Qərb liderləri Putini yeni sanksiyalarla hədələyir
Rusiya ilə Qərb arasındakı gərginlik dərinləşməkdədir. Rusiyanın yürütdüyü aqressiv siyasətdən əl çəkməməsi Moskvaya qarşı tətbiq olunan sanksiyaların daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. Artıq Qərb liderləri bu istiqamtdə hansı addımları atacaqlarını bəyan ediblər.
NATO Rusiyanın Krımda güclənməsindən narahatdır
NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlov xəbərdarlıq edib ki, Rusiya Ukraynadan ilhaq etdiyi Krım yarımadasını hərbiləşdirməklə bütün Qara dəniz üzərində nəzarəti ələ ala bilər. Kiyevdə çıxış edən NATO generalı deyib ki, Rusiyanın Krımda quraşdırdığı hərbi avadanlıq və bura gətirdiyi texnika miqyasına görə “demək olar bütün Qara dənizə” nəzarətə hesablanıb.
30 qırıcıdan 14-ü artıq Krımdadır
Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, Krıma, burada yerləşdiriləcək 30 təyyarədən ibarət eskadriliya üçün artıq 14 qırıcı gətirilib. Mətbuat xəbər verir ki, Krımın Belbek hərbi hava bazasında yerləşdirilən qırıcı təyyarələr Krasnodar hərbi dairəsinin bazalarından gətirilir. General Bridlov həmçinin bəyan edib ki, Ukrayna ərazisində çox sayda Rusiya hərbçisi var və onlar separatçıların təlimləndirilməsində və onlara taktiki yardım göstərilməsində iştirak edirlər.
Moskva isə öz növbəsində Ukrayna ərazisində Rusiya əsgərlərinin olması barədə iddiaları təkzib edir.
Merkel Rusiyaya yeni sanksiyaların tətbiqini qaçılmaz sayır
Bu arada Almaniya kansleri Angela Merkel Bundestaq qarşısında çıxış edərkən Rusiyanın Ukraynaya qarşı təcavüzünü sərt şəkildə tənqid edib. “Rusiyanın Donetsk və Luqanskdakı döyüşlərdə birbaşa və ya dolayısı ilə iştirakına, Krımın ilhaqına heç bir vəchlə haqq qazandırmaq olmaz», deyə Merkel vurğulayıb.
Merkel deyib ki, Rusiya Avropadakı dinc asayişi sual altına alır və beynəlxalq qanunları tapdayır. O əlavə edib ki, şərqi Ukraynada davamlı sülhün bərqərar olması çətin məsələdir və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması qaçılmaz olacaq. Təhlilçilərin fikrincə, kansler Rusiyaya qarşı yumşaq davranış taktikasının fayda vermədiyinə əmin olub.
Merkel Putindən niyyətini açıq deməyi tələb edib
Britaniya mətbuatı yazır ki, Böyük 20-lərin bu ayın ortalarında Avstraliyada keçirilmiş sammitindən əvvəl Merkel Putinlə tam təkbətək, yəni tərcüməçilərsiz söhbət edib. Bəzi məlumatlara görə, Merkel Putindən Ukraynadan və digər keçmiş sovet ölkələrindən konkret nə istədiyini açıq deməsini tələb edib. Almaniya nümayəndə heyətindəki mənbədən alınmış məlumata görə həmin söhbət olduqca əsəbi başa çatıb. Reuters agentliyi bildirir ki, söhbət zamanı Putin tam müdafiə və özünü təmizə çıxarma mövqeyi tutub.
Moskvanı yola gətirmək səyləri tükənib
Almaniya nümayəndəsi bildirib ki, Moskvanı yola gətirmək cəhdlərinin ehtiyatı tükənib. Berlin rəsmilərinin fikrincə, hazırda Moskva mümkün sanksiyaların bloklanması üçün İtaliya, Slovakiya və Macarıstana təzyiq göstərir. Almaniya hökumətindəki mənbələr bildiriblər ki, separatçıların Mariupolu zəbt edəcəkləri təqdidə bütün oyun qaydaları dəyişə bilər.
