki, regional bölmələr də AMEA-ya üzv olmaq üçün tramplin kimi istifadə olunur. Hətta AMEA rəhbərliyi səviyyəsində belə elm adamlarına rast gəlmək olar.
Nəzərə alsaq ki, hazırda AMEA-nın iki regional bölməsi və bir neçə regional mərkəzi var, bu konteksdə bir təklif irəli sürmək istəyirəm: yaxşı olar ki, AMEA-da yaradılmış regional bölmələrdən də Azərbaycan vətəndaşı olan istənilən elm adamı seçilə bilsin!!! Bu daha ədalətli olardı və kvota sui-istifadələrinin qarşısını alardı! Sözsüz ki, regional bölmələrdən seçilənlər regionun elmi təşkilatları ilə sıx bağlı olan, birgə tədqiqatlar aparan, regionun elmi maraqlarını prioritet sayan, regionun elmi potensialını artırmağa çalışan elm adamları olmalıdır!
Cənab Prezident! Yuxarıda qeyd edildiyi kimi, 2012-2014 seçkiləri total saxtakarlıq şəraitində keçirilib. Əslində
AMEA-nın Nizamnaməsi əsasında seçkilər olmayıb, bəzi məmurların istəkləri əsasında təyinatlar olub. Bu istəklər bir çox hallarda hətta ölkə Konstitusiyasına belə biganəlik nümayiş etdirmək hesabına (məsələn, ikili vətəndaşlığı olan şəxslərin təyin olunması) olsa belə həyata keçirilib.
Yaxşı olardı ki, AMEA-ya təyinatlı seçilmələri say komissiyasının sədri kimi həyata keçirən, 2001-ci ildə riyaziyyat elmləri doktorluğundan birbaşa informatika ixtisası üzrə akademik təyin edilən Fikrət Əliyev açıqlasın ki, Nazim Məmmədovun topladığı dörd səs necə 28 oldu!. Qoy Fikrət Əliyev açıqlasın ki, o biri təyin edilmişlər həqiqətdə neçə səs yığıblar! Əvvəlki seçkilərin də təcrübəsi göstərir ki, Adminstrasiya kimin əslində neçə səs topladığı haqqında müfəssəl məlumatlı olur. Bu, ən müxtəlif məqsədlərlə, o cümlədən hərdən “məsləhətə” qulaq asmayanları “yola gətirmək” üçün də edilə bilər. Əvvəlki müraciətlərimdə bu məsələyə aid sadaladığım bir faktı yenidən Sizinlə bölüşmək istəyirəm. Sizin Administrasiyanın elmə kuratorluq edən yüksək çinli bir məmurunun həyat yoldaşı, Fizika Institutunun işçisi və faktiki idarəçisi Oktay Ələkbərov 2003-cü ildə akademik təyin edilmiş bir alimə Administrasiyadan gələn bir məktuba imza atmaq istəməməsi səbəbindən acıqlanaraq demişdi ki, sənə verilən səslərin sayı sıfır idi, amma səni akademik təyin etdilər.
Yəqin ki, təyinatları diqqətlə izləyənlər, demək olar, bütün bölmələr üzrə sayca ikinci gücə malik yeni bir toplumun (şərti olaraq deyək ki, ŞIMAL-qərb alyansının) meydana çıxmasını müşahidə etdilər! Elmi meyarlar qalır bir kənarda, kimlərsə öz aləmində guya balanslaşdırıcı yanaşma tətbiq edir! Nəyi və niyə balanslaşdırırlar, bilmək olmur! Elmin maraqları əsas götürülməlidir, bürokratın istəyi yox! Düşünürəm ki, bu yanaşma da gələcəyə hesablanmış xoş niyyətlə edilməyən hərəkətlər seriyasına aiddir.
Cənab Prezident! Vəzifə səlahiyyətləriniz Sizdən tələb edir ki, bu cür ədalətsizliyə və kobud qanun pozuntularına adekvat reaksiya verəsiniz. Söz yox ki, bu təyinolunmaların əksəriyyəti barədə sizi də məlumatlandırıblar. Yəqin ki, deyiblər ki, filankəslər böyük alimlərdir, ehtimal ki, yuxarıda qeyd olunan 28 ildir məqalələr dərc etdirməyən şəxs haqqında da. Amma yəqin ki, kimlərin qarşısında qırmızı işıq yandırıblar, onu sizə deməyiblər. Altı aydırdır ki, sizə etdiyim fasiləsiz müraciətlər bu boşluğu doldurmaq məqsədi güdür. Siz həmişə bəyan edirsiniz ki, ölkədə baş verənlərdən tam məlumatlısınız! Bəs onda mənim müraciətlərimdə qaldırılan çox ciddi problemlərə niyə reaksiya yoxdur?! Niyə seçki saxtakarlarını cəzalandırmırsınız? Mən onu nəzərdə tuturam ki, ən böyük cəza indiki şəraitdə təyinolunmalar əsasında formalaşmış seçki nəticələrinin ləğvi olardı ki, bu da başqalarına da və gələcək üçün dərs olardı. Əminəm ki, müraciətlərim sona qədər davam edəcək. Amma siz yaranmış situasiyada gərəkən addımları atmamaqla öz məmurlarınızı daha böyük qanunsuzluqlara ruhlandırırsınız. Belə çıxır ki, əsas məqsəd seçkiləri saxtalaşdıraraq elmi ictimaiyyəti fakt qarşısında qoymaq olub: …”seçki”dən sonra kim nə deyir desin, onsuz da heç nə dəyişilməyəcək”. Seçkini saxtalaşdıranlar da, onların təyin etdikləri də heç nə olmamış kimi öz dövranlarını sürürlər, çünki cəzasızlıqlarına əmindirlər. Ölkə başçısı kimi siz isə ən azı seyrçi mövqe tutursunuz. Onda belə bir sual yaranır: bu cür təyinatlarla necə elmdə geriləməni aradan qaldırmaq, ən azı qonşu kiçik ölkələrin səviyyəsinə yaxınlaşmaq və çatmaq olar? Bu cür təyinatlarla ölkəni necə regional elm mərkəzinə cevirə bilərsiniz! Aydındır ki, heç cür! Məgər sizin istədiyiniz budur?! Məgər siz ölkədə savadlı, təhsilli, elmli, müstəqil düşünmə qabiliyyətinə malik kadrların olmasında maraqlı deyilsiniz?! Akademiyada kimlərinsə arzu etmədiyi layiqli şəxslərin olması bu insanlar üçün niyə bu qədər qorxuludur?! Bilirsiniz, elm kənd təsərüffatı, sənaye məhsulu və s. deyil ki, onu istədiyin miqdarda, istədiyin vaxt idxal edəsən. Hər bir ölkə (ən xırda, imkansızlar belə) çalışır ki, özünün milli elmi kardları və potensialı olsun! Əks halda yaxşı bilirlər ki, başqalarının ayaqları altında qalacaqlar! Sizi həm də bu baxımdan seçki saxtakarlarını ciddi cəzalandırmağa çağırıram!
Yaranmış vəziyyətdə bir daha Sizi, seçkilərin AMEA Nizamnaməsinə və ölkə Konstitusiyasına uyğun keçirilmədiyini nəzərə alaraq, sosial ədalətin bərpası naminə nəticələrin ləğv edilməsinə və yeni seçkilərin keçirilməsinə tövsiyələrinizi verməyə çağırıram.