10 mindən artıq şəkər xəstəsi 3 aydır dərmanla təmin olunmur
Gəncə Endokrinoloji xəstəxanasında qeydiyyatda olan 10 mindən artıq şəkərli diabet xəstələri 3 aydan artıqdır insulin və başqa şəkərsalıcı dərman pereparatları ilə təmin edilmir. Bu istiqamətdə olan problemlərin həlledilməz qalması təbii olaraq Gəncədə demoqrafik vəziyyətin kəmiyyət və keyfiyyətindən, eyni zamanda mövcud vəziyyətindən xəbər verir.
Məqsədimiz Gəncə şəhərindəki şəkərli diabet xəstələrinin mövcud problemləri, yaranmış problemin həlli istiqamətində əlaqədar təşkilatların gördüyü işləri və bu xəstəliyin gələcəkdə gəncəlilərin həyatı üçün nə kimi fəsadlar törədə biləcəyi haqda mütəxəssis rəylərini diqqətə çatdırmaqdır.
Gəncədə Nazirlər Kabinetinin qərarı icra olunmur
Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. 336 min 100 nəfər əhalinin 10 mindən çoxu şəkərli diabet xəstəsi kimi qeydiyyata alınıb. Xəstələr arasında azyaşlı uşaqlar da az deyil.
2012-ci ildən isə xəstələrə dövlət hesabına dərman verilişləri Gəncə Endokrinoloji xəstəxanasında yox, şəhər Səhiyyə Idarəsinin göstərişi ilə, vətəndaşların qeydiyyatda olduqları ərazilər üzrə 1, 2, 3, 5, 6 saylı poliklinikalarda həyata keçirilməyə başladı.
Əmrdə göstərilən bütün həblər olmasa da şəkəri aşağı salan bir neçə adda həb və insulin çətinliklə də olsa diabetli xəstələrə pulsuz verilirdi, ancaq üç ay bundan öncəyə qədər.
“Dövlətdən pulsuz verilən dərmanlar tam şəkildə xəstələrə paylanılırmı”, “Gəncədəki şəkərli diabetli xəstələrin hər biri şəkər əleyhinə olan dərmanlarla necə təmin olunur” suallarına isə Gəncə Endokrinoloji xəstəxanasında qeydiyyatda olan vətəndaşlar cavab verir (bəzi vətəndaşlar adlarının çəkilməsini istəmədilər):
“Nazirliyin qaynar xəttinə zəng edib şikayət edirik, bizə xəbərimiz var, deyirlər. Nə vaxt dərman veriləcəyini isə demirlər. Nazir haradadır?!”.
“Sonuncu dəfə bu ilin iyul ayında dövlət hesabına verilən dərman almışam. 3 aydır ki, yaxın günlərdə dərman olacaq deyirlər, amma var demirlər. Bu yaxınlarda poliklinikada xəstələr danışırdılar ki, belə getsə, etiraz aksiyası keçirməli olacağıq”.
Gəncə şəhər sakini, R.Ilham: 2001-ci ildən şəkər xəstəsi kimi qeydiyyatdayam. II qrup əliləm. Hazırda 3 aydır ki, insulin ala bilmədiyim üçün sağlığım kəskin pisləşib. Dərman var deyən yoxdur. 2012-ci ildən sonra bizim insulin və başqa dərmanların verilmə vaxtlarını və keyfiyyətini “oynatdıqları” üçün mənim də şəkərim “oynamağa” başlayıb. Get-gəldən bezmişəm. Özü də ağır xəstə kimi qeydə alınmışam. Şəkərim 500-ə qədər yüksəlir. Normal halda şəkərim 250-300 olur. Gündə iki dəfə insulin vurmalıyam. Verdikləri insulinin həm keyfiyyəti zəifdir, həm də ay ərzində 12 günə bitir, qalan günləridə Allah ümidinə dözürəm.
Sonuncu dəfə də dərman dalınca gedəndə poliklinikadan dedilər ki, bizə hələ dərman gəlməyib, get Icra Hakimiyyətinə. Mən də getdim Icra Hakimiyyətində səhiyyəyə baxan Sevda xanımın yanına. Poliklinikadan dedilər ki, siz dərman verəcəksiniz… Xanım əsəbi halda cavab verdi ki, nə vaxtdan Icra Hakimiyyəti dərman verir, deyəsən, poliklinikada oturanlar işlərini unudublar? Daha sonra şikayətinizi qeydə aldım, gedə bilərsiniz dedi…
Ailədə beş nəfərik. Mən təqaüdümlə dərman alım, yoxsa evə çörək?
