Ukraynalı jurnalistlərin adları “qara siyahı”ya salınacaq
Hikmət Hacıyev: “İşğal olunmuş ərazilərinə razılığı olmadan edilən hər bir səfər qeyri-qanunidir”
“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə Azərbaycan Respublikasının razılığı olmadan edilən hər bir səfər qeyri-qanuni xarakter daşıyır və bu Azərbaycanın dövlət sərhədi haqqında qanunun pozulmasıdır”. Bu sözləri ANS PRESS-ə açıqlamasında Azərbaycan Respubliaksı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hiklmət Hacıyev bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən Ukraynanın 1+1 televiziya kanalının əməkdaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynadakı səfirliyinə təlimat verib. “Bu hadisə Ukranın rəsmi orqanları, o cümlədən Ukraynanın Xarici İşlər Nazirliyi vasitəsilə də araşdırılır”, – deyə o əlavə edib.
O həmçinin qeyd edib ki, həmin jurnalistlərin kimlikləri və vətəndaşlıqları müəyyən edildikdən, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri rəsmi orqanlar vasitəsilə bir daha təsdiqləndikdən sonra onlar Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl ukraynalı jurnalistlər Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağ ərazisinə səfər edib və Qarabağ haqqında veriliş hazırlayıblar. Noyabrın 23-də yayımlanan proqramda azərbaycanlıların buradakı erməniləri qəddarlıqla öldürməsi, abidələri dağıdılması bildirilib.