Məncə, Batum Forumunda ortaya çıxan bəlli sonucu Ştrasser üzərindəki uğurdan sonra rejimin ən böyük uğuru saymaq olar. Birinci elə Ştrasserdən başlayaq. AŞ PA-nın ən prinsipial deputatlarından olan Ştrasser sonadək Azərbaycana buraxılmadı. Ştrasser siyasi dustaq sorunu ilə bağlı Azərbaycana gəlməyə çox çalışdı, ancaq kriminal-repressiv rejim onu ölkəyə buraxmadı. Onda Ştrasser: “Olsun, – dedi, – belədə mən uzaqdan uzağa bilgi toplamaqla AŞ PA -ya siyasi dustaq sıralaması verərəm. Ştrasser elə də etdi. Ancaq əliyevçi rejimin uğurla yürütdüyü KÜRÜ-DOLLAR diplomatiyası üzündən o sıralama səsvermədən keçmədi. Rejim adamları onda çox uğurla işləmişdilər.
Aradan bir neçə il keçib, kürü-dollar diplomatiyası ilə bağlı bir çox gizlinlər açılıb-ortaya tökülüb. Rejim adamları daha qabaqkı kimi effektli işlər görə bilmirlər. Üstəlik, ölkədə korrupsioner rejim repressiyaları yeni durum yaradıb – bütün Avropa konvensiyalarına qoşulmuş ölkə açıq-aydın diktatura metodları ilə yönətilməkdədir. Buna görə də dünənədək rejimlə yaxınlığa, hansısa ortaqlıqda bulunmağa çalışan bir sıra Avropa qurumları indi ən azı kürü-dollar diplomatiyasının obyektləri olaraq ad çıxarmamaq üçün siyasətlərində korrektələr etməli olurlar.
Rejimsə öz işindədir. Gerçək yurddaş toplumu adına nə varsa, demək olar, bütünlüklə yox edilib. Bunun yerinə rejimin özünün qrant verib yemlədiyi, “qara gün üçün” bəslədiyi “yurddaş toplumu”- “QHT”-lər yaradıb. Bu rejim “QHT”-sinin parlaq uğurunu biz yaxınlarda Praqada keçirilən toplantıda gördük. “QHT” adı altında o toplantıya qatılan Əhməd Şahidov siyasi dustaq sorunu ilə bağlı əliyevçi rejimin qarşılaşacağı qərarı gözdən salmaq üçün toplantının gedişindəcə Azərbaycana informasiya ötürdü: “Tollantı erməniyönlüdür, Xədicə Ismayıl burada ermənilərlə birgə Azərbaycana qarşı aksiya keçirir”. Şahidov toplumu inandırmaq üçün üzüdivara “erməni” şəkilləri də göndərmişdi. Şahidovun göndərdiyi informasiyanı birinci yayanlardan biri “Yeni Müsavat” qəzet-sayt yiyəsi Hacı Rauf Arifoğlu oldu. Informasiya tezliklə geniş yayıldı, Feysbuk tərbiyəsizləri Xədicə Ismayıla nələr yağdırmadılar! Sonra ortaya Xədicə Ismayıl özü çıxdı, yayılanın dezinformasiya olduğunu, şəkildəkilərin arasında erməni olmadığını bildirdi. Toplantını keçirənlər də işə qarışdılar. Di gəl, əlaltılarının əlilə rejim istədiyini etmişdi…
Batumda da oxşar olay yaşandı. Ancaq burada rejim Əhməd Şahidovu deyil, başqa bir adamını – Hacı Rauf Arifoğlunu qabağa vermiş, Praqada Şahidova ayırdığı rolu Batumda “Yeni Müsavat” qəzet-sayt yiyəsinə ayırmışdı. Tapşırıq-missiya, bəlli olduğu kimi, yerinə yetirildi: siyasi dustaq sorunu ilə bağlı Azərbaycana qarşı (gerçəkdə, rejimə qarşı!) qərar səsvermədən keçmədi. Bundan sonra, sözsüz, belə olacaq: rejim əlaltılarından formalaşdırılmış “QHT”-lər, başqa cür desək, pulyeyənlər, çoxluqda olmaqla rejimə qarşı səsvermələri-qərarları keçərsiz edəcəklər! Batum Forumunu keçirənlər də Hacı Rauf Arifoğlunun yaydığı dezinformasiya ilə bağlı açıqlama yaymalı olublar: “Bütün bunlar yalan bilgilərdir. Bu materialda (dezinformasiyada. – X.B.) ”People in Need” qurumundan olan, Forumun Yönətim Komitəsinin üyəsi Ivana Skalovanı ləkələyən bilgilər yer alıb. Biz bu olayı təkcə Forumun Yönətim Komitəsinə qarşı deyil, bütövlükdə yurddaş toplumu Forumuna qarşı yersiz hücum sayırıq…” Biz illərdir Rauf Arifoğli ilə qardaşının rejimə qarşı olanları ləkələyə-ləkələyə “hamı bizi ləkələməyə çalışır” kimi çığır-bağırını eşidirik. Budur, indi onlar dünya arenasına çıxırlar – Forumun Yönətim Komitəsinin açıqlamasında göstərildiyi kimi, Forum yetkililərindən olan “Ivana Skalovanı ləkələməklə”!
