«Sülh Korpusu»nun fəaliyyətinin dayandırılması nəyə hesablanıb»
Fuad Qəhrəmanlı: «Sülh Korpusu»nun fəaliyyətinin dayandırılması Amerika ilə «soyuq müharibə» dövrünün başlanılması əlamətlərindən biridir»
ABŞ-ın “Peace Corps” (“Sülh Korpusu”) təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Corps” humanitar təşkilatının bundan sonrakı fəaliyyətinə ehtiyac görmədiyini bildirib “Biz təbii olaraq təəssüflənirik, ancaq ”Peace Corps” təşkilatına 11 il boyunca qapılarını açan Azərbaycan hökumətinə və xalqına minnətdarıq”, – deyən D.Hoqan, ABŞ ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.
Amerikalı diplomat, humanitar əməkdaşlıq mövzusunu son olaraq ötən həftə baş nazirin müavini Əli Həsənovla müzakirə etdiyini misal olaraq xatırladıb, qaçqınlara və məcburi köçkünlərə istiqamətlənən yardımların davam edəcəyini bildirib (“Bizim Yol”).ÿ
Qeyd edək ki, Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərən “Sülh Korpusu” proqramı ingilis dilinin tədrisi, Gənclərin Inkişafı və Iqtisadi Inkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərib. Elə Azərbaycandakı ilk proqramları da ingilis dilinin tədrisi ilə bağlı olub. Könüllülər 2003-cü ildən başlayaraq Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində ingilis dili müəllimləri kimi fəalliyyət göstəriblər. ÿ
“Peace Corps” Azərbaycanda fəaliyyəti dayandırılan ilk beynəlxalq təşkilat deyil. Daha öncə də ölkədə fəaliyyət göstərən xarici təşkilatlar, o cümlədən Qərb dairələri ilə qrant sazişləri əsasında əməkdaşlıq edən bir sıra QHT-lərin fəaliyyətinə son qoyulmuşdu. Məsələn, 16 illik fəaliyyətdən sonra Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağladı. Öncə bank hesabına həbs qoyuldu, daha sonra qapadıldı. Təşkilatın bağlanması ilə bağlı IREX-in Vaşinqton ofisinin yaydığı məlumatda deyilir ki, “nümayəndəliyin ləğvi barədə qərar bu il sentyabrın 30-da qəbul edilib”. Qərar qəbul edildiyi gün IREX Bakı ofisini boşaltdı.
IREX-dən əvvəl Azərbaycanda Milli Demokratiya Institutunun (MDI) fəaliyyəti məhdudlaşdırıldı, Azad Fikir Universiteti (AFU) ofisindən çıxarıldı, ondan əvvəl “Norveç Insan Hüquqları Evi”nın Bakı ofisi qapadıldı.ÿ
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, artıq xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürlər.
Daha sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazdığı məqaləsində Qərbi, özəlliklə Birləşmiş Ştatları ikili standartlarda, rəngli inqilablar hazırlamaqda, 5-ci kolon yaratmaqda ittiham etdi. Onun fikrincə, ABŞ rəngli inqilablar vasitəsilə özünü qane etməyən hökumətləri devirir.
Belə bir fikir var ki, baş verənlərin başlıca səbəbi Amerika ilə Rusiya arasında olan geopolitik qarşıdurma və bu qarşıdurmada Azərbaycanın Rusiyanın yanında yer almasıdır. Siyasi səbəblərdən Rusiya amilini nəzərə alan Azərbaycanın xarici siyasətdə Rusiyaya arxalandığı açıq hiss olunur.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyət artıq xarici donorların Azərbaycandakı fəaliyyətinin arzuolunmaz olduğu siyasətini bəyan edib. R.Mehdiyevin də məqaləsində bu məqamların əksini tapdığını deyən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət xarici donorlardan maliyələşən yerli QHT-lərə, o cümlədən beynəlxalq təşkilatlara xarici ölkələrin kəşfiyyat şəbəkəsi kimi yanaşır. Hakimiyyət bu təşkilatları ölkədə sabitliyi poza biləcək potensial təhdid mənbələri kimi təqdim etməyə çalışır: “O cümlədən ”Sülh Korpusu”nun fəaliyyətinə də eyni yanaşma var. Azərbaycan hakimiyyəti artıq bütün vasitələrlə ABŞ-la Azərbaycan arasında humanitar sahədə olan əməkdaşlığı maksimum məhdudlaşdırmağa çalışır. Elə bir təsəvvür, yanaşma var ki, sanki humanitar fəaliyyət adı altında ölkədə hansısa potensial destabilizasiya elementləri formalaşdırılmağa çalışılır. O baxımdan “Sülh Korpusu”nun fəaliyyətinin dayandırılması Azərbaycanın anti-Qərb kursunun, Amerika ilə “soyuq müharibə” dövrünün başlanılması əlamətlərindən biridir”.
F.Qəhrəmanlının qənaətincə, Azərbaycan hakimiyyəti bununla eyni zamanda onu göstərir ki, Qərblə əməkdaşlıqda maraqlı deyil. Əksinə bu əməkdaşlığa özünün gələcəyini təhdid edən, təhlükə altına alan qorxunc bir proses kimi baxır. “Amma hakimiyyət ABŞ-a nə qədər təhlükə mənbəyi kimi yanaşsa da, buna paralel olaraq Rusiyanı özünün himayəçisi kimi seçir. Hakimiyyət Rusiyaya bir sıra jestlər edərək, Moskvaya yaxınlaşma kursu götürür. ”Sülh korpusu”nun fəaliyyətinin dayandırılması hakimiyyətin anti-Qərb siyasətinin növbəti mərhələsidir. Çünki bu ABŞ ilə münasibətlərimizə təsir göstərən mənfi bir qərardır”.
Xəyal