Və ya hakimiyyət siyasi opponentinə qarşı savaşda kimlərə möhtac qalıb?
Azərbaycan ziyalılarına, Milli Şuraya, o cümlədən, Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı Azərbaycan hakimiyyətinin apardığı şərləmə və qarayaxma kampaniyası bütün gücü ilə davam edir.
Xatırladaq ki, ötən il mayın 17-də Gültəkin xanıma qarşı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev rüsvayçı mətbuat konfransı keçirmiş, həmin tədbir hökumətyönlü mediada məqsədli olaraq geniş işıqlandırılmışdı. Mahmud Mehdiyevin orada səsləndirdiyi fikirlərin yalan olduğu isə az sonra ifşa edildi. Məsələn, o, iddia edirdi ki, Gültəkin Hacıbəyli deputat statusundan sui-istifadə edərək onu azyaşlı oğlu ilə görüşməyə qoymur. Amma sonradan məlum oldu ki, Mehdiyev 9 il ərzində övladına bir manat da aliment ödəməyib. 2006-cı ildən məhkəmə qərarı olduğu halda, uşaqla görüş üçün bircə dəfə də müraciət etməyib. Gültəkin Hacıbəylinin guya, Mahmud Mehdiyevin qardaşını Vergilər Nazirliyindən, bacısını Azərbaycan Dillər Universitetindən işdən uzaqlaşdırması barədə yalanları da adıçəkilən qurumlar özləri təkzib etdilər.
Çox keçmədi ki, hakimiyyətin Mehdiyevlər üzərindən Gültəkin Hacıbəyliyə qarşı qurduğu iyrənc şərləmə kampaniyası bütün çılpaqlığı ilə ifşa olundu. Mahmud Mehdiyev Gültəkin Hacıbəyliyə qarşı rüsvayçı addımlarının mükafatını aldı – vaxtilə qovulduğu prokurorluq orqanlarına geri qaytarıldı. Halbuki, Mehdiyev Baş prokurorun 18 iyun 2010-cu il tarixli əmri ilə “hərbi xidmətdən yayınmağa və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə” qovulmuşdu. Prokurorluq haqqında qanunun 29-cu maddəsi də belə şəxslərin prokurorluq orqanlarında çalışmasını istisna edir. Amma görünür, Mehdiyevin xidmətlərini hakimiyyət elə yüksək dəyərləndirib ki, Zakir Qaralov qanuna da, prokurorluğun nüfuzuna da, hətta öz imzasına da hörmətsizliklə barışmalı olub.
Gültəkin Hacıbəyliyə qarşı kampaniyada Mahmud Mehdiyevlə yanaşı, onun bacısı Aynur Mehdiyevanın da “xidmətləri” oldu. Eynilə qardaşı kimi o da bu “xidmətləri” qarşılığında mükafatsız qalmadı…
Filippin vətəndaşına qarşı iki ağır cinayət – insan alveri və məcburi əməyə cəlb etmə kimi əməllərin sahibi olan Aynur Mehdiyevaya cəmi bir il şərti cəza verildi. Halbuki, Cinayət Məcəlləsində bu cinayətlərə görə maddələrin sanksiyasında 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Həmin maddələrlə ittiham olunan onlarla insan hazırda həbsxanada 10-12 illik cəzasını çəkir.
Aynur Mehdiyevanı törətdiyi ağır cinayətlərə baxmayaraq, azadlıqda qalmaqla mükafatlandırılmasından sonra da yazmışdıq ki, o, Gültəkin Hacıbəyliyə qarşı kampaniyanın yenidən aktiv iştirakçılarından biri ola bilər. Hazırda Yasamal rayon məhkəməsində Mehdiyevlərin Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında davam edən məhkəmə də deyilənlərin sübutudur. Təsəvvür edin, iddia ərizəsində Aynur Mehdiyeva heç vaxt heç bir cinayət törətmədiyini, Gültəkin Hacıbəylinin ona böhtan atdığını göstərir. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qanuni qüvvəyə minmiş hökmü var. Bu faktdan sonra da məhkəmə onun böhtanla bağlı iddiasına baxırsa, deməli, artıq sözün bitdiyi yerdir.
Məhkəmə prosesində dəfələrlə Gültəkin Hacıbəylini təhqir, təhdid edərək, etik çərçivələri aşsa da, işə baxan hakim Sərdar Mehrəliyev nədənsə, onun bu cür davranışlarınn qarşısını almayıb. Hətta bəzən belə təəssürat yaranır ki, hakim Aynur Mehdiyevadan qorxur. Oktyabrın 21-də, eləcə də dünən keçirilən məhkəmə iclaslarında bu qənaət daha da möhkəmləndi. Hakim xüsusi ittihamçıların heç birinə yalan ifadə verməyə və ifadə verməkdən imtinaya görə məsuliyyətlərini xatırlatmadı. Aynur Mehdiyevaya bütün suallar “siz”lə, Gültəkin Hacıbəyli və vəkillərinə isə cavablar “sən”lə verilirdi. Mehdiyevanın hədsiz aqressiv, qeyri-adekvat davranışısına, qışqırığına, Gültəkin Hacıbəyli və vəkillərini təhqir etməsinə nədənsə, hakim çox soyuqqanlı reaksiya verirdi. Suallara Mehdiyeva bir qayda olaraq, “əcəb eləmişəm, kefim belə istəyir, ürəyim belə istəyir, özüm bilərəm” tipli cavablar versə də, hakim ona qanundan irəli gələn suallara cavab verməli olduğuna dair vəzifəsini xatırlatmaq istəmirdi. Məsələn, Mehdiyevanın saxlanması barədə xəbər bir çox media orqanlarında yayıldığı halda, onun niyə həmin orqanları deyil, bir müsahibəsində həmin məlumatlara istinad etmiş Gültəkin xanımı məhkəməyə verməsi haqqında suala cavab belə oldu: “Özüm bilərəm, kefim belə istəyir, belə eləyirəm”.
