Vəfa Quluzadə: «Rusiyadakı mövcud rejim çökməyincə, Cənubi Qafqazın bu ölkədən asılılığı davam edəcək»
Ermənistanın keçmiş xarici işlər naziri, “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Vardan Oskanyanın “Əl-Cəzirə” telekanalının saytında Rusiyanın Cənubi Qafqazdakı ambisiyaları ilə bağlı yazısı dərc olunub.
Publika.az-ın verdiyi xəbərə görə, Oskanyan regionda “Rusiya amili”nin daim xatırlanması üçün Moskvanın bütün vasitələrdən istifadə etdiyini vurğulayıb.
Keçmiş xarici işlər naziri qeyd edir ki, Azərbaycan, Gürcüstan və Ermənistan bu gün yalnız din, etnik mədəniyyətlər, tarix və ya ənənələr baxımından deyil, həm də müxtəlif perspektivlər, ambisiyalar və cəhdlər baxımından bir-birindən fərqlənir.
V.Oskanyan qeyd edir ki, hər üç respublikanın Rusiyadan asılılığının müxtəlif dərəcəsi var və bu, Ermənistanda ən yüksək həddədir: “Rusiya Ermənistanın ən böyük ticarət partnyorudur, ən böyük investordur, təbii qaz və nüvə yanacağının yeganə təchizatçısıdır. Ancaq ən böyük asılılıq geosiyasidir. Hər üç respublika Rusiya tərəfindən yaradılan və ya böyük oyunçu rolunu oynadığı münaqişələrlə mübarizə aparır”.
Keçmiş nazir Rusiyanın bu gün ciddi geosiyasi və iqtisadi problemlərlə qarşılaşdığını qeyd edib: “Rusiya Qərb iqtisadi sanksiyalarının təsirini hiss etməyə başlayıb. Bu, neftin qiymətinin və rublun dəyərinin düşməsində, kapital axınının azalmasında özünü göstərir. Neftin qiymətinin düşməsi Sovet Ittifaqının dağılmasından əvvəlki hadisələri çox xatırladır. Sovet Ittifaqını tamamilə dağıtmaq üçün iki illik durğunluq kifayət etdi. Rusiyanın zəifləyən statusu, şübhəsiz ki, Qafqaza böyük iqtisadi və siyasi təsir göstərəcək”.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Oskanyanın əksər fikirlərini real qiymətləndirmək olar. Belə ki, Ermənistan tam mənada Rusiyadan asılıdır, Azərbaycan Dağlıq Qarabağ məsələsinə görə Rusiyadan asılı vəziyyətdədir, Gürcüstan isə Abxaziya və Asetiya faktına görə asılı sayıla bilər: “Rusiyadakı mövcud rejim çökməyənə qədər Cənubi Qafqazın bu ölkədən asılılığı davam edəcək. Məsələn, Azərbaycan tərəfi gözəl bilir ki, Qarabağın işğalı Rusiya amili ilə bağlıdır. Rusiyanın indiki vəziyyətinə gəlincə, həqiqətən də keçmiş SSRI-nin vəziyyətini xatırladır. SSRI-də də 80-ci illərdə neftin qiyməti aşağı düşdü. Və iqtisadi böhran, ərzaq böhranı yarandı ki, bu hal bugünkü Rusiyada da var. Amma bu çöküşün nə vaxt baş verəcəyini zaman göstərəcək. Dəqiq olan odur ki, sovet dönəminin çöküş prosesi ilə, eyni oxşarlıq yaşanır”.
Ekspert onu da əlavə etdi ki, Rusiyanın çöküşünü birmənalı şəkildə bu ölkə üçün mənfi qiymətləndirmək olmaz: “Qeyd etmək lazımdır ki, Rusiyanın çöküşünün müsbət tərəfi də ola bilər. Mən Rusiyanın dünya xəritəsindən silinəcəyini düşünəcək qədər pessimist deyiləm. Rusiya qalacaq, sadəcə olaraq dəyişəcək. Dünya hökmranlığı uğrunda savaşdan əl çəkilərsə, demokratik bir sistem formalaşarsa, Rusiya Cənubi Qafqaz üçün təhlükə deyil, cazibədar ölkə ola bilər. Yəni Rusiyanın gələcəyi baş verəcək hadisədən asılıdır”.
Akif