Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin 5 ay uzadılmasına qərar verib.
Bu barədə Mirqədirovun vəkili Fuad Ağayev “Amerikanın səsi”nə məlumat verib.
“Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar” F.Ağayev deyib.
Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.
Rauf Mirqədirovun digər vəkili Elmar Süleymanov jurnalistin həbsdə saxlanılmasını qanunsuz hesab edir.
“Biz hesab edirik ki, Rauf Mirqədirovun həbsdə saxlanılması qanunsuzdur. İttiham orqanı əfsuslar olsun ki, bu qanun pozuntusunu davam etdirir. İstintaq orqanı bizə heç bir məlumat vermədən Nəsimi Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. Rauf Mirqədirov orada formal iştirak edən vəkilə öz etirazını bildirib və qeyd edib ki, onun iki vəkili var. Lakin məhkəmə heç bir hüquqi qiymət verməd’n qərar qəbul edib. Biz bundan şikayət verəcəyik. Bu cür qanunsuz hərəkətlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da aşağı salmağa xidmət edir”, o Amerikanın Səsinə müsahibəsində bildirib.