Vəkillərin suallarına Mehdiyeva bir qayda olaraq “Sən kimsən? Sənin nə ixtiyarın var məndən bunu soruşursan? Kefim istəmir, cavab vermirəm” kimi reaksiya versə də, hakim yenə seyrçi mövqedə idi.
Məhkəmədə belə bir sual-cavab da oldu:
– Siz ağır cinayətlər törətmisiniz. Barənizdə insan alverinə dair hökm var. Bu əməllər, bu hökm sizə təsir etmir. Ağır cinayət törədənlər bir qayda olaraq saxlanılır. Niyə bu söz sizə belə xüsusi təsir edir?
– Bu hökm boş şeydir, vecimə də deyil. Amma saxlanılmaq sözü ilə mən biabır olmuşam. Mən əxlaqlı qadınam, saxlanıla bilmərəm.
Yeri gəlmişkən, Mehdiyevanın suallara cavab verməməsi, kobud davranışı, qışqırması ilə əlaqədar vəkil Elçin Sadıqov məhkəməyə etirazını bildirsə də, cavab hakimdən yox, yenə də Mehdiyevadan gəldi: “Sən bu qədər vaxtı hələ bilməmisən ki, bu mənim adi danışıq tonumdur. Mən həmişə qışqıra-qışqıra danışıram. Kefim belə istəyir, belə danışıram”.
Aynur Mehdiyeva digər vəkil Bəhruz Bayramovu da kobud şəkildə təhqir edərək üstünə qışqırıb. Vəkil buna görə hakimə etiraz etsə də, Sərdar Mehrəliyev bu fakta da laqeyd yanaşıb.
Təsəvvür edin, Gültəkin Hacıbəylinin “Sizi dövlət ağır cinayətkar, insan alverçisi kimi rəsmən tanıyanda bu sizin şərəf və ləyaqətinizə toxunmur, ”saxlanıldı” sözü toxunur?” sualına Mehdiyevanın cavabı isə o qədər biabırçı idi ki, qəzet səhifəsinə çıxarmaq mümkünsüzdür.
Məhkəmə iclasının sonunda Gültəkin xanım Aynur Mehdiyevanın proses iştirakçısı kimi onu açıq şəkildə və kəskin ifadələrlə təhqir etməklə məhkəməyə hörmətsizlik etdiyinə görə cəzalandırılması barədə xüsusi qərardad çıxarılması üçün vəsatət qaldırıb: “Bu, Mehdiyevlərin proses ərzində yalan ifadə verməsi və qarşı tərəfi təhqir etməklə məhkəməyə açıq hörmətsizlik göstəməsi ilə bağlı verdiyim səkkizinci vəsatətdir. Məni qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən insan alveri cinayətini törətmiş şəxs barədə ”saxlanılmışdı” sözünə görə xüsusi ittiham qaydasında təqib edirsiz. Halbuki, onun saxlanılmaması özü hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş cinayətdir. Ağır cinayət törədən və zərərçəkənin əleyhinə ifadə verdiyi şəxs saxlanılmalıdır. Mənim heç bir ifadəmdə təhqir elementi yoxdur. Bu barədə Ədliyyə Nazirliyinin rəsmi ekspertiza rəyi var. Ancaq məhkəmədə xüsusi ittihamçılara məni təhqir etmək üçün şərait yaratmaqla siyasi sifariş yerinə yetirirsiniz və buna görə, eləcə də barəmdə siyasi sifariş əsasında saxta şikayətlə cinayət təqibi başlatdığınıza görə gec ya tez qanun qarşısında cavab verməli olacaqsınız”.
Hakim Gültəkin Hacıbəyliyə çoxlu vəsatət verdiyini, bununla məhkəmənin vaxtını aldığını irad tutub. Gültəkin xanım da öz növbəsində hakimin nəzərinə çatdırıb ki, vəsatət vermək onun hüququdur: “Mən bu vəsatətləri Avropa Məhkəməsi üçün verirəm. Gerçəkdə kimin şərəf və ləyaqətinin təhqir olunduğunu sübut etmək üçün verirəm. Orada yəqin ki, insan alverçisinin niyə saxlanılmaması, nəyin qarşılığında azadlıqda olması və niyə məhkəmədə bu davranışlarına şərait yaraılması ilə də maraqlanacaqlar”.
Dünənki məhkəmə iclasını izləyənlərdə belə təəssürat yaranırdı ki, sanki prosesi Aynur Mehdiyeva istədiyi kimi idarə edir.
Aylardır davam edən və şou təəssüratı yaradan bu məhkəmə prosesi noyabrın 7-nə qədər təxirə salındı.