Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Radca Almarzoqi Azərbaycandakı mövcud iqtisadi vəziyyətlə bağlı Röyters agentliyinin suallarını cavablandırıb. Almarzoqi Azərbaycana böyük neft pulları daxil olduğu dövrdən başlayaraq ölkə iqtisadiyyatının neftdən böyük asılılığının yarandığını qeyd edib. Bu illər ərzində Azərbaycan hökuməti neftdən asılılığın aradan qaldıra biləcək iqtisadiyyatın başqa sahələrinin inkişafını təmin edə bilməyib. 2003-2007-ci illərdə ölkədə iqtisadi artımın 20 faizdən çox olmasına baxmayaraq, son illərdə bu sahədə kəskin enmə müşahidə olunur. Kənd təsərrüfatı və sənayenin inkişafı təmin edilməyib. Beynəlxaq Valyuta Fondunun proqnozuna görə, Azərbaycanda iqtisadi artım 2014-cü ildə 4 faiz, 2015-ci ilə cəmi 3,5 faiz həddində gözlənilir. Azərbaycan hökumətinin korrupsiya sahəsində və biznes mühitinin yaxşılaşdırılmasında zəruri addımlar ata bilməməsi nəticəsində iqtisadiyyatda ümumi vəziyyətinin bundan sonra pis olacağını proqnozlaşdırmaq çətin deyil. BVF hesab edir ki, Azərbaycan hökuməti qısa müddət ərzində korrupsiya ilə mübarizə sahəsində addımlar atmalı, biznez mühitinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görməlidir. Yalnız bu yolla yarana biləcək böyük iqtisadi problemlərdən sığortalanmaq olar.
azadlıq.info