«Partiya rəhbərliyini də hikkə və hədə ilə dolu çıxışlara son qoymağa çağırıram»
Müsavat başqanlığına keçmiş namizəd, partiyadakı narazıların lideri sayılan Qubad Ibadoğlu geri çəkilmək niyyətində deyil. O, bəyan edib ki, Müsavat Partiyasında Nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacaq və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacaq.
Qubad Ibadoğlu Müsavatda Məclis sədri və digər vəzifələrlə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən qeyd edib ki, yaxın zamanlarda heç bir seçkili orqanda vəzifə tutmaq niyyətində deyil.
“Mən Müsavat Partiyasına mənafe üçün deyil, məfkurə uğrunda mübarizə üçün gəlmişəm. Odur ki, istənilən təklifin müzakirəsini məqbul hesab etsəm də, yaxın gələcəkdə partiyada heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq niyyətində deyiləm. Indiki idarəçilik üsullarını və status-kvonun saxlanmasını səhv hesab etdiyimdən, onun dəyişdirilməsinə, partiyanın Nizamnamə normaları əsasında verilən dürüst və ədalətli idarə olunmasına çalışıram. Hazırda mənim üçün ən vacib məsələ son müşavirədə təqdim etdiyim Barışıq Naminə Təkliflər və oktyabrın 6-da partiya rəhbərliyinə verdiyim Müsavat Partiyasının işinin yenidən qurulmasına və gücləndirilməsinə dair Tövsiyələr Paketlərinin reallaşdırılmasıdır. Qarşı tərəfdən bu istiqamətlərdə müzakirələr gözləyirəm”, – deyə Qubad Ibadoğlu APA-ya açıqlamasında bildirib.
O həmçinin hər hansı partiya yaratmaq və ya başqa partiyaya getmək kimi bir istəyinin olmadığını da vurğulayıb. Eyni zamanda, Müsavat rəhbərliyini də hədə dolu çıxışlardan çəkinməyə çağırıb: “Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm. Tərəfdarlarıma bir daha müraciət edərək, onları partiyada qalıb yoluna davam etməyə, partiya rəhbərliyini də hikkə və hədə ilə dolu çıxışlara son qoymağa, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bəyan edirəm ki, idarəetmə səviyyəsindən asılı olmayaraq, Müsavat yeniləşməzsə, bu hakimiyyət də dəyişməyəcək. Odur ki, Müsavat Partiyasının sivil, şəffaf və demokratik partiyaya çevrilməsi üçün töhfələrimi əsirgəməyəcəyəm. Bu transformasiya dövründə əsas diqqətimi partiyadaxili demokratiyanın inkişafına yönəldəcək, Müsavatın yeniləşməsi üçün çalışacağam”.
“Osman Kazımov kimdir axı?..”
Müsavat Məclisinin üzvü Vurğun Əyyub isə partiya Divanının üzvü Osman Kazımovun onun barəsində səsləndirdiyi fikirlərə cavab verib.
“Osman Kazımov hüquqşünasdır, Müsavatın qurultayının necə legitim olmasını özü araşdırsın və sonra şərh versin”, – deyə Vurğun Əyyub “AzNews.az”a açıqlamasında bildirib.
Vurğun Əyyub Osman Kazımovu ciddi qəbul etmədiyini də qeyd edib: “Kimdir axı o? O bilir ki, kimdir…
Onların nə düşündüyü məni maraqlandırmır. Necə istəyirlər, elə də qərar versinlər. Onların qərarı da mənə maraqlı deyil”.
Osman Kazımov mətbuata açıqlamasında bildirib ki, Səxavət Əlisoy partiya üzvlüyündən xaric ediləndən sonra estafeti Vurğun Əyyub ələ alıb.
“İsa Qəmbər Müsavatı böhrana saldı”
“Müxalifətin yeganə sağ və bütöv qalan bir təşkilatı var idi – Müsavat Partiyası. Ki, əgər dəyişim olardısa, o, əsas aktyorlardan birinə çevrilə bilərdi. Hesab edirəm ki, başqanımız Isa bəyin yanlış qərarı nəticəsində o da krizisə girdi. Əminliklə deyirəm ki, o, getməməliydi, başqanlıqda qalmalıydı” – bunu isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu öz qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Isa Qəmbər lazım olmayan addımlar atıb: “Bizə başqanımızın demokratiya nümunəsi göstərməsi lazım deyildi, biz bu barədə ədəbiyyat oxumuşuq. Başqanımızın bizi hakimiyyətə gətirməsi lazım idi. Başqan olandan 21 il sonra ”ortaya nümunə qoyacağam” deyib, başqanlıqdan getməsi…bizə, mənə lazım deyildi”.
“Saxtakarlar fədakarlarla bir yerdə qala bilməz”
“Isa Qəmbərə təşəkkürümü bildirirəm ki, bizi Azərbaycan hakimiyyətilə iş birliyində günahlandırdı. Guya ki, biz, Müsavat Partiyasına xəyanət etmişik. Yaxşı ki, bizi Iran ETTELAT-ına, Rusiya KQB-sinə, Israil MOSSAD-ına işləməkdə günhalandırmadı. Buna görə çox sağ olsun”, – deyə Müsavat başqanlığına keçmiş namizəd, partiya rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndirən və bugünlərdə təşkilatdan xaric olunan Səxavət Əlisoy Isa Qəmbərin ittihamlarına cavab verərkən bildirib.
O, qeyd edib ki, yaxın günlərdə Azərbaycan ictimaiyyəti hər şeyin şahidi olacaq: “Məşhur mahnıda deyildiyi kimi, bir az da dözün. Tərəfimizdən Əsasnamə də hazırlanacaq, Nizamnamə də. Media üçün maraq doğuracaq və ictimaiyyəti sakitləşdirəcək addım atılacaq. Hər şey etmək mümkündür. Bizə xəyanətkar damğası vurulur. Guya, yerdə qalanlar fədakarlardı. Fədakarların saxtakarlarla birlikdə olması, göstərilən hədəflərə doğru davam etməsi mümkündürmü? Bu heç bir parametrdən düzgün deyil”.
“Müsavatda cəmi 10-15 nəfər narazı var”
Bu arada, Müsavat partiyasında başqanlıq seçkisinin nəticələrindən narazı qalan tərəf dekabrın 14-də keçiriləcək mitinqdə iştirakla bağlı hələ ki, qərar verməyib.
Narazılar bildirib ki, bununla bağlı məsələ Işçi Qrupun həftə sonu keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və ondan sonra qəti qərar veriləcək.
Məsələ ilə bağlı “AzNews.az”a açıqlama verən Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı iddia edib ki, Müsavatda heç bir narazı tərəf yoxdur: “Müsavatda narazı 10-15 nəfər var, onlar da yəqin mitinqə qatılacaq”.
Onun fikrincə, kimə səs vermələrindən asılı olmayaraq, hər bir müsavatçı partiyanın siyasətini dəstəkləyir və tədbirlərdə iştirak edir.