İl ərzində 2 dəfə məhkəməyə verilən media orqanının fəaliyyəti dayandırılacaq
Ələsgər Məmmədli: «Bu addım həm Konstitusiyaya, həm də Avropa Konvensiyasına ziddir»
Azərbaycanda hökumət müstəqil medianı susdurmaq istiqamətində növbəti addımı atıb. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. Milli Məclisdən “trend”ə verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib. Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, məhkəmələrin əli ilə kütləvi informasiya vasitəsinə iki və ya üç dəfə xəbərdarlıq edilməsi çox asan işdir. Bununla belə, Arif Əliyev hesab edir ki, kütləvi informasiya vasitəsinin iki və ya üç dəfə məsuliyyətə cəlb edilməsi mövcud vəziyyətə heç bir ciddi təsir göstərməyəcək.
Media eksperti Ələsgər Məmmədli bildirir ki, kütləvi informasiya vasitəsinin bir il ərzində üç dəfə məsuliyyətə cəlb edilməsinin özü beynəlxalq hüquqa, həmçinin ölkə daxilində konstitusion normalara uyğun deyil: “Əslində, bu norma 6 mart 2009-cu il tarixdə qanunvericiliyə daxil edilib. Lakin bir fərq vardı – ”il ərzində iki dəfə” yox, 3 dəfə idi. Indi kəməri bir az da sıxmağa qərar verirlər.ÿ
Bu normanın daha öncə qanunvericiliyə salınması da, indi daha da məhdudlaşdırılması da Azərbaycanın qanunlarının tabe olduğu üstün hüquq normalarına ziddir. Azərbaycan dövləti Avropa Şurasına daxil olarkən Avropa Insan Hüquqlarına dair Konvensiyanı ratifikasiya edib, onun ölkədə birbaşa hüquqi qüvvəsini tanıyıb. Ayrıca, Konstitusiyanın 151-ci maddəsi Konvensiyanın qanunlardan üstün olduğunu qəbul edir. 2002-ci ildə ölkədə insan hüquq və azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya Qanunu qəbul edildi. Bunu vurğulamaqda məqsədim millət vəkillərinin diqqətini bu məqama çəkməkdir ki, nə Konstitusiyanın özündə, nə də Avropa Insan Hüquqları Konvensiyasında Kütləvi informasiya azadlığını məhdudlaşdıran əsaslarda “bir ildə 2 dəfə cərimələnmək”- şərti yoxdur”.
Ələsgər Məmmədli qeyd edir ki, Azərbaycan Konstitusiyası KIV-in fəaliyyətinin hansı hallarda məhdudlaşdırılması barədə müvafiq bilgilər verir: “Bu hallar Azərbaycan Konstitusiyasında da, Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsində də öz əksini tapıb. Söhbət, milli-təhlükəsizlik, dövlət sirlərinin, şəxsi həyatın, eyni zamanda ictimai asayişin qorunması hallarından gedir. Bundan artıq hansısa bir məhdudiyyətin gətirilməsi heç bir beynəlxalq və daxili hüquq normasında yoxdur. Kütləvi informasiya vasitəsi iki və ya bir neçə dəfə cərimələnərək cəriməsini ödəyibsə, faktiki olaraq cəzasını alıb. Bir hadisəyə görə cəza birdən artıq olursa, bu artıq cinayət və ictimai hüquq pozuntusu baxımından doğru yanaşma deyil və hüquqda, etmədiyi şeyə görə cəzalanmaqdır. Bu cür yanaşma Azərbaycanda ifadə azadlığının həddindən artıq məhdudlaşdırıldığı görüntüsü yaradır. Hətta bu, ölkəmizin beynəlxalq imicinə və medianın azad fəaliyyətinə ciddi təsir edən amildir”.
Nigar