Hakimiyyət Lavrovu niyə bu siyahıya saldı?
Araşdırılma aparılsa, məlum olar ki, Azərbaycan hakimiyyəti milyonlarla insana “erəmnipərəst” adı verib. Bugün ölkə daxilində də yüzlərlə insan “erməni dəyirmanına su tökməkdə” ittiham edilir. Hətta, dünyanın müxtəlif yerlərindən Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirən şəxslər də bu “siyahı”ya salınıb. Bir sözlə, hakimiyyət onu tənqid edənlərin hamısını “erməni agenti” adlandırır.
Ancaq bu dəfə ermənilik kateqoriyasına gözlənilməz adlar daxil olmağa başlayıb. Ona görə gözlənilməzdir ki, hakimiyyət mənəvi və siyasi baxımdan yaxın olduğu adamları bu siyahıya salmır. Yəni Azərbaycanın ərazilərinin işğalına xeyir-dua vermiş, bütün fəlakətlərimizə “yaşıl işıq” yandırmış Rusiyanı ermənipərəst adlandırmazlar.
Lakin bugünlərdə hakimiyyətyönlü politoloq, Siyasi Innovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, Sergey Lavrov ermənidir: “Rusiyanın Xarici Işlər Nazirliyi və KTMT helikopterin vurulması ilə bağlı həqiqəti demədilər. Hətta KTMT baş naziri Bordyuja ”Azərbaycan və Qarabağ qoşunlarının təmas xətti” frazasından istifadə etdi. Rusiya Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Lukaşeviçdən başqa məzmunlu bəyanat gözləmək çox çətindir. Çünki Lukaşeviç birbaşa rəhbərinin, nazirinin milliyyətcə erməni olduğunu bilir. Indi həbsdə olan erməni milyarderi, Barak Obamanın dostu L.Ayrapetyanın Lavrovla yazışmalarının bir qismi açıqlandı. Bəlli oldu ki, əsl soyadı Kələntəryan olan Sergey Lavrov erməni ənənələrinə, dininə sadiqdir. Qəribədir ki, Rusiyanın xarici işlər naziri Lavrovun ailəsində rus dili işlək dil deyil. Ingilis dilinin işlək dil olduğu Kələntəryan-Lavrov ailəsində bəlkə də erməni dili rus dilinə nisbətən daha çox işlənir”- deyə Mübariz Əhmədoğlu bildirib.
Hakimiyyətin “sirdaş”larına qarşı belə kəskin ifadələrin işlədilməsi təsadüfi görünmür. Yəni Mübariz Əhmədoğlu hökumətimizi əsəbləşdirəcək fikir söyləməz. Belə çıxır ki, Rusiyaya qarşı belə münasibət hökumətin razılığı əsasında formalaşır.
Görünür, hakimiyyət bütün dövrlərdə Rusiyaya sığınsa da, hazırkı vəziyyətdə Rusiyanın perspektiv vəd etmədiyini də başa düşür.
Ona görə də bəzi məqamlarda özünü sığortalamaq üçün Rusiya əleyhinə də təbliğat aparılır.
Ekspertlər hesab edir ki, son dövrlər Rusiya ilə münasibətlərdə ciddi istiləşmə müşahidə olunurdu. Hətta, Azərbaycan xalqını təhqir etmiş Jirinovski Bakıda yüksək səviyyədə qarşılandı. Eyni zamanda Rusiyadan tez-tez nümayəndə heyətləri Bakıya səfər etdi. Ancaq görünür, bəzi məqamlarda tərəflər arasında razılıq əldə edilməyib və belə politoloqların dili ilə Rusiyaya münasibət ifadə olunur.
Digər tərəfdən, ekspertlər hesab edir ki, Rusiyaya qarşı dünyanın tutduğu mövqe, bu ölkənin üzü aşağı getməsi Azərbaycan hakimiyyətini də narahat edib. Və buna görə də həm Qərbin qəzəbini soyutmaq, həm də Rusiyanın taleyini yaşamamaqdan ötrü belə gedişlər edilir.
Görünür, dünyada gedən proseslərin yeni mərhələ yaratması hakimiyyətin də diqqətindədir və bu mərhələdə Rusiyanın məğlub duruma düşəcəyini proqnozlaşdıra bilirlər.
Akif