O, səlahiyyət sahiblərinə səslənir
Veronika Viktorovna Tarbayeva adlı şəxs “Azadlıq”a müraciət edərək problemini dilə gətirib. O, hələ ötən il mətbuat vasitəsilə müraciət edərək 2012-ci ilin 5 sentyabrında köşkünün içindəki mallarla birgə oğurlanması barədə məlumat verib:
“Bununla bağlı 177.3.2-ci maddə ilə cinayət işi açılmışdı. 2014-cü ilin fevral ayında oğurlanan mallarıma görə pul ödəniləndən sonra cinayət işi bağlandı. Ancaq cinayət işi açılanda Ticarət Departamentindən deyirdilər ki, onlar heç nə oğurlamayıb. Cinayət işi açılandan il yarım sonra hissə-hissə olsa da, pullarımı qaytardılar. Ilk beş min manatı 2013-cü ilin dekabrın 6-da qaytardılar.
Bakı Şəhər Polis Idarəsində işi aparan müstəntiq Elnur Novruzovun kabinetində saxta sənədlərlə üzləşdim. Sənəddə göstərilirdi ki, il yarımdan sonra mən bütün mallarımı geri almaq əvəzində 5 min manat almışam. Bu pulların harda və kim tərəfindən mənə verilməsiylə bağlı sübutum var. Ancaq müstəntinq dedi ki, ya belə olacaq, ya da ümumiyyətlə, heç nə almayacaqsan.
Məsələ bundadır ki, Bakı Şəhər Prokurorluğu diqtə, Bakı Şəhər Polis Idarəsinin istintaq orqanı isə işi icra edir. Oğurluğa görə mənə böyük həcmdə maddi ziyan vuran və buna görə cavab verməyən oğru, fırıldaqçı Nizami Quliyev cinayət məsuliyyətinə cəlb edilmədi. Köşkü də ona görə talan elədi ki, rus millətindən olduğuma görə bizneslə məşğul ola bilməyim. Mən tələb etdim ki, hər şey qanunla olsun, özünü Bakı Şəhər Icra Hakimiyyətinin işçisi kimi təqdim edən Nizami Quliyev dövlət köşklərindən icarə haqqı yığırdı. Ancaq cinayət işinin gedişatı zamanı məlum oldu ki, Nizami Quliyev heç yerdə işləmir. Nəyə görəsə mənim rus olmağım Nizami Quliyevin xoşuna gəlmir. Hətta onunla icarə haqqına, qəbzə görə mübahisə edəndə mənə kəskin şəkildə cavab verirdi ki, get Rusiyaya, orda bizneslə məşğul ol, burda ancaq biz bizneslə məşğul ola bilərik. Bu birinci hal deyil ki, ruslarla Azərbaycanda belə rəftar edirlər. Ancaq nəyə görəsə hamı unudur ki, azərbaycanlılar Rusiyada bizneslə məşğul olur. Mən Azərbaycanda doğulmuşam və böyümüşəm, bura mənim vətənimdir. Bu o demək deyil ki, mən bizneslə məşğul olaraq milyonçu ola bilərəm. Sadəcə olaraq ailəmə vətənimdə yaşamaq üçün normal həyat lazımdır.
2014-cü ilin aprel ayından Bakı Şəhər Prokurorluğuna şikayət edirəm, ancaq hər dəfə Mircavan Kazımov məni qəbul edəndə deyir ki, Nizami Quliyevlə bağlı şikayətinə baxacam. Amma bunların hamısı söz olaraq qalır. Qanunlar Azərbaycan Respublikasının hər vətəndaşı üçündür.
Qəbulunda olduğum, mənə söz verən və sözünün üstündə dayanmayan məmurlarına müraciət etmək istəyirəm. Deyirsiniz ki, məhz rus olduğuma görə mənə kömək etmək istəyirsiniz. Mənə boş sözlər deyil, sadəcə insan kimi kömək lazımdır. Heç olmasa kimsə mənə yardım əlini uzatsın. Güman edirəm ki, Azərbaycanda vədini yerinə yetirən kişilər, məmurlar var”.
Sosial şöbə