«Vətəndaş cəmiyyətinə hücum Rusiyadakı proseslərin davamıdır»
«Ölkədəki demokratik qüvvələr irticaya qarşı bütün qüvvələrini səfərbər etməlidir»
Namizəd Səfərov: «Xədicə İsmayılın həm ölkə daxilindəki, həm də xaricdəki fəaliyyətinə görə ondan qisas alırlar»
Tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın qondarma ittihamla həbsi hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı basqılarının hələ də davam etdiyinin sübutudur. Heç şübhə yoxdur ki, X.Ismayıl məhz hakim ailə ilə bağlı reallaşdırdığı araşdırmalarının qurbanı olub. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Namizəd Səfərovla söhbətimizə baş verən bu hadisəyə münasibət öyrənməklə başlamaq qərarına gəldik.
– Xədicə Ismayılın vəkili Elton Quliyev bu həbsi olduqca dəqiq ifadə edib. Elton bu həbsi absurd adlandırdı. Həqiqətən də Xədicə Ismayıla qarşı ittiham absurddan da o yanadır, əsassızdır. Bu vaxta qədər Xədicə Ismayıla qarşı prokurorluq müxtəlif ittihamlar irəli sürürdü, onun həbsi üçün bəhanələr axtarırdı. Xədicə Ismayılın xaricə gedişinə məhdudiyyət qoyulmuşdu, ona qarşı müxtəlif bəhanələrdən istifadə edilirdi. Indi isə ona qarşı intihar həddinə çatdırmaqla bağlı ittiham irəli sürürlər. Digər tərəfdən, Xədicə Ismayıla qarşı çıxan şəxsin özünə qəsd etməsiylə bağlı iddia da tam sübuta yetirilməyib. Həmin şəxsin Xədicə Ismayıldan asılılığı yoxdur. Cinayət tərkibi o zaman yaranır ki, zərərçəkən şəxs bu və ya başqa formada ittiham olunan şəxsdən asılı olsun. Ya həmin şəxs deyilən müddətdə bu şəxsin işçisi olur və ya ər-arvad olurlar. O şəxsin isə Xədicə Ismayıldan heç bir asılılığı yoxdur. Bir müddət əvvəl də Xədicə Ismayıla qarşı hakimiyyət tərəfindən aparılan kampaniya da təsadüfi deyil. Xədicə Ismayılın həm ölkə daxilindəki, həm də xaricdəki fəaliyyətinə görə ondan qisas alırlar.
Bir dəli quyuya daş atdı…
– Qarabağ qazisi Zaur Həsənov intihar həddinə çatdırıldı və o, həyatına qəsd etdi. Amma buna görə heç kim məsuliyyətə cəlb olunmadı. Amma Xədicə Ismayılın işiylə bağlı dərhal operativ münasibət bildirilərək prokuror tərəfindən az qala ittihamlar səsləndirilməyə başlandı…
– Həqiqətən də adını çəkdiyiniz işə prokurorluq tərəfindən reaksiya verilməməsi, cinayət işinə başladılmaması həqiqətləri göstərir. Bu istiqamətdə yüzlərlə hüquqi fakt var. Bu baxımdan Xədicə Ismayıla qarşı irəli sürülən ittihamların qərəzli olduğu gün kimi aydındır. Bu faktları artıq ortaya gətirmək, sübut etmək vaxt itirməkdir. Bu bir dəlinin quyuya daş atmasına bənzəyir. Bundan sonra yüzlərlə ağıllı bu hadisənin əsassız olduğunu əsaslandırmağa çalışır. Onlar da kənardan baxıb sevinirlər ki, müxalifətin başını qarışdırdıq, bütün iş-güclərini atıb, həbslərlə məşğul olacaqlar. Qarabağ əlili öz etirazını açıq formada ifadə edirdi, buna məhəl qoyan olmadı. Zaur Həsənov daha sonra özünü yandıraraq həyatına son qoydu. Bundan başqa, ARDNŞ-in özünə qəsd edən əməkdaşı yazdığı kağızda intiharında təqsirli şəxslərin kim olduğunu göstərmişdi. Biz bu məsələni araşdırmışıq. Azərbaycanda hər gün orta hesabla iki-üç nəfər həyatına məhz başqalarının təsiri ilə son qoyurlar. Amma bu faktların heç biri araşdırılmır. Amma birdən-birə sağ-salamat bir şəxs Xədicə Ismayıla qarşı bu cür ittihamlar yağdırır. Bu sadəcə olaraq absurddur.
