Problemli kreditlərlə bağlı kütləvi həbslər gözlənilir
Azərbaycanda vətəndaş-bank münasibətləri kifayət qədər gərginləşib. Banklardan kredit götürən, lakin ödəyə bilməyən vətəndaşlar barəsində sərt tədbirlər görülməyə başlanıb. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, problemli kreditlərlə bağlı kütləvi həbslər gözlənilir.
Bildirilir ki, problemli kreditlərlə bağlı yüzlərlə məhkəmə çəkişməsi var və bank sahibləri krediti ödəyə bilməyən vətəndaşları bağışlamaq niyyətində deyil. “Güman ki, kütləvi həbslər olacaq. Bu addımla kredit borcu olan minlərlə vətəndaşı qorxutmaq və onların hansı yolla olursa olsun krediti ödəməsinə nail olmaq istəyirlər. Onu da qeyd edim ki, problemli kreditlər 100 milyon manatlarla ölçülür. Bəzi iddialara görə, bu məbləğ 1 milyarda yaxındır”, – deyə banklardakı mənbələr deyir.
Onu da qeyd edək ki, Azərbacanda banklar hakimiyyətdəki məmur oliqarxların nəzarətindədir. Görünür, neftin ucuzlaşması oliqarxları hərəkətə gətirib. Onlar istənilən yolla vətəndaşlarda olan pullarını geri almaq istəyirlər. Hətta bu kütləvi həbslər hesabına olsa belə.