Batum Forumuna qatılmış vəkil Xalid Bağırovun bildirdiyinə görə, “Ermənilər üzərində qələbə” bayramı sərgiləyənlər tapşırıq yerinə yetirməklə Forumda rejimə qarşı qərar çıxarılmasına yol verməyiblər. Xalid bəyin dediyinə görə, qərarla bağlı səsvermədən öncə ermənilər Azərbaycanda baş verənlərdən soraqlı olduqlarından, başqa cür desək, suç keçisinə çevrilə biləcəklərindən dolayı düzgün taktiki gediş edərək səsverməyə qatılmayıblar. Buna baxmayaraq, uzun illərin dezinformasiya ustası olan Hacı Rauf Arifoğlu onları oyuna qatıb, ancaq… özünün tapşırıqla oynadığı oyuna!
…Uzun illərdir hər seçki qabağı Hacı Rauf Arifoğlu qəzetində rejimə altdan-altdan, yarıaçıq, yarıgizli qulluq etməklə yanaşı, ayrıca olaraq “yeniləşən komanda” nağılları da tirajlayır. Uzun illərdir. Son ikisi yaxınların nağılıdır. 2013-cü il seçkisi qabağı o, “Ilham Əliyevin prezident seçiləndən sonra komandasını dəyişib gənclərdən, korrupsiyaya bulaşmamış adamlardan yeni komanda yaradacağını” yazırdı. Hacı Rauf indi Ilham Əliyevin belə bir komandanı qarşıdan gələn parlament seçkisindən sonra yaradacağını yazır. Özünün vurğulamalarından, ona bütün bu materialların “mötəbər mənbədən” ötürüldüyü bəlli olur. Emin Milli ilə Adnan Hacızadə tutulanda “mötəbər mənbə” ona operativ olaraq tutulan hər iki gəncin “ABŞ casusu olduğunu” bildirmiş, o da bunu operativ olaraq qəzetində yayımlamışdı. Belə faktlar saysızdır, ancaq, başqaları bir yana, qəzetə bağlı bəlli partiyada da bu işləkləri illərdən bəri “görən, duyan” kimsə yoxdur. Bəlli olduğu kimi, belə GÖRMƏZLIK, DUYMAZLIQLAR da bir siyasətdir. Uğurlu gələcək baxımından Ölkənin belə siyasətlərdən itirməyinə baxmayın, ortada bir çox qazananlar da var…
Son olaraq. Ermənilər düşməndirlər, olsun. Ancaq nəyə görə “Azərbaycan prezidenti” adlanan Ilham Əliyev Qarabağda bir çox qırğınlarla yanaşı, Xocalı soyqırımını törətmiş, bir sıra faktlardan bəlli olduğu kimi, faktiki olaraq Azərbaycanın namusunu tapdamış terrorbaşı-prezident Serj Sərkisyanla sevinə-sevinə QUCAQLAŞARAQ görüşür? Baxın, hələlik son olaraq Parisdə sərgilənən belə bir qardaşcasına görüş Fransa kimi liberal-demokratiya ölkəsinin belə, diplomatlarını, jurnalistlərini çaş-baş qoymuşdu. Rusiya prezidenti D.Medvedev I.Əliyev-S.Sərkisyan başçılığında görüşlərdən danışarkən bu komandalar arasındakı DOĞMA yaxınlığı belə göstərmişdi: “Onlar qarşılıqlı olaraq çox asanlıqla istəyəndə ermənicə, istəyəndə azərbaycanca danışa bilirlər”. Belə bir komandanın başında duran adam çox asanlıqla da Azərbaycan müxalifətini “ermənipərəstlikdə”, “ermənilərə işləməkdə” suçlayır, onları dustaqlığa yollayır.
P.S. Ortada bir Petro Poroşenko praktikası da var. Ukrayna Prezident Pyotr Poroşenko o boyda Rusiyanın prezidenti Putinlə görüşməkdən faktiki olaraq üz döndərdi – Ölkəsinin düşməni kimi!