Seymurun «facebook» mesajına cavab vermədiyini iddia edən Məhərrəm Həsənovun heç «facebook»dan anlayışı yox imiş…
Adil Ismayılov: «Zarafatla müstəntiqə təklif etdim ki, bu adama müəllim tutsunlar, ona «facebook»dan təlim keçsin»
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, eyni zamanda, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlayacaq. Məhkəmə ərəfəsində Seymur Həzinin vəkili Adil Ismayılovla söhbətimiz bəri başdan prosesin maraqlı keçəcəyini deməyə əsas verir. Seymur Həzinin həbsinin siyasi sifariş olduğu və əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildiyi sübut edən xeyli dəlillər var:
– Seymur Həzinin barəsindəki cinayət işi üzrə istintaq başa çatıb və iş oktyabrın 27-də məhkəməyə göndərilib. Bu iş üzrə noyabrın 11-də Abşeron Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək. Işə hakim Şövkət Nəcəfova baxacaq. Çox güman ki, məhkəmənin hazırlıq iclasında hakimə etiraz verəcəyik. Çünki bu hakim Məhərrəm Həsənovun həm həbs olunması haqda, həm də həbsdən ev dustaqlığına buraxılmasına dair qərar çıxarıb, onun ikinci qərarını Sumqayıt apellyasiya məhkəməsi ləğv edib. Bu da gələcəkdə həmin hakimin iş üzrə obyektiv qərar verməyinə mane ola bilər. Etirazımız təmin olunacaq, ya yox – bu, başqa söhbətdir. Ancaq biz bunu edəcəyik.
Başqa bir məsələ də var. Seymur Həzinin həbsdə saxlama müddəti oktyabrın 29-da başa çatıb. Məhkəmə isə noyabrın 11-nə təyin olunub. Hesab edirik ki, oktyabrın 29-dan sonra Seymurun həbsdə saxlanması qanunsuzdur. Ola bilsin, məhkəmə buna dırnaqarası hansısa qanuni don geyindirməyə çalışacaq. Ancaq istənilən halda, Seymur Həzinin həbsdə saxlanılması üçün faktiki heç bir hüquqi əsas yoxdur. Həm bu məsələ, həm də ümumiyyətlə, həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət verəcəyik. Çünki Seymurun təqsiri sübuta yetirilməyib. Iş üzrə istintaq başa çatıb, Seymurun mehkəmədən yayınması ehtimalı yoxdur. Onun nə kiməsə təzyiq etmək imkanı var, nə də təzyiq ediləsi adam var. Hadisə də onun iştirakçıları və şahidləri də göz önündədir.
– Seymur Həzi ilə birlikdə mühakimə olunacaq Məhərrəm Həsənov əvvəl həbs olundu, sonra ev dustaqlığına buraxıldı, daha sonra yenidən həbs olundu. Nə baş verir?
– Məhərrəm Həsənova Cinayət Məcəlləsinin 221.1 maddəsilə ittiham verilib. Bu maddənin maksimum cəzası 1 ildir. Bu maddə ilə bir qayda olaraq, heç kim həbs olunmur. Onun həbsinin özü müəmmalıdır. Konkret olaraq, bizim də heç bir mülahizəmiz yoxdur ki, nəyə görə həbs ediblər. Maraqlısı odur ki, onu Seymurdan sonra həbs ediblər. Seymurun digər vəkili Elton Quliyev ibtidai istintaqda vəsatət vermişdi ki, əgər burada xuliqanlıq varsa, bunu başlayan Seymur yox, qarşı tərəfdir. Həmin şəxsi də Elton müəllimin vəsatətindən sonra həbs etdilər. O, sentyabrın 3-də şübhəli şəxs qismində saxlanılıb, 5-də həbs edilib. Elə biz özümüz də onu fikirləşirdik ki, niyə görə həbs olunub. Sentyabrın 29-da isə ev dustaqlığına buraxıldı. O, ev dustaqlığına buraxılandan sonra biz vəsatət verdik ki, Seymuru da buraxsınlar. Sonradan Məhərrəm Həsənovun buraxılması qərarından prokurorluq protest verib. Oktyabrın 3-də protest təmin olunub və ayın 10-da Məhərrəm Həsənov yenidən təcridxanaya qaytarılıb.
– Məhərrəm Həsənovun əvvəlcədən Seymur Həzi ilə hər hansı tanışlığı, söhbəti olubmu?
– Məhərrəmin Seymurla heç bir real tanışlığı olmayıb. Həsənovun dediyinə görə, guya, Seymurla “facebook”da tanış olublar. O, Seymura nəsə yazıb, amma Seymur ona cavab verməyib. Təsadüfən Ceyranbatanda olarkən Seymuru görüb uzaqdan, tanıyıb, yaxınlaşıb ona, soruşub ki, Seymur Həzisiz? Seymur da deyib ki, mənəm. Bundan sonra deyib ki, nəyə görə “facebook”da yazdığım mesajlara cavab vermirsiz? Seymurun dediyinə görə, birinci Məhərrəm Həsənov onu vurub, köynəyini dartıb cırıb. Seymur da özünü müdafiə etmək üçün onu vurub. Əks tərəf də deyir ki, mənim sözüm Seymura xoş gəlmədi, ona görə məni vurdu, sonra mən də onu vurdum. Ancaq istənilən halda, təşəbbüskar əks tərəf olub.
