“Azərbaycan hökuməti demokratiyanın imitasiyasından da imtina etdi”
Arzu Abdullayeva: «Hakimiyyət Ukraynadakı Maydan hadisələrinin təkrarlanmasından qorxur»
Hüquq müdafiəçisi Arzu Abdullayeva Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən bu ölkədə vətəndaş cəmiyyətinin Avropa Ittifaqından gözləntilərindən danışıb.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva hesab edir ki, Avropa Ittifaqı Azərbaycanda vətəndaş cəmiyyətinə aktiv dəstək verməlidir. 25 ildir hüquq müdafiəçiliyilə məşğul olan Arzu Abdullayeva “Deutsche Welle”nin Azərbaycanda insan haqlarının hazırkı vəziyyəti barədə sualları cavablandırıb:
– Siz çıxışlarınızın birində bildirmisiz ki, Avropa Ittifaqı Azərbaycanın vətəndaş cəmiyyətilə kağız üzərində yox, real şəkildə əməkdaşlıq etməlidir. Avropanın bu cür tənqid olunması nə ilə əlaqədardır?
– Avropa bizim kimi ölkələrdə demokratiyanın ideal inkişafı kimi qəbul olunur. Avropa ölkələri – yaşayış səviyyəsi yüksək olar, sosial siyasəti olan, söz azadlığına hörmət edilən ölkələrdir. Amma Avropa institutlarının Azərbaycan hakimiyyətilə öz münasibətləri var və bu əməkdaşlıq iqtisadi və siyasi maraqlara əsaslanır.
Nəticədə, iqtisadiyyat və siyasət prioritet olur, insan haqları, demokratik hərəkatlara dəstək isə ikinci plana keçir. Lakin bizim bu dəstəyə çox böyük ehtiyacımız var. Bundan başqa, Avropanın qrantları elə adamlara və təşkilatlara ayrılır ki, onlar ölkədə vəziyyəti dəyişmək imkanına malik deyillər. Bu da ölkənin demokratik elitasında məyusluq yaradır.
– “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı bu ilin avqustunda azərbaycanlı hüquq müdafiəçiləri Leyla Yunus və Intiqam Əliyevin həbsini bu ölkədə müxalifətə, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı təqib dalğasının pik nöqtəsi adlandırdı. Növbəti repressiya dalğası gözlənilirmi?
– Düşünmürəm ki, yenə kütləvi həbslər olacaq. Əks halda, hökumət Insan Haqları üzrə Işçi Qrupun yaradılmasına razılaşmazdı. Mən də bu qrupun üzvüyəm. Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə yaradılan bu qrup dövlət strukturlarının təmsilçiləri və hüquq müdafiəçilərindən ibarətdir. Bu, son dövrlərdə Azərbaycanda insan haqları sahəsində yeganə müsbət haldır. Biz hər bir siyasi məhbusun taleyini müzakirə edirik. Müxtəlif mənbələrə görə, onların sayı 32 nəfərdən 90 nəfərə qədərdir. Artıq müəyyən irəliləyiş var, məsələn, Intiqam Əliyev tibbi müayinədən keçirilib. Insan haqları uğrunda talış təşkilatının rəhbəri Hilal Məmmədov isə qızının toyunda iştirak edə bilməsi üçün üç günlük həbsdən buraxılıb.
Hesab edirəm ki, Leyla və Intiqam məşhur olduğuna görə onları digər siyasi məhbuslardan ayırmaq olmaz. Bu ilin avqustunda 8 nəfər həbs olunub, onların arasında hüquq müdafiəçisi Rəsul Cəfərov da var. Biz çox çalışırıq ki, Leyla və Intiqam azadlığa çıxsın. Xüsusən, Intiqama görə çox narahatıq, çünki onun sağlamlığı çox zəifdir. Leylaya yazığım gəlir, onu həbs eləmək lazım deyildi. O, özünün parlaq və radikal bəyanatları ilə Qərbdə çox məşhurdur. Lakin o, dialoqun əleyhinədir. Mən bu mövqeni dəstəkləmirəm. Radikal olmaq cəmiyyət üçün faydalı olmaq demək deyil.
