Bu gün görkəmli jurnalist Nəcəf Nəcəfovun ölümündən 15 il ötür. Lent.az-ın məlumatına görə, Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirən Nəcəf Nəcəfov 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb.
“Vışka” qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən “Molodyoj Azerbaydjana” qəzetinin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb. 1989-cu ildə “Molodyoj Azerbaydjana” qəzetindən gedən Nəcəf Nəcəfov elə həmin il “Azadlıq” qəzetinə rəhbərlik etməyə başlayıb. 1990-cı ildə Nəcəf Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” informasiya agentliyini təsis edib.
1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. Nəcəf Nəcəfov 1992-1993-cü illərdə Nəcəf Nəcəfov Azərbaycanın ovaxtkprezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib.
Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Nəcəf Nəcəfov ölümündən sonra “Şöhrət” ordeni ilə təltif olunub.
Bu gün tanınmış jurnalist Elçin Səlcuqun vəfatından isə 5 il ötür. Elçin Səlcuq 1964-cü ildə Naxçıvanda anadan olub. Jurnalistikaya ötən əsrin 90-cı illərində hay-küylü yazılarla gəlmiş Elçin Səlcuq 1991-97-ci illərdə “Azadlıq”, 1997-98-ci illərdə “525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə “Detektiv” qəzetinin baş redaktoru olub. Daha sonra “Proloq” ədəbi həftəliyində çalışıb. Ömrünün son illərində müstəqil köşə yazarı kimi fəaliyyət göstərib.
Elçin Səlcuq 2009-cu il dekabrın 17-də Bakıda rəhmətə gedib.