Bizim təkidlərdən sonra onların arasında üzləşmə oldu. Üzləşmədə aydın oldu ki, bu adamın ümumiyyətlə, sosial şəbəkədən anlayışı yoxdur, hətta mən zarafatla müstəntiqə təklif etdim ki, adama müəllim tutsunlar, ona “facebook”dan (o, “feysbuk” sözünü yazıldığı kimi tələffüz edirdi) təlim keçsin. Güman edirəm ki, bu adamın “facebook”da heç səhifəsi də yoxdur. Sonra biz araşdırma apardıq, Məhərrəm Həsənovun adına “facebook” səhifəsi tapdıq. O səhifədən gəldiyimiz qənaət bu oldu ki, müəllif özünü qəsdən müxalifətçi kimi göstərmək istəyir. Profil fotosu Elçibəyin şəklidir, ondan sitatlar gətirib, statuslarında müxalifyönlü fikirlər var. Üzləşdirmə zamanı Məhərrəm Həsənova müəyyən suallar verdik ki, “facebook”dan nə vaxtdan istifadə edir, necə istifadə edir, Seymura yazdığı mesajın məzmunu nədir? Bu suallara cavab vermədi. Bu da onu göstərdi ki, bu adam səhifəni açmayıb, kimsə onun üçün açıb. Məhkəmədə bu məsələlər araşdırma mövzusu olacaq.
– Seymur Həzinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarından şikayət Avropa Məhkəməsinə göndərilibmi?
– Yəqin ki, məhkəmənin hazırlıq iclasından sonra həbs-qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı iş Avropa Məhkəməsinə göndəriləcək. Çünki məhkəmənin bu qanunsuzluğu hazırlıq iclasında aradan qaldıracağına ümidimizi itirməmişik. Məlumdur ki, hazırlıq iclasının qərarından ümumiyyətlə, şikayət etmək olmaz, bu, ölkədaxili hüquqi müdafiə vasitələrinin tükənməsi deməkdir. Ona görə də hazırlıq iclasının qərarını gözləyirik. Seymurun barəsində həbs-qətimkan tədbiri dəyişilməsə, ondan sonra işi Avropa Məhkəməsinə göndərəcəyik.
Yeri gəlmişkən, Avropa Məhkəməsinin indi Seymurun olduğu vəziyyətlə bağlı təkcə Azerbaycan üzrə bir neçə qərarı var. Yəni, həbs müddəti bitibsə və adam həbsdə qalıbsa, Avropa Məhkəməsi bunu birmənalı şəkildə qanunsuz hesab edir. Məsələn, Fərhad Əliyev Azərbaycana qarşı işdə.
– Məhkəmədən gözləntiləriniz varmı?
– Seymurun hərəkətində heç bir cinayət yoxdur. O, özünü cinayətdən müdafiə edib. Xuliqanlığın da səbəbkarı qarşı tərəfdir. Ali Məhkəmənin Plenumunun da qərarı var ki, belə hallarda şəxsin hərəkəti xuliqanlıq hesab oluna bilməz. Qeyd olunub ki, “zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir”.
Yeri gəlmişkən, məhkəmədə çox maraqlı məqam yaranacaq. Seymur Məhərrəm Həsənova qarşı xuliqanlıq edibsə, ona xəsarət yetiribsə, belə halda, əks tərəf zərərçəkən şəxs olmalıdır. Ekspertizanın rəyi də var ki, adam yüngül xəsarət alıb. Eyni zamanda, Məhərrəm Həsənov Seymurun köynəyini cırıb. Qanuna əsasən, cinayət nəticəsində fiziki, maddi, mənəvi zərər görmüş şəxs zərərçəkmiş kimi tanınmalıdır. Amma istintaq dövründə onları zərərçəkmiş kimi tanımayıblar. Təqsirləndirilən şəxslə zərərçəkənin statusları müxtəlifdir. Ən azı, ifadə vermək təqsirləndirilən şəxsin hüququdur, istəsə verər, istəməsə yox. Amma zərərçəkənin vəzifəsidir, o, mütləq ifadə verməlidir. Bu işdə zərərçəkən isə hələ ki, yoxdur. Belə qəribə bir situasiya yaranıb. Çox maraqlı məhkəmə olacaq.
– Bir müddət əvvəl hökumət nümayəndələri və bəzi QHT rəhbərlərindən ibarət Işçi Qrup yaradıldı. Iddia olunur ki, onlar siyasi məhbus probleminin həllinə yardım göstərəcəklər. Hərçənd, bu qrup birmənalı qarşılanmır. Işçi Qrupun üzvlərindən şəxsən sizdən Seymur Həzinin işi ilə maraqlanan olubmu?
– Şəxsən məndən, xeyr. Mən də açıqlamalarda oxumuşam ki, bu qrupun üzvləri obyektiv olacaqlarını bildirirlər. Mənim bir təklifim var. Istərdim, bu qrupun üzvləri Seymurun məhkəməsində iştirak etsinlər, orada nələr baş verdiyini öz gözləri ilə görsünlər. Əmin olsunlar ki, məhkəmədə insan hüquqları necə təmin olunur və ümumiyyətlə, təmin olunurmu?
Aytən Məmmədova