“Bizim siyasət vasitəsi kimi müharibəni tam istisna etdiyimizi deməyimiz o mənaya gəlmir ki, bizimlə istənilən cür davranmaq olar”, deyə Merkel vurğulayıb. (azadliq.org) Buarada ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Viktoriya Nuland bildirib ki, ölkəsinin Rusiyaya qarşı sanksiyaları aradan qaldırmasının əsas şərti Krımın Ukraynaya qaytarılmasıdır.
Putin Poroşenkonu hədələdi
Rusiya prezidenti Vladimir Putin isə Rusiyanın üzləşdiyi sanksiyaların yaratdığı çətinliklərə baxmayaraq Ukraynaya təzyiqlərini dayandırmır. Putin Ukrayna prezidenti Pyotr Poroşenko ilə baş tutan telefon danışığında onu hədələyib. Putin Poroşenkoya bildirib ki, əgər onun ölkəsi Avropa Birliyinə və NATO-ya üzv olmaqdan imtina etməzsə, açıq şəkildə yeni hücum edəcəyi ilə hədələyib.
Putin Poroşenkonu qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanımayacağı halda da müharibə hədəsi səsləndirib. Ukrayna KİV-lərində yayılan məlumatlarda qeyd edilir ki, noyabrın 26-da Poroşenko telefonla saat yarımdan çox Putinlə danışıb, Poroşenko bundan sonra fraksiyanın iclasına qatılıb. “Pyotr Poroşenkonun Bloku”nun başa çatmasını gözləyən jurnalistlər Prezident Administrasiyasından Rusiyanın bu ölkədəki səfiri Mixail Zurabovun çıxdığını görüblər. “Rusiya ilə problem var-onlar yeni hücumla hədələyir və separatçı respublikaları tanımağı, eləcədə Avropa İttifaqına və NATO-ya üzvlükdən imtinanı tələb edirlər”, – Prezident Administrasiyasındakı mənbə belə deyib.
«Qərb sona qədər Rusiya imperiyası ilə mübarizə aparacaqdır»
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qərbdən gələn xəbərdarlıqlar bir daha sübut edir ki, demokratik dünya Krımın işğalı ilə barışmaq niyyətində deyil. Çünki Qərb Rusiyanın bu addımı ilə barışarsa bu, Ukraynanın işğalının dəstəyi olardı: «Qərb Ukraynaya Krımdan çəkilməyi məsləhət verə bilməz. Qərb sona qədər Rusiya imperiyası ilə mübarizə aparacaqdır. Çünki Qərb Rusiyanın əvvəlki aqressiv addımlarına göz yumub. Azərbaycanın 20 faiz torpaqlarının işğal olunması buna misal sayıla bilər. Qərb ona görə Rusiyanın üstünə bu məsələdə ciddi getmədi ki, sovet imperiyası yeni dağılmışdı. Ümid var idi ki, rus imperiyası tamamilə dağılsın. Abxaziya və Osetiyanın işğalına gəlincə isə Qərb bu iki qurumun müstəqilliyini tanımayıb. Amma Rusiyanın bu addımları onu deməyə əsas verirdi ki, növbəti mərhələdə Kreml daha aqressiv siyasətə keçəcək. Ona görə Qərb Rusiyanın bu addımlarına hazır idi. Hazırda verilən bəyanatlara və qarşıdurmaya ciddi yanaşmaq lazımdır. Bu qarşıdurma bütün səviyyələrdə olacaqdır. Bu qarşıdurma bütün sahələrdə davam edəcək».
«Ukrayna Rusiyanın növbəti həmləsinə hazır olmalıdır»
Putinin Poroşenkonu hədələməsinə gəlincə isə, V.Quluzadə düşünür ki, Ukrayna Rusiyanın növbəti həmləsinə hazır olmalıdır. Amma gərək bu tip hədələr Poroşenkoya təsir etməsin. «Çünki Ukrayna NATO-ya daxil olmasa Rusiya onu əzəcək. Ona görə Ukrayna referendumunu keçirib NATO-ya daxil olmalıdır. Amma növbəti mərhələ artıq Rusiya üçün arzuolunmaz olacaq. Çünki Qərb Rusiyaya qarşı təzyiqlərini daha da artıracaq».
Xəyal