Federal Təhqiqatlar Bürosunun əməkdaşları onu dindirmək niyyətindədir
FIFA prezidenti Yozef Blatter Amerikaya getməkdən çəkinir. Buna səbəb isə 2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarına “ev sahibliyi”nin müvafiq olaraq, Rusiya və Qətərə həvalə olunması məsələsindəki şübhəli məqamlarla əlaqədar Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən araşdırma aparılmasıdır. Blatter sözügedən araşdırma çərçivəsində sorğu-sual oluna biləcəyindən qorxur. Bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Qəzetə bu haqda məlumat verən mənbə bildirib ki, FTB əməkdaşları bu araşdırma çərçivəsində şəxsən FIFA prezidentinin özünü də dindirmək niyyətindədir.
Xatırladaq ki, FIFA 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatına “ev sahibliyinin” Rusiya və Qətərə həvalə olunması prosesində heç bir pozuntu halı aşkarlanmadığını bəyan edib.