Hicran Qasımova hələ də işgəncə verirlər ki, törətmədiyi cinayəti boynuna alsın
Sənan Daşdəmirov vəkilinə atasının siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib
Daim hakimiyyətin təqib və təzyiqlərinə məruz qalan AXCP üzvlərinə qarşı repressiyalar son vaxtlar daha da güclənib. Son bir neçə ay ərzində partiyanın 5 üzvü – Murad Ədilov, Seymur Həzi, Hicran Qasımov, Sənan Daşdəmirov və Asif Yusifli müxtəlif ittihamlarla həbs olunub. Azərbaycanda insanların əksəriyyətinin narkotiklə şərləndiyi hər kəsə bəllidir. Elə adıçəkilən cəbhəçilərdən üçü – Murad Ədilov, Hicran Qasımov və Sənan Daşdəmirov da narkotiklə şərlənib.
AXCP-nin həbsdə olan fəallarının durumunu öyrənmək üçün onların vəkillərilə danışdıq.
AXCP Sabirabad rayon şöbəsinin üzvü olmaqla yanaşı, həm də “Azadlıq” qəzetinin və peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşı olan Murad Ədilovun vəkili Yalçın Imanov “Azadlıq”a bildirib ki, Muradın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması barədə vəsatəti Nərimanov rayon məhkəməsi təmin etməyib. Məhkəmənin sözügedən qərarından apelyasiya şikayəti veriblər: “Yəqin ki, bugünlərdə şikayətə baxılacaq. Apelyasiya məhkəməsindən möcüzə gözləmirik, ona görə də Murad Ədilovun həbsi və məruz qaldığı işgəncələrlə bağlı ölkədaxili məhkəmə instansiyalarını keçib, Avropa Məhkəməsinə müraciət edəcəyik”.
AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı Seymur Həzinin vəkili Elton Quliyev bildirib ki, Seymurun durumunda heç bir dəyişiklik yoxdur: “Səhhətindən şikayəti yoxdur, əhval-ruhiyyəsi yaxşıdır”.
Vəkil onu da qeyd edib ki, Seymur Həzinin işi üzrə məhkəmə prosesi dekabrın 4-nə təyin olunub.
Naxçıvanda həbs olunan AXCP fəalı Hicran Qasımova gəlincə, partiyanın Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy deyir ki, Hicran Qurbanov həbs olunanda onun ailəsinə, yaxınlarına heç bir məlumat verilməyib, ona dövlət hesabına vəkil təyin olunub. Amma onlar heç vaxt həmin vəkili görməyiblər: “Bu günə qədər düşünürük ki, ailəsilə görüş verilməməsi Hicran bəyin içəridə işgəncələrə məruz qalmasıyla əlaqədardı. Ona qarşı saxta ittiham irəli sürüblər, işgəncə verirlər ki, törətmədiyi cinayəti boynuna alsın. Biz Naxçıvan hökumətinin müxalifətçilərə qarşı mövqeyini çox yaxşı bilirik. Düşünürük ki, ona hazırda da işgəncə verilir. Çünki bir aya yaxındı ki, ailəsilə görüş verilməyib. 10-15 gün bundan əvvəl bizə məlumat çatdı ki, içəridə ona hədsiz dərəcədə işgəncə verilib. Hələ də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvəqqəti saxlanma təcridxanasındadır.
Bildiyiniz kimi, ailəsinin görüş verilməsi ilə əlaqədar Daxili Işlər Nazirliyilə mübahisəsi olmuşdu, Hicran bəyin həyat yoldaşını və 75 yaşlı anasını həbs etmişdilər. 15 saata yaxın polis bölməsində saxlayıb, sonradan sərbəst buraxmışdılar. Ertəsi gün müstəntiq Hicran bəyin həyat yoldaşına zəng edib bildirmişdi ki, yemək aparıb verə bilərsiz. Həbs olunduğu gündən bu yana cəmi bircə dəfə ailəsilə telefonda danışmağa icazə verilib”.
AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin vəkili Azər Nağıyev bildirib ki, Sənan hələ də “bandotdel”də saxlanılır. Vəkil eyni zamanda, Sənana qarşı irəli sürülmüş ittihamın qurama olduğunu vurğulayıb: “Sənan Daşdəmirlinin həbsi, ona qarşı irəli sürülən ittihamlar quramadı. Atasının siyasi fəaliyyətilə əlaqədar həbs edildiyini düşünürük. Özü ilə bağlı bir məsələ olmadığı üçün ona heç bir işgəncə verilmir. Tez-tez görüşürəm, şikayəti yoxdur. Hələ də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır”.
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili olan Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev isə hələ ki, onunla görüşə bilməyib. Bu həftə görüşün baş tutacağı gözlənilir.
Bəyim Həsənli