Nabatəli Qulamoğlu: «Bu gün həmin məsələ ölkəmiz üçün vacib deyil»
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı təhsil sahəsilə bağlı da müəyyən təkliflər səsləndirib. Deyib ki, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var. Amma burada praktikanı dəyişdirmək olar: “Xaricdən Azərbaycana müəllimləri dəvət etmək olar. Bununla da tək şagird və tələbələr deyil, minlərlə insan bundan bəhrələnə bilərlər”.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da mətbuata müsahibəsində xaricə tələbə göndərilməsi və ya xaricdən Azərbaycana müəllim dəvət edilməsinə dair təkliflə bağlı fikirlərini bölüşüb.
Xaricdən Azərbaycana müəllim gətirilməsi ölkənin təhsil sahəsi üçün nə dərəcədə effektivdir? Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğluya bu sualla müraciət etdik.
Ekspert ilk növbədə onu vurğulayır ki, Azərbaycanda təhsil sahəsi bilərəkdən şikəst vəziyyətə salınıb. Xaricdən müəllim dəvət edilməsininə gəlincə, Nabatəli Qulamoğlunun sözlərinə görə, bu, normal ölkələrdə təhsil sisteminin atributlarından biri kimi dəyərləndirilir: “Amma bu gün həmin məsələ ölkəmiz üçün vacib deyil. Azərbaycan təhsil sistemində islahatlar aparmaq, daha sonra xaricdən müəllim dəvət etmək və tələbə mübadiləsi aparmaq mümkündür. Lazım olmayan məsələləri ortaya ataraq, guya, təhsilin təəssübkeşi kimi çıxış etmək lazım deyil”.
Nigar