Əli Hüseynov Avropa Məhkəməsinin qərarlarını təhrif edir
“Avropa Insan Haqları Məhkəməsi kiminsə azadlığa buraxılması ilə bağlı qərar çıxara bilməz. Buna görə də AIHM-nin Azərbaycanla bağlı qərarlarını siyasi baxımdan yozmaq düzgün deyil”.
Bunu YAP-dan olan deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AzadlıqRadiosuna bildirib. O, Avropa Insan Haqları Məhkəməsinin (AIHM) keçmiş səhiyyə naziri Əli Insanov və REAL Hərəkatının sədri Ilqar Məmmədovla bağlı çıxardığı qərarları mütləq saymır: “AIHM növbəti instansiya məhkəməsi deyil ki, əvvəlki qərarları ləğv edib, son qərar versin. Bunu hüquqşünaslar da, bəzi siyasiləşmiş vəkillər də yaxşı bilir. Ancaq buna baxmayaraq, nədənsə belə şərh edirlər ki, AIHM qərar çıxarırsa, həmin andan kimsə azadlığa buraxılmalıdır. Əslində, Avropa Məhkəməsi milli məhkəmənin baxdığı işdə pozuntunu müəyyən edir və bundan sonra o qərarın icrası ilə bağlı yerli prosedurlar ilə düşür. Azərbaycan hakimiyyəti AIHM-nin çıxardığı qərarların icrası ilə bağlı bütün addımları atır. Bunlarla bağlı, o cümlədən Əli Insanovla bağlı yenidən bir məhkəmə prosesi həyata keçirilib. Məncə, bu məsələdə mətbuat da bir qədər spekulyasiya edir”.
AIHM 2013-cü ilin martında Əli Insanov, ötən ay isə Ilqar Məmmədovla bağlı qərar çıxarıb. Əli Insanovla bağlı qərarda Avropa Konvensiyasının 3 və 6-cı maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğu qeyd olunub. Konvensiyanın 3-cü maddəsində işgəncəyə məruz qalmama, 6-cı maddəsində isə ədalətli məhkəmə araşdırması hüququ nəzərdə tutulur. Ilqar Məmmədovla bağlı qərarda isə Konvensiyanın 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun pozulduğu təsdiqlənib. Eyni zamanda qərarda vurğulanıb ki, Ilqar Məmmədovun həbsi üçün yetərincə sübut ortaya qoyulmayıb.
Əli Hüseynli iddia edir ki, AIHM kiminsə azadlığa buraxılması barədə qərar çıxara bilməz. Görünür, YAP-çı deputat Eynulla Fətullayevlə bağlı qərarı oxumayıb. “Eynulla Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarda onun məhz azadlığa buraxılması tələbi əksini tapmışdı.
Əli Insanovla Ilqar Məmmədova gəlincə, onlar barədə çıxarılan qərar da faktiki olaraq azadlığa buraxılmanı şərtləndirir. Əgər qərarda şəxsin ədalətli mühakimə olunmadığı, həbsi üçün yetərli sübutların olmadığı vurğulanırsa bu o deməkdir ki, həmin şəxslər həbsxanada olmamalıdır. Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırsa, bu başqa məsələ.