Bakı meri Hacıbala Abutalıbov bu sahəni itirə bilər
Nəqliyyat naziri Ziya Məmmədovla Bakı meri Hacıbala Abutalıbov arasındakı “parkomat savaşı”nın əhatə dairəsi böyüyür. Qeyd edək ki, ilk olaraq Nəqliyyat Nazirliyi Bakı Şəhər Icra Hakimiyyətinin fəaliyyətini kəskin tənqid edib. Bildirilib ki, “parkomatlar” nəqliyyatın hərəkətinə maneə yaradır. Bakı Şəhər Icra Hakimiyyəti də nazirliyinə tənqidinə sərt cavab verib.
Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) Xüsusi Təyinatlı Avtonəqliyyat Idarəsinin (XTAI) rəisi Həsən Abdullayev bildirib ki, onların ünvanına səsləndirilən ittihamları qəbul etmir: “Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var?”
Lakin bundan sonra Dövlət Yol Polisi parkomatlarla bağlı iradlarını bildirdi. Bu günlərdə isə rəsmi dövlət qəzeti “Azərbaycan”da, həmçinin ATV telekanalında Bakı Şəhər Icra Hakimiyyətinin fəaliyyəti kəskin şəkildə tənqid edildi.
Bəzi məlumatlara görə, “parkomat savaşı”ının böyüməsi bu sahəni ələ keçirmək uğrunda mübarizənin təzahürüdür. Iddialara görə, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi ilə yanaşı rayon icra hakimiyyətləri və bələdiyyələr də kifayət qədər gəlirli olan bu sahəyə göz dikiblər. Amma hazırda əsas mübarizənin Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər Icra Hakimiyyəti arasında getdiyi bildirilir. Bəzi mülahizələrə görə, savaşın əhatə dairəsinin böyüməsi Hacıbala Abutalıbovun məğlubiyyəti ilə nəticələnə bilər. Amma bundan sözügedən sahənin hansı qurumun tabeliyinə veriləcəyi söyləmək çətindir.