«Azərbaycandakı korrupsiyalaşmış və ədalətsiz rejim ölkədə dini ekstremizmi gücləndirə bilər»
Ölkədəki repressiyalar təhlükəli gələcək vəd edir…
ABŞ-da çap olunan “National Interest” jurnalında müəllif Odri Alstat Azərbaycandakı vəziyyəti təhlil edib. Massaçusets Universitetinin professoru olan müəllif Azərbaycanda repressiyalar, siyasi, sosial ədalətsizlik fonunda ölkəmizdə dini radikalizmin güclənməsi ehtimalından bəhs edən geniş məqalə hazırlayıb. Məqalənin “Bu, IŞID-in növbəti hədəfi ola bilərmi?” başlığıyla yayımlanan birinci hissəsinin tərcüməsini təqdim edirik:
***
IŞID Azərbaycana nüfuz edə bilərmi? IŞID-in Suriya və Iraqdakı fəaliyyəti araşdırılarkən onun, eləcə də digər ekstremist qüvvələrin başqa mühüm əhəmiyyət kəsb edən ərazilərə, məsələn, strateji baxımdan həssas bölgə olan Cənubi Qafqaza, xüsusən Azərbaycana potensial təsiri məsələsinə kifayət qədər diqqət yetirilməyib. Kürdüstan muxtariyyətinin anti-IŞID planının Cənubi Qafqaz və bir neçə separatçı hərəkatlar üçün ciddi əhəmiyyəti var.
Əvvəla, IŞID məsələsi. Iraqın şimal-şərqində yerləşən Azərbaycanın əhalisi əsasən şiələrdir. Eyni zamanda bu ölkədə sünni azlıq da var. Azərbaycan dünyəvi dövlətdir, lakin prezident Ilham Əliyev ölkənin şimalında, Rusiya ilə sərhəddə Qafqaz dağları boyunca islamçı ekstremistlərin mövcudluğuna dair məsələ qaldırmışdı. Islamçı qruplaşmaların tərkibində vuruşduğu iddia olunan 26 nəfər bu yaxınlarda həbs olunub. Həmin qruplaşmalar arasında IŞID-in də adı var.
Iraqda baş verənlər Azərbaycanda təkrarlana bilərmi? Bu təhlükə nə dərəcədə realdır?
Azərbaycan bir çox əhəmiyyətli məsələlərdə Iraqdan fərqlənir. Nə dini məzhəb, nə ritorika baxımından bir əsrdən çoxdur ki, Azərbaycan siyasətində dini faktorlar rol oynamır. Azərbaycandakı müxalifət partiyalarından birinin lideri bildirib ki, Iraqdakı kimi məzhəb siyasi ciddi söhbət deyil. Azərbaycan əhalisi əsasən şiələrdən ibarət olsa da, türklərdir. Azərbaycanda sünni və şiələrin normal birgə yaşayışı 19-cu əsrə gedib çıxır. Azərbaycandakı islahatçılar 1918-1920-ci illərdə öz respublikalarını quraraq, qısamüddətli də olsa, qələbə qazana bildilər.
1920-ci ilin bolşeviklərin hakimiyyətə gəlməsi dini amili ictimai həyatdan sıxışdırıb çıxartdılar.
Beləliklə, Azərbaycan Iraqın müqayisəsi doğru deyil. Azərbaycanda dünyəviliyin dərin tarixi kökləri olduğu halda, Iraqda Bəəs partiyası bunu 1960-cı illərdən tətbiq etməyə başlayıb. Azərbaycan tarixən dini tolerantlığın olduğu ölkə kimi tanınıb, bu gün də elədir. Bakıda erməni icması və erməni kilsəsinin bağlanması qətiyyən bu ölkədə xristianlara qarşı pis münasibətlə bağlı deyil. Bu, Dağlıq Qarabağ münaqişəsindən irəli gələn məsələdir. Ümumiyyətlə, Azərbaycanda dini baxış hər kəsin şəxsi işi hesab olunur. Məscidə gedənlər, hicab taxanlara qarşı diskriminasiya, hədə-qorxu yoxdur.
Bununla belə, Azərbaycanın islamçı ekstremizmdən sığortalandığını iddia etmək də doğru deyil. Ölkənin şimalındakı sünni əhali Şimali Qafqazdakı islamçı raddikallıqdan təcrid olunmayıb. Bir sıra ekspertlər hesab edir ki, Azərbaycan cəmiyyətində, xüsusən kənd rayonlarında məzhəblərarası qarşıdurma elementləri var. Amma hələ ki, bunun aşkar dəlilləri yoxdur.
Əliyev rejimi hər cür dini qrup və insanları, o cümlədən vəhhabiləri, sələfiləri faydasız hesab edir. Inanclılar aralarındakı fərqə baxmayaraq, təqib olunur. Mövcud vəziyyət Azərbaycanda radikal Islamın yaranıb-yaranmayacağı barədə qəti bir söz deməyə imkan vermir.
Islamçı qruplaşmalar varsa da, bu hələ böyük təhlükənin olması demək deyil. Iki faktor onu təhlükəli edə bilər. Əvvəla, kasıblıq və ədalətsizlik radikallıq yaradır. Neft sərvətlərinə, Bakının müasirləşməsinə baxmayaraq, ölkədəki iqtisadi, sosial və siyasi ədalətsizliklər Azərbaycanı islamçı ekstremizm üçün hədəfə çevirir. Bakının mərkəzindən fərqli olaraq, şəhərin kənarında kasıblıq açıq-aşkar görünür. Sovet dövründə təhsil almış adamlar iş tapa bilmir. Eyni zamanda, onların bir çoxu övladlarına yaxşı təhsil verə bilmir.
Alternativ varmı? Rejimin iddia elədiyi orta sinif yaranacaqmı? Bu məsələ ilə bağlı verilən məlumatlar nəticə çıxarmaq üçün kifayət deyil. Azərbaycanda rüşvətxorluq və korrupsiya geniş yayılmış xəstəliyə çevrilib. Adamlar, hətta ən adi işə qəbul olunmaq üçün rüşvət verməyə məcbur olurlar. Korrupsiyalaşmış və ədalətsiz rejim əhalini dinə meylləndirə bilər. Radikal liderlər bu cür atmosferdən istifadə edə bilər və o halda, indiki dövr problemlərin həlli üçün əldən çıxmış fürsət kimi dəyərləndiriləcək.
Azərbaycandakı hakim rejim açıq müzakirələri boğur. Hətta yumşaq fərqli fikirlilər belə sıxışdırılır və bu cür münasibət ekstremizmə yol açır. Son illər Azərbaycanda hakimiyyətin repressiyaları artıb. Bu repressiyalar nəticəsində həqiqi demokratik müxalifət partiyaları hədsiz zəiflədilib. Onlar şəhərin mərkəzindəki qərargahlarından çıxarılıb və ya ümumiyyətlə, bağlanıb. Vətəndaşlara sərbəst toplaşmaq, mitinq keçirmək imkanı verilmir. 2010-cu ildə keçirilən son parlament seçkiləri beynəlxalq müşahidəçilər tərəfindən qeyri-azad, ədalətsiz hesab olunub. Həmin seçkidən sonra müxalifət partiyalarının təmsilçilərinə parlamentə düşmək imkanı verilməyib. Demokratik müxalifətin, hətta özünü müdafiə edə bilməyəcək həddə zəifləməsi onların dəyişiklik edə bilmək imkanlarını olduqca məhdudlaşdırıb. Belə olan halda, islamçıların mövqelərinin güclənməsini istisna etmək olmaz.
(Ardı növbəti sayımızda)