Illər öncə iqtisadiyyatın atası Adam Smitlə bağlı oxuduğum bu maraqlı hadisə heç yadımdan çıxmır. Məşhur alimin zehni gün ərzində həddindən artıq məşğul olduğu üçün arada gəzərək dükan-bazara çıxıb beyin yorğunluğu alırmış. Amma beyin o qədər yüklənirmiş ki, günlərin birində yaşadığı evin qapısından ötüb keçərək on kilometrlərlə uzaq məsafəyə gedib çıxıb. Havanın toranlaşdığını və yolu yanlış gəldiyini yalnız qazılmış bir çuxura düşdükdən sonra anlayıb…
Şüarçılıq olmasın, yol, doğrudan da, həyatımızın önəmli cizgisidir. Həyatımız elə sonuna qədər həmin o cizgidən keçib gedir. Yaşadığımız təqvim günlərini də aylara, illərə calayıb beləcə uzun məsafələri qət edib addımlayırıq üzü məlum ünvana. Bu anlamda yolun böyük bir yorğunluğu var həm də. O yorğunluğun yükünü azaltmaq üçün nə edirik? Fikrimizi fərqli şeylərlə məşğul edib məsafə yükünü yüngülləşdirməyə çalışırıq. Məsələn, çoxunuz yol boyu musiqi dinləməyi sevərsiniz. Bəziləriniz günlük işləriniz haqqında, bəziləriniz qurduğunuz gözəl xəyallar haqqında düşünərsiniz. Təbii, yaşadığınız problemlər, qayğılar, dərd-səriniz də yolçuluqda sizi tərk etməz çox halda. Bütün bu duyğuların təsirindən ya təbəssümünüzlə, ya kədərinizlə, ya da dinlədiyiniz musiqinin təsirindən dodaqaltı zümzümənizlə keçib gedərsiniz insanların arasından. Yaşadığı bu duyğuları söyüş şəklində ətrafdakılara ünvanlayan normal insana rast gəlməzsiniz hər halda. Amma bəzən də əksinə olur. Getdiyin yerdə yolunun üstünə biri çıxıb, sənə ilişər. Şər qoşar ki, mənə söz atmısan, yan baxmısan, ya da söyüş söymüsən. Belələrinə xalq arasında mərdüməzar deyərlər.
Deyəsən, harada da belə bir mərdiməzar var gəlib, qələm sahiblərinin, ağıl-fikir adamlarının ürcahına çıxır. Bizdə belə insanlar Smit kimi təsadüfən qazılmış çala-çuxura düşməzlər. Onları salmaq üçün adətən xüsusi quyular qazılar. Həmin bəhs etdiyimiz mərdüməzarlar da məhz bu iş üçündür. Son 5-6 ildə onların üzündən neçə nəfər həbsxanalıq olub, evindən, ailəsindən, işindən-gücündən uzaq düşüb. Seymur Həzi kimi nüfuzlu bir qələm sahibini belə ucuz şərləmə ilə dustaqxanaya göndərmək gülməlidir, ya ağlamalı, bilmirəm, doğrusu. Guya, bu düşüncə adamlarının başqa işi-gücü yoxdur. Elə yolüstü yetənə yetib, yetməyənə bir daş atırlar. Xuliqanlıq edirlər, söz atırlar, söyüş söyürlər. “Azadlıq” qəzetində isə bu, artıq bir ənənə halını alıb. Əvvəl Qənimət Zahid, sonra Seymur Həzi, indi Xalid Qarayev. Dünən Xalid bəyə də boşuna 25 sutka verməyiblər. Üzünə duran deyir ki, sağa-sola baxmadan qarşısına çıxan hər kəsi söyüb keçirmiş. Bu ölkədə hər şeyin ağını çıxartdıqları kimi yalanın da ağını çıxardıblar. Heç olmasa, yazarların həbsinə bəhanə axtaranda, daha peşəkar bir şey düşünmək lazımdır. Üstəlik, bu “söyüş” tendensiyası regionlara yayılıb, insanların rahatlığını pozmaqda davam edir. Xalid bəyin həbs olunduğu gün Göyçay rayonunda daha bir “söyüşcül” gənci saxlayıb 20 sutka cəza veriblər. Həmin şəxs də olub AXCP Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli. Gənc cəbhəçi “Azadlıq”ÿqəzetinin daim oxucusu olduğundan, ondan da qəzetin təsiri yan keçmiş deyil hər halda.
On illərdir ölkədə yalan dəyirmanı durmadan üyüdüb-tökür. Insan bu qədər saxtakarlıq, hiylə və böhtan içində öz həqiqətlərinə qanad açıb, nə olur-olsun, onları qorumaq istəyir. Amma bu fədakarlığın da bir hesabı var, şübhəsiz. Bir də görürsən, getdiyin düz yolda səni də bir mərdümazarın qazdığı yalan quyusuna salıblar…