Bəs deyirlər müalicə üçün iynəni, dərmanı, sistemi, sanatoriya müalicəsini də dövlət verir, siz bilmirsiniz, mən nə edim?!
Neçə dəfə həkimlərə dedim, amma həm Süleyman Piriyev, həm də Abuzər Mutafayev deyir ki, biz verə bilmərik, çünki bizə də dərman vermirlər!!! Mən də məcbur olub öz hesabıma müalicə olunuram.
Deyirdilər ki, prezident Gəncəyə səfər edəndən sonra dərman veriləcək. Amma səfər oldu keçdi, dərman hələ də yoxdur…
Vətəndaşlar 6 saylı poliklinikadan daha çox narazılıq edirlər.
“2012-ci ildən normal dərman verilməsi hər ayın 4-dən 15-nə kimi, ”qırğın” sala bilənlər poliklinikanın baş həkimi Abuzər Mustafayevlə “dirəşəndən” sonra, ən uzağı ayın 20-nə kimi ala bilirdi. Bu tarixlərdən başqa vaxt gələnlərə dərman qurtarıb, növbəti ay gəl, deyirlər. Görəsən prezidentin xəbəri varmı ki, 3 aydır bizə dərman vermirlər?”
“Ildə 2-3 dəfə dərman ala bilmişəm. Çoxdandır ki, test də verilmir. Endokrinoloji xəstəxanada isə analiz üçün hər dəfə 2-5 manat istəyirlər. Niyə, apteklərdə satışda dərmanlar var, amma bizə vermirlər? Yəqin verib satdırırlar”.
“2012-ci ilə kimi biz dərmanları Endokrinoloji xəstəxanadan çətinliklə aldığımız üçün tez-tez gileylənirdik. Poliklinikadakı yaşadıqlarımdan sonra o vaxtlara şükr etməli oluram. Yəni betərin də betəri var”.
Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib.ÿTədbirlər proqramında Şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman pereparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsində mütəmadi olaraq icraçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi göstərilib.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət hissəsində deyilir: “Bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Maraqlıdır ki, hələ də nə problem həll olub, nə də kimsə məsuliyyətə cəlb olunub.
Səhiyyə Nazirinin “gücü” çatmır?
2013-cü ilin may ayında Dünya Səhiyyə Təşkilatının Icraiyyə Komitəsinin sessiyasında Azərbaycan bu qurumun birinci vitse-prezidenti kürsüsündə təmsil olunub. Əslində bu, Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğının beynəlxalq aləmdə tanınması deməkdir.
Bəs görəsən, Dünya Səhiyyə Təşkilatının xəbəri varmı ki, səhiyyə naziri Oqtay Şirəliyev yoldaş 3 aydan artıqdır ki, Gəncədə qeydiyyatda olan 10 mindən artıq şəkərli diabet xəstələrinin dərman verilişlərini bərpa (etməkdə aciz qalıb) edə bilmir.
Belə çıxır ki, ya Səhiyyə Nazirinin problemin həlli üçün səlahiyyəti əlindən alınıb, ya da problemin səbəbkarı “əjdahadan, divdən-zaddandır”.
Xəstəliyin qısa tarixçəsi və hüquqi vəziyyəti
Tarixi mənbələrdə bildirilir ki, bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır.
Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Dünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyələrinə görə 14 noyabr tarixi Dünya Diabet Günü(DDG) kimi qeyd edilir.ÿ
2006-cı ildə Dünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi səciyyələndirib.
Ölkəmizdə bu istiqamətdəki fəaliyyət 2004-cü ildən qüvvəyə minmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qeyd edək ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı Azərbaycanın qanunvericiliyi, Konstitusiyası, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə şəkərli diabet üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsinə; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılması və onun aparılmasına; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını, müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, diabetoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə; şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə; şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına təminat verir.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi dövlət hesabına həyata keçirilir.
Əlaqədar qurumlar hələ də susur
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindəki mövcud vəziyyəti dəqiqləşdirmək istəsək də, mətbuat xidmətinin (012) 565-12-07 nömrəsinə cavab verən olmadı.
“Gəncə şəhər Səhiyyə Idarəsinin mətbuat xidmətinin rəsmisi olan Mətləb bəy şəkərli diabet xəstələrinin üzləşdiyi dərman və test böhranının yaranma səbəbini isə yeni xəstələrin artımı ilə əlaqələndirir. O deyir ki, il ərzində yeni xəstələr qeydiyyata alındığı üçün balans pozulub. Bu səbəbdən də üç aydır şəkərli diabet xəstələrinin üzləşdiyi problemin həlli yönündə ciddi işlər görülür”.
