Bu da bunların “Qarabağ sevgisi”. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli dünəndən oğurlanmışdı, yoxa çıxmışdı. İndi məlum olur ki, Asif bəyi də oğurlayan dövlət orqanları olub. Ona qarşı da hansısa cinayət işi düzüb –qoşublar. Həbs ediblər Asif bəyi. Ali hüquq təhsilli Asif Yusifli Qarabağ savaşına könüllü getmişdi. İndi ölkəni yönəldənlərin hərəsi bir tərəfdə fərarilik edəndə Asif bəy əlində silah Qarabağ üçün savaşırdı. Bu savaşda yaralandı, bədəninin bir parçasını torpaq uğrunda savaşda itirdi. Asif bəy Qarabağ savaşından sonra da hər zaman haqqı pozulanların yanında olub. AXCP Rəyasət Heyəti üzvü kimi haqsız, ədalətsiz, saxtakar rejimlə mübarizənin ön xəttində olub. Hüquqşünas kimi də yüzlərlə, minlərlə hüququ pozulan soydaşımızın hüquqlarını qoruyub. Qarabağ qazisi olaraq hökumətin Qarabağ qazilərinə və veteranlarına biganə münasibətinə etiraz edib. Və nəhayət, bu gün vətən qarşısındakı bu xidmətlərinə görə şərlənərək, həbs olunub. Asif bəy düşmənlə savaşdan mərdliklə çıxmış bir igiddir. Əminəm ki, bu yolda çoxlu məhrumiyyətlər yaşasa da, sonda ölkəmizin taleyi uğrunda apardığı mübarizədən də qələbə ilə çıxacaq.