Rusiya Qərblə qarşıdurmaya qətiyyən hazır deyildi…
Yaxın 20 ildə rubl nəinki ehtiyat valyuta, heç regional ödəniş vasitəsinə də çevrilə bilməyəcək. Bu barədə Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin “Vedomosti” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
Kudrinin fikrincə, Qərbin sanksiyaları rublun zəifləməsinə neftin ucuzlaşması qədər təsir göstərib, 2015-ci ildə isə eyni amillər ÜDM-nin azalmasına gətirib çıxara bilər: “Indi biz keçid mərhələsindəyik, iqtisadiyyatda durğunluq yaranıb. Əhali istehlakı azaldır, ”qara günü” üçün pul yığmaq barədə düşünür. Müəssisələr inkişaf proqramlarını ixtisar edir. Ikinci ildir ki, investisiyaların həcmi azalır”.
Keçmiş nazirin fikrincə, yaranmış vəziyyətdə hakimiyyət və biznes strukturları “müasir və sınaqdan keçirilmiş açıq cəmiyyət institutuna söykənməlidir”.
Sabiq nazir hesab edir ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar hələ xeyli müddət davam edəcək, illərlə çəkəcək: “Konkret müddət isə hər iki tərəfin gələcək siyasi qərarlarından asılı olacaq”.
Politoloq Vəfa Quluzadə da sanksiyalar nəticəsində Rusiyada dözülməz vəziyyət yarandığını deyir. Sanksiyalar hələ yeni-yeni tətbiq edildiyini nəzərə alan politoloq bu səbəbdən düşünür ki, Rusiyanın qara günləri qarşıdadır: “Rusiyada vəziyyət olduqca kritikdir. Çünki o, bu qarşıdurmaya hazır deyil. Sovet Ittifaqı kimi təkbaşına inkişaf etməyə hazır deyil. Üstəlik, Sovet Ittifaqının Varşava Ittifaqı kimi müttəfiqi var idi. Indi bu quruma daxil olanların hamısı NATO-nun üzvü olub. Ona görə də Rusiya çətin vəziyyətə düşüb. O düşünürdü ki, Donetsk və Luqansk işğal olunmuş ərazi kimi qalsın və Qarabağa çevrilsin, Qərb də bununla razılaşsın. Eləcə də Qərb Donetsk və Luqanskla birbaşa əlaqələrə girsin. Onların vasitəsilə də Putin Ukraynanı sıradan çıxarsın. Rusiya Ukraynanın NATO-ya daxil olmamasını və Qərbin buna qarantiya verməsini istəyir. Bu plan tamamilə puç oldu”.
Vəfa Quluzadə onu qeyd edir ki, bütün dünya Ukraynanın arxasında dayandığı üçün Putinin gözləntiləri özünü doğrultmayıb. Politoloq hesab edir ki, Putin geri çəkiləcəyi təqdirdə onun hakimiyyətdən getmək ehtimalı güclüdür. Elə ona görə də Putin bu yaxınlarda hökumətin istefaya göndərilməsi fikrini işlədib: “Putin Medvedevdən ehtiyat edir. Medvedev Putinin nəzarətində olsa da, prezidentliyi dövründə yumşaq siyasət aparırdı. Ona görə də hakimiyyət dəyişikliyi və Medvedevin prezident olmasından qorxurlar. Bir neçə ayın içində Rusiyada vəziyyət daha da gərgin olacaq. Iqtisadi baxımdan Çin və başqa ölkələr Rusiyaya müttəfiq deyil. Çin öz maraqlarını qoruyan çox praqmativ superdövlətə çevrilib. O heç vaxt kiminləsə Amerikanın əleyhinə müttəfiqliyə girə bilməz”.
Nigar