Nemət Əliyev: «82 milyard manat maliyyə vəsaiti xərclənib, lakin əhali yenə də ağır vəziyyətdə yaşayır»
Milli Məclisdə “2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib ki, Mingəçevirin işsizlik və mənzilsizlik kimi iki böyük problemi var. O, əlavə edib ki, təkcə Mingəçevirdə bu gün 10 min ailə mənzil almaq üçün ipoteka krediti götürmək arzusundadır. Ancaq gələn il üçün ipotekaya ayrılan vəsaitlə cəmi min nəfər mənzil ala bilər. Aydın Mirzəzadə Bakının statusu ilə bağlı ayrıca bir qanunun qəbuluna ehtiyac olduğunu da bildirib.
Digər deputat Vahid Əhmədov reklamdan danışıb. Deyib ki, Azərbaycanda reklamın dövriyyəsinin 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır: “Yəni, kölgə iqtisadiyyatı reklamda həddən artıq yoxdur və bunun qarşısını almağın yollarından biri yeni qanunun qəbul edilməsidir. 2015-ci ilin dövlət büdcəsi riskli yox, investisiya və sosial yönümlü büdcədir. Büdcənin icrasında elə də ciddi problem olmayacaq. Neftin qiymətinin 80 və ya 90 dollar götürülməsi dövlət büdcəsinə o qədər də təsir etməyəcək. Çünki neftin qiymətinin dövlət büdcəsinə təsiri 11 faizdir ki, bu da təxminən 2 milyard manat edir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan 10.3 milyard transfert edirik. Bütün bunları nəzərə alaraq 6.9 milyard manat əsaslı vəsait investisiya qoyuluşu yatırmağı nəzərdə tutmuşuq”.
Deputatın təbirincə, ən vacib məsələ Maliyyə Nazirliyinin, Hesablama Palatasının qarşısında duran xərc siyasətinə nəzarət mexanizminin olmamasıdır: “6.9 milyarda kim qarantiya verə bilər ki, bu məbləğ təyinatı üzrə, məqsədli şəkildə istifadə ediləcək?”
Deputat neftin qiymətinin müəyyənləşməsi ilə bağlı yaranan polemikalara da münasibət bildirib: “Çoxları bizə bununla bağlı dərs keçir. Neftin qiyməti 80 dollara düşsə də, Azərbaycanda problemlər yaşanmayacaq. Bu gün ən ciddi məsələ xərc sisteminə nəzarətin olmamasıdır. Hesablama Palatası böyük layihələrin yoxlanılmasına başlamalıdır. Yaxşı olardı ki, Hesablama Palatası kiçik yox, böyük investisiya qoyulan layihələrlə bağlı yoxlamalar aparsın. Niyə böyük layihələr yoxlanılmır? Yoxsa ayrı-ayrı məmurların nəzarətində olan məsələlərdir bunlar? Bu, dövlətin vəsaitidir və nəzarət altında olmalıdır”.
Siyavuş Novruzov isə söyləyib ki, bu gün Azərbaycan Avropa Ittifaqına daxil olan ölkələrlə, ən pis halda Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər. O, kreditlərlə bağlı belə bir təklif verib: “Kimsə özünə kefindən avtomobil almaq istəyirsə, ona verilən kreditlə əkin əkmək istəyənə verilən kredit fərqlənməlidir. Əkinçi də taxıl əkir, quraqlıqdan məhsul olmur, onda krediti də ödəyə bilmir. Necə deyərlər, kasıbı dəvənin də üstündə ilan vurur. Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır.
Bu gün hər hansı nazirliyin idarə rəisinin əməkhaqqı imkan vermir ki, ipoteka götürsün, belə olan halda, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Elə nəzərdə tutulub ki, kim imkanlı adamdır, ipoteka alsın, özünün kəm-kəsirini düzəltsin”.
Iqtisadçı-ekspert Nemət Əliyev “Azadlıq”a açıqlamasında bildirib ki, çirkin niyyətlərə və məqsədlərə görə ölkənin iri maliyyə vəsaitləri yoxlamalardan kənarda qalır. Ekspert dövlət büdcəsi vasitəsilə ölkənin iri maliyyə vəsaitlərinin xərcləndiyini vurğulayır. Onun sözlərinə görə, Dövlət Neft Fondundan 75 milyard manatdan çox maliyyə vəsaitləri xərclənib, beynəlxalq donor və təşkilatlardan isə 6 milyarddan çox borc götürülüb: “82 milyard manat maliyyə vəsaiti xərclənib, lakin əhali yenə də ağır vəziyyətdə yaşayır. Onların həyatı yaxşılaşmağa doğru getmir. Ölkənin iqtisadi həyatında ciddi dəyişikliklər baş vermir. Qeyri-neft sektoru ağır durumdadır. Iri maliyyə vəsaitləri, xərclərin izi-tozu görünmür”.
Ekspert qeyd edir ki, maliyyə vəsaitlərini ictimai diqqətdən gizlətmək niyyətiylə onların xərclənməsi üzərində dövlət nəzarətini həyata keçirmək səlahiyyəti olan qurumlar bir-birilə əlbir olub ölkənin sərvətini talamaqla məşğuldur. Investisiya xərcləri adıyla xərclənən iri maliyyə vəsaitləri üzərində ciddi dövlət nəzarətini vacib sayan ekspert qeyd edir ki, neftin qiymətinin və hasilatın aşağı düşməsi fonunda vəsaitlər mütləq təyinatı üzrə xərclənməlidir.
Nigar