İndi də AXCP-nin səhifələrini oğurlayırlar
Əli əyriliyə vərdiş etmək çox pis şeydir. Dünən bir şokalad oğurlayırsan, bugün mağazanı yarırsan, sabah da ayılırsan ki, amansız oğruya çevrilmisən. Hakimiyyətin fəaliyyət prinsipi də məhz bu istiqamətdədir. Əvvəlcə xırda əşyaları oğurlayırdılar, indi ölkənin sərvətlərini oğurlayırlar. Artıq 20 illik oğurluqdan sonra neftimiz də qurtarır. Yəni əli oğurluğa öyrəşənlər “işsiz” qala bilər. Ona görə də “alternativ” oğurluqlara əl atıblar. Belə ki, cəbhəçilərin özlərini, ailə üzvlərini oğurladıqdan sonra, indi də “facebook” profillərini, “facebook”dakı səhifələrini oğurlayırlar.
Bir neçə gün öncə “Azərbaycan xalq cəbhəsi partiyası” və “AXCP Qadınlar Şurası” səhifəsini ələ keçiriblər. Öz düşüncələrinə görə, cəbhənin virtual qərargahlarını işğal ediblər. Daha anlamırlar ki, hər bir cəbhəçi canlı qərargahdı və fikirlərini ifadə etmək üçün yazacaqları yerlər hələ də var.
Bu yazını yazmaqda məqsədimiz oğruları ifşa etmək və səhifələrin qaytarılmasını tələb etmək deyil. Onsuz da hökumətin oğurlamaq qabiliyyəti hamıya məlumdur. Sadəcə olaraq bu real və virtual oğrulara bir neçə məsləhət vermək istəyirik.
Qeyd edək ki, “humanist oğrular” oğurladıqları səhifələrdə paylaşım etməyi də unutmurlar. Öz aləmlərində səhifənin kontingentini oyatmaq istəmirlər. Guya, AXCP-nin “facebook” səhifəsini “əl izi” qoymadan, peşəkarcasına işğal ediblər. Görünür, “lazım” Qarabağa gedib çıxa bilməsə də, cəbhənin səhifələrinə çatıb və işğal edib. Qarabağ qələbəsini dada bilməyənlər, virtual “işğal”dan zövq alırlar.
Qayıdaq məsləhətimizə. Deməli, hökumətimiz cəbhənin ələ keçirilmiş səhəfələrini işlətməyə davam edirlər. Ancaq çox qeyri-peşəkarcasına istifadə edirlər. Eyni statusu hər 2 oğurlanmış səhifədə paylaşırlar. Hərf səhvlərinə yol verirlər. Belə olmaz, cənablar. Bir halda ki, bizim səhifələri işlətməkdə həvəslisiniz, biraz işgüzar olun.
Biz başa düşürük, bu səhifələrdə həqiqəti yazmaq lazımdır. Sizin qələminizin mürəkkəbi isə yalan üçün proqramlaşdırılıb.
Əgər işlədə bilməyəcəksinizsə, niyə oğurlayırsınız? Milyardlarla neft pullarını da xalq üçün işlədə bilmədiniz, indi də tükənir. Cənablar, bu səhifələri işlətmək məqsədilə oğurlamısınızsa, yaxşı eləmisinz. Amma səhifələrə qarşı belə ədalətsiz olmayın. Bundan bir şans kimi istifadə edin və hökumətinizin “mərifət”lərini ictimailəşdirin. Iki gün öncə Naxçıvanda oğurlanan Hicran bəyin anasının və həyat yoldaşının həbs olunması ilə bağlı xəbəri paylaşın. Bəlkə, cəbhənin səhifəsindən paylaşdığınız xəbərlər sizi islah etdi.
Bir də sizdən bir xahişimiz var. Milyardlarla pulunuz var. Hərdən bizdən oğurladığınız səhifələrə reklam yerləşdirin. Imkan yaradın ki, səhifədəki materialları görənlərin sayı artsın.
Axır ki, hökumətdən bir neçə nəfəri işə götürdük. Indi, YAP hökumətinin “könüllü”ləri bizim səhifələri işlədir.
Akif
P.S Yaxşı işlətsəniz, başqa səhifələr də verərik.