Hökumət südlük istiqamətdə cins mal-qara gətirirsə, bu, özünü süd istehsalında niyə göstərmir?
Xəbər verildiyi kimi, Azərbaycana xaricdən daha 7100 baş heyvan gətiriləcək. Bu barədə “trend”in yaydığı məlumatda bildirilir ki, 2009-2013-cü illərdə Azərbaycana xaricdən 10 min 695 baş heyvan gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəşli şərtlərlə lizinqə verilib. Hazırda belə heyvanların sayı artaraq 28 min başa çatıb. Bu ilin avqust və sentyabr aylarında keçirilən tender nəticəsində ölkəmizə daha 7100 baş Holştin friz və simmental cinsindən olan damazlıq inəklərin gətirilməsi nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, belə heyvanların süni mayalandırılması işinə xüsusi diqqət yetirilir. 2013-cü ildə republika üzrə 100 min baş inək və düyə süni mayalandırılıb, 68 min baş sağlam bala alınıb. Nazirlikdən yayılan məlumata görə, respublikamızda son illər 20-yə yaxın iri südçülük kompleksi də inşa edilərək istifadəyə verilib: “Bu komplekslərdə hazırda 22 min başdan artıq inək saxlanılır. Həmin heyvanlardan gün ərzində orta hesabla 22-28 litr süd sağılır. Bu da ümumilikdə süd istehsalını artırır. 2013-cü ildə hər inək və camışdan orta hesabla 1363 litr süd sağılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaiysədə 56 litr çoxdur”.
Nazirliyin nümayəndəsi deyib ki, ölkəyə gətirilən damazlıq inəklərin saxlanması üçün yeni heyvandarlıq komplekslərinin inşası istiqamətində də işlər həyata keçirilir. Hazırda respublikamızda 2 milyon 700 min baş qaramal, o cümlədən 1 milyon 300 min başdan artıq inək və camış var.
Xatırladaq ki, sabiq kənd təsərrüfatı naziri Ismət Abbasovun rəhbərlik etdiyi vaxtlarda da Azərbaycana xaricdən cins inəklər gətirilib. Lakin həmin heyvanların yerli mühitə uyğunlaşmadığı və əksəriyyətinin tələf olduğu da yaddaşlardadır. Belə olan halda, ölkəyə mütəmadi şəkildə cins heyvanların gətirilməsinin mümkün perspektivi varmı?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycana çoxlu sayda cins mal-qara gətirilməklə paralel, daha çox süd məhsulları idxal olunur. Ekspert südlük istiqamətdə ölkəyə cins mal-qara gətirildiyi və bu yöndə ciddi artım olduğu halda, həm də hər il əvvəlki illərlə müqayisədə daha çox süd və süd məhsulları idxalını paradoks adlandırır: “Südlük istiqamətdə cins mal-qara gətirilirsə, bu, özünü mütləq süd istehsalında göstərməlidir. Süd istehsalı artmalıdır, bu, mümkün olmursa, onda problemin kökünü axtarıb tapmaq lazımdır. Ölkəyə baha qiymətə iribuynuzlu cins mal-qara gətirməkdənsə, mövcud olan cins mal-qaranın tərkibini yaxşılaşdırmaq lazımdır. Bunun üçün keyfiyyətli toxum gətirməklə süni mayalandırma yoluyla yerli şəraitə daha tez uyğunlaşa biləcək cins mal-qara yetişdirmək mümkündür. Yəni, mövcud olan inəklərdən südlük istiqamətdə yeni cins alınar və bu da müsbət nəticə verər”.
Vahid Məhərrəmov qeyd edir ki, ölkənin yem potensialı çox zəifdir. Ekspertin sözlərinə görə, maldarlığı inkişaf eitdirmək üçün öncə yem bazası yaratmaq lazımdır. Mal-qaranın baş sayı artarsa, bu halda, məhsuldarlıq da artır. Lakin yem azalır və belə olan halda, xaricdən cins mal-qara gətirmək tamamilə məntiqdən uzaqdır.
Ekspert hesab edir ki, həmin mal-qaranın ölkəyə gətirilərək az yem şəraitində saxlanılması onların fiziki cəhətdən zəifləməsinə, məhsuldarlığın azaldılmasına səbəb olacaq. Bu il ölkədə yem istehsalının az olduğu şəraitdə heyvandarlıqda problemlər də yetərincədir. Bu məsələlərə diqqət çəkən Vahid Məhərrəmov qeyd edir ki, həmin problemlər həll olunmadan xaricdən baha qiymətə cins mal-qara gətirilməsi olduqca təhlükəli və yolverilməzdir. Hökumət isə buna yol verməklə düşünülməmiş addım atır.
Nigar