“Qanunlar bilərəkdən mürtəceləşdirilib”
– Hakimiyyət təmsilçiləri bəyan edirlər ki, ölkəmizdə hüquqi dövlət yaratmağa çalışırlar. Amma bu hüquqi dövlətin əsas atributları olan vətəndaş cəmiyyəti, vəkillik institutu, siyasi partiyalar sıradan çıxarılır. Bu istiqamətdə hakimiyyətin yürütdüyü siyasət dəyişməz olaraq qalmaqdadır. Bu siyasəti necə dəyərləndirmək olar?
– Azərbaycanda olduqca qəribə hadisələr baş verir. Əslində bu hadisələr Rusiyadakı proseslərin davamıdır. Qanunvericiliyin başına elə bir oyun açılıb ki, qanunlar mürtəce hala salınıb. Hazırda Vəkillər Kollegiyasının üzvlərinin sayı 700-750 nəfərdir. Heç kimi də bu quruma qəbul etmirlər. Gürcüstanda vəkillərin sayı Azərbaycandan iki dəfə azdır, qanunlar da yüksək səviyyədədir. Azərbaycanda isə insan hüquq və azadlıqları hər addımbaşı pozulur. Bu sahədə isə müdafiəni vəkillər həyata keçirməlidir. Siyahı üzrə olan 750 vəkildən 300-400 nəfəri praktiki olaraq fəaliyyət göstərmir. Yerdə qalan vəkillərin isə gözlərini qorxudublar. Sözünü deməyə cürət edən vəkilləri isə təqib edirlər. Dörd nəfər türmədə, digərləri isə kollegiyadan kənarlaşdırılıb. Bir sözlə, irtica hazırda tam hücumdadır. Qanunvericilikdə də mütərəqqi normalar sıradan çıxarılır. Azərbaycanda irticanın hücumu həm qanun, həm də insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması üzrə getməkdədir.
– Hakimiyyətin yürütdüyü repressiyaları dayandırmaq üçün vətəndaş cəmiyyətinin, gənclərin üzərinə hansı vəzifələr düşür?
– Ölkədəki demokratik qüvvələr irticaya qarşı bütün qüvvələrini səfərbər etməli və bir istiqamətə yönəltməlidir. Irtica heç nədən çəkinmədən insanları təqib edir, onları repressiyaya məruz qoyur. Sözünü deyən şəxslərin hamısı repressiyaya məruz qalır. Gənclər təşkilatları yürüdülən siyasətə qarşı durmaqda aktiv rol oynamalıdırlar. Demokratik qüvvələr tam səfərbər olunmalıdır ki, irticaya qarşı müqavimət göstərilə bilsin. Yoxsa hazırda ayrı-ayrı şəxslər tutulur, amma onların müdafiəsinin təşkili də çətinliklər törədir. Cəmiyyət hazırda siyasətdən kənar vəziyyətə salınıb. Toplumun gözü qorxudulub. Əhali öz hüquqlarını müdafiə etmək üçün ayağa qalxmır. Hamı gözləmə mövqeyi tutub, hamı qorxur. Fəal vətəndaşlara qarşı olan həbslər, təqiblər digər vətəndaşların gözünün odunu almağa hesablanıb. Insanların hüquq və azadlıqlarının təminatı bu formadadır.
“Hakimiyyət oğurluqla məşğuldur”
– Ramiz Mehdiyev son məqaləsində ölkədə baş verənlərə görə məsuliyyəti az qala Milli Şura və AXCP-nin üstünə yıxmağa çalışdı. Müxalifətə qarşı ənənəvi ittihamlar səsləndirildi. Bu cür yanaşmanı necə dəyərləndirmək olar?
– Azərbaycan hakimiyyəti törətdiyi əməlləri bir tərəfə qoyub, ancaq ölkədəki real vəziyyəti vətəndaşlara çatdıranları hədəfə alır. Hakimiyyət bu şəxslərə qarşı şər, böhtan yağdırmaqla məşğuldur. Azərbaycanda doğrudan da son illərdə hakimiyyətin atdığı addımlar, verdiyi bəyanatlar yalan və böhtan üzərində qurulub. Iqtidar açıq-aşkar cinayətkarlıqla məşğul olur. Hakimiyyət əhalinin gözü önündə oğurluqla, insanların hüquq və azadlıqlarını tapdalamaqla məşğuldur. Dövlətçilik üçün çalışan az-çox qüvvələri “ermənipərəst” adlandırırlar. Əksinə, hakimiyyətin bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Azərbaycanda insan hüquqları ən kobud formada pozulur. Sanki hakimiyyətdəkilər ermənilərdir və onlar türklərə divan tuturlar. Milli Şura toplantı keçirməyə məkan tapa bilmir, ancaq hakimiyyət Azərbaycanın sərvətlərini mənimsəyir, yüzlərlə qanunsuz binalar tikir. Hakimiyyət o qədər aqressivləşib ki, yalan dediyini bildiyi halda, buna görə utanmır.
