Noyabrın 25-də tutulan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Qarabağ əlili Asif Yusiflinin həbsindən apellyasiya şikayəti vermək mümkün olmayıb.
Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, Asif Yusiflinin hüquqlarını müdafiə edəcək vəkillə vaxtında müqavilə imzalamaq mümkün olmadığına görə apellyasiya şikayəti verilə bilməyib: “Ölkədə siyasi motivlərlə həbs olunan ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bir neçə vəkil var. Onların da hərəsi bir neçə adamın vəkilidir. Ona görə də vaxtında vəkil tutmaq mümkün olmadı və apellyasiya şikayəti verilə biləsi müddət keçdi”.
Asif Yusiflinin qardaşı Faiq Yusifli “Media forum” saytına bildirib ki, qardaşı hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. O qeyd edib ki, Asif Yusifli ilə görüşmək üçün noyabrın 28-də anası ilə birlikdə idarəyə gediblər: “Yemək, isti geyim aparmışdıq, görüşmək istəyirdik. Yeməyi, geyimi görürdülər, amma görüş vermədilər”.
Faiq Yusifli bildirib ki, qardaşının hüquqlarını müdafiə edəcək vəkil müəyyənləşib. Onun sözlərinə görə, apellyasiya müddətinə çatdırmasalar da, AXCP fəalının hüquqlarını vəkil Fəxrəddin Mehdiyev müdafiə edəcək.