Ali Məhkəmə qəzetin kassasiya şikayətini təmin etməyib
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla “Yeni Müsavat” qəzeti arasında məhkəmə çəkişməsinin Ali Məhkəmə mərhələsi başa çatıb. Ali Məhkəmə “Yeni Müsavat”ın Apellyasiya Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini “ayı qalmaqalı”na görə məhkəməyə vermişdi.
Yasamal Rayon Məhkəməsi nazir oğlunun iddiasını təmin edərək qəzetlərin təkzib verməsi və 4000 manat cərimələnməsi barədə qərar çıxarmışdı. Lakin tərəflər arasında əldə olunan razılaşmaya əsasən Nizami Rayon Məhkəməsi icraata xitam verilməsi barədə qərardad çıxarmışdı. Sonradan nazir oğlu “Yeni Müsavat”ı razılaşmanı pozmaqda ittiham edərək Nizami Rayon Məhkəməsinin qərardadından şikayət vermişdi. Məhkəmə şikayəti təmin etmişdi. “Yeni Müsavat” qərardan apellyasiya şikayəti versə də, birinci instansiyanın qərardadı qüvvədə saxlanmışdı. Qəzet də Ali Məhkəməyə üz tutmuşdu.
İnformasiya şöbəsi