AXCP üzvü həbs olunarkən onun anası və həyat yoldaşından hədə yolu ilə yalan ifadələr alınıb
AXCP üzvü, hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Murad Ədilovun həyat yoldaşı və anası Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) ifadə verib. Onlar öz şikayət və müraciətləri əsasında dindirilib. Məsələ burasındadır ki, Murad Ədilov həbs edilən gün onların evlərinə soxulan çoxsaylı (19 avtomobillik heyət) güc strukturu əməkdaşları hədə və təhdid yolu ilə yuxarıda adı çəkilən şəxslərdən onların iradəsinə zidd, həmçinin həqiqətə uyğun olmayan ifadələr alıb.
Xatırladaq ki, evə hücum zamanı ailə üzvləri hələ də müalicəsi davam edən travmalar alıb. Təzyiq yolu ilə yaxınlarından alınan ifadələrdən isə Muradın Ədilova qarşı həbs-qətimkan tədbiri seçiləndə istifadə edilmişdi. Daha sonra bu ifadələri aradan qaldırmaq üçün Muradın yaxınlarıÿ BMCQMI-yə müraciət etmişdilər. Müraciətə müsbət cavab gəldiyindən onlar ötən gün müstəntiq Hacı Əfəndiyevə yeni izahat veriblər.
Vəkillər hesab edir ki, istintaq və məhkəmə Murad Ədilovun işi obyektiv araşdırmağa meylli olarsa, verilən son izahatlar xeyli dərəcədə işə yararlı ola bilər.
AXCP üzvü Murad Ədilov avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində saxlanılıb. O, Sabirabad Rayon Polis Şöbəsində amansız işgəncələrə məruz qalıb. Bakıdan gələn əməliyyatçıların azı 5-i rayonun polis rəisinin müavini Əlfağa Kazımovun və Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirakı ilə Muradı bir saata yaxın döyərək ondan öz iradəsi əleyhinə ifadə almağa çalışıblar. Lakin buna nail ola bilməyiblər. Muradın yaşadığı evdə “axtarış” zamanı guya, yastığın altından narkotik tapıblar.
Əməliyyatçılar bu tapıntını rəsmiləşdirmək üçün təhdid və təzyiq yolu ilə Muradın həyat yoldaşı və anasından onların iradəsinə zidd izahatlar alıblar.
Qeyd edək ki, Murad Ədilov AXCP üzvü olmaqla yanaşı, həm də partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. Elə Sabirabad Rayon Polis Şöbəsində də Murada bildirilib ki, onun həbsi qardaşının hökumətin ünvanına tənqidi fikirlərilə bağlıdır.
İnformasiya şöbəsi