Kafər ağlar,bizim əhvali-pərişanımıza…
Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
(Füzuli)
Büdcəmizin nə qədər təmkinli olduğu elə ilk payız yağışındaca üzə çıxdı. Amma biz bu duruma öyrəncəliyik. Daha çox da təəccüblənib eləmirik. Bilirik ki, hər dəfə göy üzünə yağmur gələndə paytaxt selə qərq olacaq, evləri su basacaq, maşınlar yolda qalacaq. Yonulmuş, sığallanmış, parıldadılmış “Torqovı”ya çıxıb “zövq alacağıq” yağış mənzərələrindən. Elə zövqümüzü də bax belə-belə yarıtmaz işlərlə korlayıblar gedib…
Illərdir Neft fondundakı pulları aylıq maaş kimi çəkib büdcəyə oturdan hökumətin vəd etdiyi xarüqələr nə oldu bəs? Axı illər öncə neftdən gələcək vəsaitlərin əsasən tikinti və infrastrukturun yeniləşməsinə xərclənəcəyi bəyan ediləndə, bu işin bilicisi olan xarici ekspertlər haray qoparmışdı. Kimdi onları eşidən? Biz müstəqil ölkəyik, özümüz nə bilirik, onu da edərik. Etdiyimiz də budur ki, Neft fondu çoxdan büdcənin əsas donoruna çevrilib və vəziyyət təhlükəli istiqamətə doğru yön alıb gedir. Yaxın gələcəkdə həmin fondun bir qəpiyi belə qalmayacaq və xəbəriniz olsun ki, bu talançılıq göz görə-görə ölkəni fəlakətə aparır.
Hökumət bu xalqın adına gələn o pullarla yağı malı kimi davranır, amma dünyanın ən müdrik neft ölkəsi olan Norveçin Neft fondunda bilirsiniz nə qədər pul var? Bir trilyona yaxın. Illərdir gəlib-gedən hökumətlər bu fondu toxunmur, onu göz-bəbəyi kimi qoruyub ötürür gələcək nəsillərə. Heç hökumət üzvlərindən kimsə qalxıb büdcənin “təmkinindən” də danışmır. Adamlar başlarını aşağı salıb gözəl həyatlarını yaşamağa davam edirlər-hamıdan zəngin, hamıdan hüzurlu, hamıdan xoşbəxt.
Hələ büdcənin neftdən asılılığı o yana qalsın, ora gedən pullar da təyinat yerinə çatmır axı. Iqtisadçı ekspert Rövşən Ağayev haqlı olaraq deyir:ÿ”Dünyada ikinci normal ölkə tapa bilməzsiniz ki, büdcəsinin yarısından çoxu tikinti xərclərinə yönəlsin”. Insanların rifah halını düşünən kimdir ki… Qış qapıda, azacıq yağış yağan kimi, şəhər iflic olur. Nəqliyyat, işıq, qaz, istilik problemləri heç deyiləsi deyil. Dünən vicdan məhbusu Tofiq Yaqublunun qızı Nigar FB səhifəsində də yazmışdı. Noyabr ayı başa çatmasına baxmayaraq, hələ həbsxanalarda istilik sistemi işə salınmayıb. O sistemin işə salınması üçün nə qədər gözləmək lazım gələcək, kim bilir”..
Xalq arasında boşuna demirlər ki, qızıldan taxtın olunca, quruca baxtın olsun. Olmadı vallah. Bu qızıl taxt, bu var-dövlət, bu neft-qaz dərd-vərəm olub həyatımızı zəhərə döndərdi. Sərvətlər bir qrup tərəfindən talanır, oğurlanır, şəxsi hesablara axır, ölkənin sadə vətəndaşı da problem içində boğulur. Hələ azmış kimi, bu torpaqda yaşamağı, quru nəfəs almağı belə haram edirlər insanlara. Qanunları, hökmləri, cəzaları sərtləşdirirlər, xalqa qənim kəsilən ixtiyar sahiblərinin səlahiyyət hədlərini artırırlar. Hər şey hakimiyyət üçün, hər şey taxt-tac üçündür bu məmləkətdə. Xalq necə olsa dözəcək. On illərdir dözmürmü eyni şərtlər altında? Bəli, gerçək halımız budur. Demək olar ki, ölkədə insana xidmət adına heç kim və heç nə çalışmır. Heç kanalizasiya sistemi də. Qısacası, məşhur lətifədə deyildiyi kimi: “Bütün sistem dəyişməlidir!”