– Ramiz Mehdiyev bəyan edir ki, telekanallarda intelektual verilişlərə yer yoxdur, həyatda əsas yaşam meyarı kimi pul, maşın, ev qəbul olunur, təhsildə elmi adlar alınıb-satılır. Bu cür durumun yaranmasına görə məsuliyyəti kim daşıyır?
– Hazırda müxalifət, Milli Şura hakimiyyətdə deyil. Qanunsuzluqlarla məşğul olan bir hakimiyyət əhalinin yüksək təhsil almasında maraqlı ola bilərmi? Əlbəttə ki, heç zaman. Hakimiyyət hüquqlarını bilməyən şəxsləri idarə etmək istəyir. Öz hüquqlarını bilən şəxslər həmişə haqqları uğrunda mübarizə aparır. Hakimiyyət maraqlıdır ki, Azərbaycan vətəndaşları hüquqlarını bilməyərək, onlar uğrunda mübarizə aparmasınlar. Azərbaycanda səhiyyə acınacaqlı durumdadır. Azərbaycanda xəstələrin sayı həndəsi silsilə ilə artır. Vətəndaşlara xidmət göstərən şəxsi klinikalar isə hakimiyyət təmsilçilərinə məxsusdur. Dərmanların da satışı ayrı-ayrı hakimiyyət təmsilçilərinin əlindədir. Maraqlıdır ki, hazırda Azərbaycanda sovet təhsilinə həsrətlə baxırlar. Bu da təhsilin acınacaqlı durumda olmasıyla bağlıdır. Bağçalardan başlamış, universitetlərə kimi sistem korrupsiya içərisindədir. Bütün bunlar cəmiyyətin gözü önündə baş verir. Amma hakimiyyət insanları qorxutduğundan hər kəs bunu açıq deyə bilmir. Baş verənləri olduğu kimi deyənlər isə təqiblərə məruz qalır.
“Azərbaycan Rusiyanın bir rayonu kimi fəaliyyət göstərir”
– Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyaya qarşı çıxır. Hakimiyyət açıq formada bəyan edir ki, Avrointeqrasiya onun maraqlarına uyğun deyil. Bunun müqabilində hakimiyyət Rusiya və Iranla münasibətlərini daha da dərinləşdirir. Amma maraqlıdır ki, Avropa ilə yaxınlaşmanın əleyhinə olan hakimiyyət məhz bu məkanda vəsaitlərini banklara yatırır, övladlarını Qərb universitetlərinə təhsil almağa yollayır. Bu təzadı necə qiymətləndirirsiniz?
– Hansı dəyərlərin onun üçün daha qiymətli olduğunu hakimiyyət gözəl başa düşür. Qərbə tam inteqrasiya hakimiyyət üçün bir neçə aspektdən təhlükədir. Çünki Qərb bu qədər sərvətin haradan əldə olunduğunun hesabını sora bilər. Amma Azərbaycan hakimiyyətinin Şimala can atdığı son zamanlar açıq şəkildə görünür. Azərbaycan Rusiyanın bir rayonu kimi fəaliyyət göstərir. Rusiyada hansı repressiv addımlar atılırsa, həmin addımın oxşarı Azərbaycanda təkrarlanır. Rusiya prezidentinin demokratik cəmiyyətin, demokratik dəyərlərin açıq formada üstünə getməsi bir müddət sonra Azərbaycanda da təkrarlanır. Bu isə siyasətlərin uzlaşmasıdır. O mənada hakimiyyət kimin qiymətli olduğunu çox gözəl bilir. Iqtidar əlindəki hakimiyyəti əldən verməmək üçün şimala arxayın olmalıdır. Ona görə şimala yönələn siyasət əsas təşkil edir.
– Gələn ilin martında Azərbaycanı bir neçə istiqamətdə sınaq gözləyir. Bura Avropa Birliyinin Riqa sammitini göstərmək olar. Bu sammitdə Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin növbəti mərhələsi ilə bağlı müzakirələr aparılacaq. Bundan başqa, gələn il həm parlament seçkisinin, həm də Avropa Olimpiya Oyunlarının keçirilməsiylə bağlı əlamətdardır. Gələn ildən gözləntiləriniz nədir?
– Hakimiyyətin Avropa Birliyi ilə yaxınlaşmada hər hansı müsbət addım atacağı gözlənilən deyil. Bunu yürüdülən siyasət deməyə əsas verir. Hakimiyyətin həm öz vətəndaşlarına, həm də Qərbə münasibətdə yürütdüyü siyasət göz önündədir. Hakimiyyət yenə ənənəsinə sadiq qalaraq seçki keçirmək niyyətindədir. Azərbaycan hakimiyyəti öz xoşuna demokratik islahatlar aparmaq niyyətində deyil.
Xəyal