Bu ilin 9 ayı ərzində Gəncədə yeni qeydə alınan 714 şəkərli diabet xəstəsi olub. Bu rəqəm isə ümumi sayın onda biri deyil…
Riyazı hesablamaya keçilsə, bu, bir aylıq dərmanın verilməməsi olardı. Hazırda isə üç aydan artıq bir zamandır ki, vətəndaşlara dərman verilmir. Maraqlı bir məqam ortaya çıxır: Səbəb nədir ki, riyazi hesablamanı apara bilməyən Məqsəd bəy mətbuat xidmətində işləyir? Gördüyü işin adı nədir?!
Gəncə Endokrinoloji xəstəxanasının baş həkimi Süleyman Piriyev isə yaranmış problemin həlli üçün səlahiyyətinin olmadığını deyir.
Gəncə Şəhər Icra Hakimiyyəti və Gəncə şəhər Maliyyə Idarəsindən isə heç bir açıqlama verilmədi.
Elmar Vəliyev kimi müdafiə edir?!
“Yerli Icra Hakimiyyətləri haqqında Əsasnaməyə” diqqətlə nəzər yetirdikdə aydın görmək olar ki, mövcud problemin qısa zamanda həll olunması istiqamətində, əlaqədar təşkilatları hərəkətə gətirmək üçün Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yetərli səlahiyyətləri var.
Hadisə ilə bağlı Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin günahkar olduğunu deyə bilmərik, amma əlaqədar vəzifəli şəxsləri məsələ ilə bağlı statistik vəziyyəti əlaqədar təşkilatlara vaxtında bildirmədikləri üçün günahkar saymaq olar.
Araşdırma zamanı məlum oldu ki, problem yaranacağı halda ilk müraciət yerli Maliyyə Idarəsinə olunmalıdır. Bundan sonra mövcud maliyə probleminin həlli yolunu müraciəti qəbul etmiş yerli Maliyyə Idarəsi araşdırıb tapmalıdır.
Gəncə şəhər Səhiyyə Idarəsindən Gəncə şəhər Maliyyə Idarəsinə yaranmış maliyyə problemi ilə bağlı rəsmi müraciət olunub. Amma bu müraciətin vaxtında olunub-olunmaması və aqibəti hələ də müəmmalı şəkildə sirr olaraq gizlədilir.
Ən maraqlı məqam isə problemin nə vaxt həll olunacağıdır, ancaq o hələ də məlum deyil.
Bəzi suallar ortaya çıxır: Görəsən, Elmar Vəliyev Gəncə şəhər Səhiyyə Idarəsinin rəisi Mehman Rzayevi, yoxsa Maliyyə Idarəsinin rəisi Natiq Cabbarovu müdafiə edir?! Bəs günahkar kimdir?! Günahkar cəzasını alacaqmı?!
Ekspertlər xəbərdarlıq edir!!!
“Əksər mütəxəssislər deyirlər ki, xəstəliyin daşıyıcılarının vaxtında aşkar olunması və müalicəsi daha vacibdir. Xəstə vaxtında və düzgün müalicə ala bilmədikdə xəstəlik daha da ağırlaşa bilər. Şəkərli diabetin xroniki ağır fəsadlarının (məsələn, hemodializ) müalicəsi üçün isə külli miqdarda vəsait lazımdır”.
“Son 20 ildə səhiyyə sistemində müəyyən islahatların aparılmasına baxmayaraq, idarəçilik və maliyyələşmə mexanizmləri dəyişməz olaraq sovetlər dövründən qalma sistem üzrə aparılır. Səhiyyənin maliyyələşdirilməsi zamanı səhiyyədə adambaşına maliyyə sistemi həyata keçirilmir. Ona görə də vətəndaşlar belə hallarla tez-tez qarşılaşır”.
Görünür, elə bu səbəbdəndir ki, səhiyyə sektorundakı çoxsaylı və çox ciddi problemlər həllini tapmır.
Belə bir məsəl var: “Insaf dinin yarısıdır”.
Səbrin də bir həddi, bir doyumu var. Əlbəttə, səbr kasası dolandan sonra heç şübhəsiz ki, daşmalıdır. Iki-üç nəfərin məsuliyyətsizliyi ucbatından 10 mindən çox xəstə dərmansızlıqdan əziyyət çəkir.
Qaraqaşlı