İqtidarın adamısansa toxunulmazsan, müxalifətçisənsə törətmədiyin cinayətin də cəzasını çəkməlisən
Xəbər verildiyi kimi AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli qondarma ittihamla həbs olunub. Nərimanov Rayon Məhkəməsi Asif Yusifli barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Dünən DIN Asif Yusiflinin həbsinin səbəblərini açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Asif Yusifli Fəridə Zülfüqarova adlı şəxsin 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Asif Yusiflinin həbsinin siyasi motiv daşıdığı, ittihamların qondarma olduğunu sübut etməyə ehtiyac yoxdur. O da digər müxalif fəalları kimi sadəcə şərlənərək həbs olunub. Hər halda Asif Yusiflinin sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etməsi hər kəsə bəllidir. AXCP-yə qarşı təzyiqlərin şiddətlənməsi də yeni xəbər deyil. Digər tərəfdən Asif Yusiflinin oğurlanaraq həbs olunduğu, gizli şəkildə məhkəməyə aparıldığı da belə düşünməyə əsas verir.
Amma tutaq ki, Asif Yusifliyə qarşı ittihamlar doğrudur. O zaman sual olunur ki, bəs niyə, məsələn, Bakı sakini Araz Yusifovun 7000 min manatı mənimsəyən Azərbaycanın BMT-dəki keçmiş səfiri Aqşin Mehdiyevin oğlu Samir Mehdiyev barədə tədbir görülmür? Araz Yusifov deyir ki, Samir Mehdiyev ona ABŞ-a getmək üçün viza düzəldəcəyini vəd edib. Bunun müqabilində ondan 7000 min manat pul alıb. Amma vədini yerinə yetirməyib. Araz Yusifov dəfələrlə Samir Mehdiyevin işlədiyi Ədliyyə Nazirliyinə, həmçinin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət edib. Amma heç bir tədbir görülməyib. Təkcə bu fakt göstərir ki, hakimiyyət vətəndaşlar arasında seçim edir. Iqtidarın adamı ol toxunulmazsa, amma müxalifətçisənsə törətmədiyini cinayətin də cəzasını çəkməyə məhkumsan.