Ismayıllı rayon S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbində tarix müəllimi işləyən Vüqar Vaqifoğlu ölkə başçısı Ilham Əliyevə açıq məktub yollayıb. O, məktubunun ünvanına çatması üçün onun “Azadlıq”da çap olunmasını istəyir. Məktubda deyilir:
“Cənab prezident!
On səkkiz ildir Ismayıllı rayon S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbində tarix müəllimi işləyirəm. Bakı Dövlət Univerisitetini bitirmişəm. Olduqca kasıb, yoxsulluq dərəcəsində yaşayıram. Üç məktəbli övladım var, həyat yoldaşım evdar qadındır. Bizlər 5 nəfərlik ailə sizin hökumətinizin mənə verdiyi 200 manat maaşla dolana bilmirik. Qarşıdan qılınc kimi adamı kəsəcək qış fəsli gəlir. Mən hələ də torpağın üstündə yaşayır, evimə döşəmə, şüşə, şifer, sement və digər tikinti materialları ala bilmirəm. Ehtiyac ucbatından evimi təmir elətdirə bilmirəm. Artıq kreditin və digər borcların ucbatından intihar həddinə gəlib çatmışam. Görün hansı vəziyyətə gəlib çatmışam ki, dost-tanışın dəvət etdiyi toylarına da imkansızlıq üzündən gedə, iştirak edə bilmirəm. Mən hələ az da olsa bu üzdəniraq hökumətdən maaş ala-ala dolana bilmirəmsə, indi təsəvvür edin ki, işsiz olanlar, qocalar, xəstələr, müharibə veteranları nələr çəkir.
Bütün sutkanı Azərbaycan televiziyalarında ölkənin-sosial iqtisadi inkişafı nağılına qulaq asmaqdan bezmişik. Ölkənin yeraltı, yerüstü təbii sərvətləri bir ovuc məmur-oliqarxın deyil, bütün xalqın olmalıdır. Cənab prezident! Siz zəhmət olmasa qanunverici orqan olan Milli Məclisə – “deputatxanaya” aşağıdakı təklifləri verin.
1.Bəyənmədiyimiz Sovet dövründə, verilən uşaq pullarının yenidən verilməsi bərpa olunsun. Təkcə 5 ya 6 uşağı olan ailələrə ayda 30 AZN deyil, 1 ya 3 uşağı olan ailələrin uşaqlarına da ayda heç olmasa 50 AZN uşaqpulu verilsin ki, bu işsiz, yoxsul xalq da bahasına olan işıq, qaz və s. Kommunal xərclərini ödəyə bilsin.
2.Dünyanın heç bir sivil ölkəsində, ikirəqəmli, 35-40%-lik ağır kredit yoxdur. Əlbəttə, bu ancaq bizim Bazarbaycanda var. Kəndliyə iş, istehsal qurmaq istəyən vətəndaşlara uzunmüddətli faizsiz kreditlər verilsə nə olar ki, yoxsa dövlətin pulu yoxdur. Axı sizin də dediyiniz kimi büdcəmiz şişib-şişib partlamaq dərəcəsinə çatıb. Biz azərbaycanlılar öz azadlığımızı, dövlət müstəqilliyimizi, qanımız bahasına qazanmışıqsa, daha firavan, daha təminatlı yaşamağa layıq xalqıq. Qısası, Əli Əleyhisalam demiş, çalışın diqqətinizi xəracın, vergilərin toplanmasına deyil, torpaqların səmərəli əkilib becərilməsinə yönəldin. Atanız H.Əliyev belə bir söz işlətmişdi. “Xalq dövlət üçün deyil, dövlət xalq üçün işləməlidir”. Bu söz hazırda ətrafınızda cəmləşmiş xalqın malını talan edən məmur-oliqarxlarınıza da aiddir.
3.Qarabağ müharibəsi veteranlarına, verilən təhqiramiz 45 AZN artırılaraq heç olmasa minimum 100 AZN olsa nə baş verər ki, yəni bilmirsinizmi ki, dünyanın heç bir yerində dövlət öz veteranını, qazisini bizdəki kimi ucuz tutmur. Hazırda veteranlar aylıq 45 AZN pula necə dolana bilər? Bir prezident kimi xahiş edirik açıqlama verəsiniz.
Hər yerdə idman olimpiya kompleksləri inşa edilir, sual yaranır pulsuz, acqarına gedib idman etməkmi olar?
Cənab prezident, problemlər çoxdur onları saymaqla qurtarmaz, ancaq heç olmasa bunlar ətrafında düşünməyinizi və tədbir görməyinizi xahiş edirəm”.