Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilmir; ekspertlər isə bunun təhlükəli olayların anonsu kimi qiymətləndirir
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən məsciddə yanğın baş verib. Hadisə noyabrın 26-sı gecə saatlarına təsadüf edib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi ərazisi 300 kv. Olan məscidin 5 km.m-də xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Alov qısa vaxt ərzində söndürülüb. Sözügedən məsciddə əsasən vəhhabilər toplaşır.
Məscidinin hansı səbəbdən yanması haqda hələ də hər hansı rəsmi informasiya yoxdur. Fəaliyyəti dayandırılan “Əbu Bəkr” məscidinin rəhbəri Qamət Süleymanov isə yanmış məscidin imamına istinadən məscidin yandırıldğını deyib. “Qarçuxurda gərginlik var idi, iki məzhəb arasında gərginlik yaşanırdı, əhli-sünnə tərəfdarları artırdı, bu da gərginliyə səbəb olurdu”, – deyə Qamət Süleymanov bildirib.
O qeyd edib ki, təhlükəsilik kamerlarına baxılsa, bu işi kimlərin törətdiyini üzə çıxarmaq mümkün olar. Qamət Süleymanov bildirib ki, kimlərsə məscidin şüşələrini sındıraraq içəriyə yandırıcı maddələr atıb, bina alovlanıb, yanğının qarşısı yanğınsöndürənlərin köməyi ilə alınıb.
Amma Qamət Süleymanov yanğına səbəb kimi tərəflərin bir-birinə münasibətini göstərib. “Haqqında danışdığım dini əsaslı gərginliyi aradan qaldırmaq üçün məscidləri ayırmaq lazımdır, tərəflər bir yerdə namaz qıla bilməzlər”, – Qamət Süleymanov bildirib.
O bu gərginliyin səbəbinin minilliklərə dayandığını və bunun sirr olmadığını söyləyib. Onun fikrincə, tərəflər bir yerdə namaz qılanda danışıqları, münasibətlərilə bir-birində qıcıq yaradırlar. Qamət Süleymanov Qaraçuxurda əhli-sünnə üçün məscidin tikilmədiyi halda namaz qılmaq üçün Bakının mərkəzində Ilahiyyat məscidinə axışacaqlarını proqnozlaşdırıb.
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məscidə hücum olması, yandırılması haqda yayılan xəbərləri yalan və əsassız adlandırıb.
O bildirib ki, məscidin gözətçisi gecə Suraxanı Rayon Polis Idarəsinin 32-ci bölməsinə müraciət edərək 2 nəfər tanımadığı şəxsin məscidin girişinə salınmış xalçaya od vurub qaçdığını bildirib. Onun kiçik bir hissəsi yanıb ki, bunu da gözətçi özü söndürüb. 32-ci polis bölməsinin əməkdaşları gözətçinin müraciətini araşdırırlar.
Qafqaz Müsəlmanları Idarəsi (QMI) də məsələyə münasibət bildirib. QMI-nin mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilir ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində bağlı heç bir problem yoxdur.
QMI-dən bildirilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur: “Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra hadisəyə öz mövqeyimizi bildirəcəyik”.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya deyib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq. “O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək.
Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq”.
Ekspertlər hesab edir ki, bu hadisə sıradan bir olay deyil. Onların fikrincə, indiki mürəkkəb geosiyasi vəziyyətdə Bakıda məscid yandırılması təhlükəli olayların anonsu sayıla bilər. Bu baxımdan müvafiq dövlət qurumları məsələni ciddi araşdırmalı gözlənilən təhlükələrin qarşısını almaq üçün səylərini artırmalıdır.