– Xüsusən son bir ildə ölkədə insan haqlarının vəziyyətinin daha da pisləşməsi nədən irəli gəlir?
– Bu, hakimiyyətin özünəgüvəni ilə əlaqədardır. Bu səbəbdən hakimiyyət, hətta demokratiyanın imitasiyasından da imtina etdi. Azərbaycan qısa müddətdə o qədər varlandı ki, indi hökumət heç kimin ona nəyisə diqtə etməyə ixtiyarı olmadığını düşünür. Bu zənginlikdən əhali minimum həddə nəsə əldə edir. Ölkədə korrupsiya şəxsiyyətin və azadlıqların inkişafına imkan vermir. Faktiki ölkədə mətbuat azadlığı yoxdur. Hakimiyyət mətbuatdan öz təbliğatı üçün istifadə edir.
Bundan başqa, Azərbaycan hökuməti Ukraynadakı Maydan hadisələrinin təkrarlanmasından qorxur. Əgər Avropa Ittifaqı Ukraynaya kifayət qədər dəstək versəydi, onu Rusiya ilə üzbəüz tək qoymasaydı, bəlkə bizim hökumət də Avropa Ittifaqı və Rusiya arasında balanslaşdırılmış siyasəti davam etdirərdi. Amma indi Rusiyanın təzyiq göstərəcəyi qorxusu güclənib. Həmçinin Qarabağ məsələsi də daim aktualdır.
– Azərbaycanda bir çox jurnalistlər bu ixtisası tərk edərək, daha çox qazanc, daha az risk olduğuna görə biznes sahəsinə üz tutur. Bu hal ölkədə söz azadlığı ilə bağlı durumu və Azərbaycan jurnalistikasının gələcəyinə necə təsir göstərə bilər?
– Bu gün jurnalistlərin özlərini internet-mediada realizə etmək imkanı var. Bir xeyli sağlam düşüncəli jurnalistlər var. Jurnalistlər maliyyə axtarır, amma vəziyyət son dərəcə narahatedicidir. Xüsusən, “Qrant haqqında” qanuna edilən son əlavə və dəyişikliklərdən sonra. Indi xarici donorların maliyyələşdirdiyi qrant layihələri yalnız hökumətin icazəsilə həyata keçirilə bilər. Bu, çox dəhşətli məhdudiyyətdir.
– “Eurovision” tipli beynəlxalq miqyaslı tədbirin keçirilməsi ölkədə insan hüquqlarının vəziyyətinə təsir göstərə bilərmi?
– Düşünmürəm. 2012-ci ildə “Eurovision” ölkəyə diqqəti cəlb edə bildi, amma daha çox turizm baxımından. Bir çoxları Azərbaycana səfər etdi, Bakıya heyran oldu, lakin bizim problemlərimizdən çox az adam xəbər tutdu. Hə, bir məsələ də var ki, onda problem indikindən xeyli az idi.
– Azərbaycanda vətəndaş cəmiyyəti bu gün nə dərəcədə güclüdür?
– Say baxımından o qədər də güclü deyil. Amma işləyib hazırladığımız təkliflər, hadisələrə reaksiya baxımından biz güclüyük. Bu sektorda “GONGO” adlandırılan hökumət yönlü QHT-lər, “MANGO” adlandırılan mafioz QHT-lər kifayət qədərdir. Biz bundan çox əziyyət çəkirik. Lakin nə vaxtsa Azərbaycan QHT-ləri daha koordinasiyalı idi.
– Azərbaycanda hüquq müdafiəçiliyi böyük riskdir. Nədən bu fəaliyyəti davam etdirirsiz?
– Problemləri həll etmək, ölkəmə və xalqıma yardım göstərmək istəyi var. Həm də adələtə inamım var. Biz çoxdan bu fəaliyyətlə məşğul oluruq və gedə bilmirik. Qorxu həmişə var. Lakin qərarların qəbulunda o, həlledici rol oynaya bilməz.