Qubad Ibadoğlu, Vurğun Əyyub və Tural Abbaslı görüşərək, atacaqları addımları müəyyənləşdiriblər
Müsavat partiyasında qurultaydan sonra yaranmış mübahisələr, qarşılıqdı ittihamlar davam edir. Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyasının keçmiş üzvü, qurultayın nəticəsindən narazı qalanlardan olan Əlövsət Talışxanlı ilə partiya Məclisinin üzvü Osman Kazımov bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər. Osman Kazımovun Əlövsət Talışxanlının qohumuna pulsuz hüquqi yardım göstərdiyini açıqlaması qarşı tərəfin etirazına səbəb olub. Əlövsət Talışxanlı bunu yalan adlandırıb.
Qeyd edək ki, Osman Kazımov partiyadaşının fikrinə cavab olaraq bunları demişdi: “Əlövsət Talışxanlının ən yaxın insanının müdafiəsində iştirak etmişəm. Çox təəssüf ki, təmənnasız. Buna indi təəssüflənirəm. Hər bir halda, haqqımı onun qohumuna halal edirəm”.
Əlövsət Talışxanlı “musavat.com”a açıqlamasında onun dediklərinə belə cavab verib: “Mənim siyasi proseslərlə bağlı fikrimə şəxsi məsələmi qatması normal deyil: ”Həm də bildirir ki, qohumuma təmənnasız yardım edib. Ancaq bu, doğru deyil. Mən heç Osman Kazımovu tanımırdım, onu vəkil tutanda isə əvvəlcə bildirildi ki, hesaba 200 dollar köçürmək lazımdır. Daha sonra yenə 200 dollar köçürməyimi istədilər. Bunlar xidmət haqqı idi. Beləliklə, ümumilikdə vəkilə 500-600 dollar pulumuz çıxdı. Bu, rusum idi, o, məndən rüşvət istəməyib, bəlkə onu deyir? Yəni o, bizdən xidmət haqqı almışdı, bəlkə rüşvət istəyirdi? Nəyi deyiblərsə, ödəmişəm. Hətta kürəkənim dedi ki, vəkili dəyişək, ancaq dəyişmədik. Bu qədər ödənişlərin müqabilində isə onu cəmi bir dəfə müdafiə etdiyi şəxsin yanına Bayıla göndərə bildik, o da güc-bəla ilə. Onun vəkillik fəaliyyəti bizi qane etmədi. Mən elə bilirdim ki, açıqlama verdiyimdə Surət Hüseynovun adı ilə onun adını birgə çəkdiyim üçün Surət Hüseynov inciyər. Mən bilməzdim ki, buna görə Osman inciyər”.
Əlövsət Talışxanlı bildirmişdi ki, Osman Kazımov Surət Hüseynovu Gəncə qiyamı zamanı təntənə ilə qarşılamağa hazırlaşanda Isa Qəmbər həbsdə idi və bəzi partiyadaşlar ona yemək aparırdılar: “Eşitdiyimə görə, Osman Kazımov Gəncə hadisələri vaxtı təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşanda Isa Qəmbər tutulmuşdu, təcridxanada idi. Elə müsavatçılar var idi ki, o zaman təzyiqlərə baxmayaraq, Isa Qəmbərə yemək aparırdı. Ancaq Osman Kazımov o vaxt Füzuli Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri işləyirdi və təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşırdı. Belə adamdan nə desən, gözləmək olar”.
“Arif Hacılı münasibətləri daha da kəskinləşdirən addımlar atıb”
Bu arada, Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub, partiya başqanlığına sabiq namizədlər Qubad Ibadoğlu və Tural Abbaslı arasında görüş keçirilib. Tural Abbaslı APA-ya açıqlamasında deyib ki, görüşdə partiya daxilindəki vəziyyət, istefalar, narazılıqlar və atılacaq addımlar müzakirə olunub. O bildirib ki, ilkin müzakirələrdə ümumi prinsiplər əsasında razılıq əldə olunub: “Heç bir halda partiyadan ayrılmamaq şərti ilə, Nizamnamə çərçivəsində birgə fəaliyyət platformasını aydınlaşdırdıq”.
Tural Abbaslı qeyd edib ki, hazırda Müsavatda başqan Arif Hacılı tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşıb və bu da partiyadaxili demokratiyaya uyğun deyil. O, alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac olduğunu söyləyib: “Əks fikir demək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. Nəzərə alsaq ki, başqan çox cüzi fərqlə seçilib, onda bu amillər nəzərə alınmalı və barışdırıcı bir siyasət yürüdülməli idi. Amma təəssüflər olsun ki, son bir ayda Arif Hacılı tərəfindən münasibətləri daha da kəskinləşdirən addımlar atılıb və bu, davam edir. Illərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına yol açacaq”.
Tural Abbaslı yaradılacaq birliyin Nizamnaməyə zidd olduğu barədə deyilən fikirlərə də münasibət bildirib: “Biz bu məsələni dünən də partiyada müzakirə etdik. Düzdür, Nizamnamədə fraksiya sözü işlənməyib. Ancaq əsas odur ki, bu tip birliklərə də qadağa qoyulmayıb. Ona görə də heç bir Nizamnamə pozuntusu yoxdur. Müsavatçıların bir araya gəlmək hüququ var. Bunun adını qərəzli şəkildə yozmaq, bölücülüklə əlaqələndirmək düzgün deyil. Bu məsələ ilə bağlı biz keçmiş başqan Isa Qəmbərlə də müzakirə aparmışıq”.
“Partiya bir qrupun ola bilməz”
“Ardıcıl siyasət olmalıdır. Bir gün qucaqlaşma təklif edirlər, bir gün sülh.., bir gün müharibə aparırlar. Bu, nə yanaşmadır, mən anlaya bilmirəm. Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdiririk. Münasibətləri tənzimləyən sənədlər olmalıdır, yoxsa bir tərəfdən partiyanın üzvləri üzvlükdən xaric olunur. Indiki halda partiyada münasibətlərin şiddətlənməsi fonunda bir problem yaranıb ki, bu da bir qrup adamların yaratdığı problemdir. O adamları da idarə etmək lazımdır. Ancaq partiya bir qrupun ola bilməz, mümkün deyil. Ilk növbədə, biz yol verməyəcəyik, partiya özəlləşdirilə bilməz” – bunu isə “musavat.com”a başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu deyib.
O bildirib ki, partiyanın möhkəmlənməsi üçün öz təkliflərini veriblər: “Indi bunları siyasiləşdirib bəyanat şəklində təqdim etmək düzgün yanaşma deyil. Bundansa Müsavat Partiyası Məclisi bələdiyyə seçkilərini müzakirə edəydi, iki ay sonra seçkidir. Ancaq partiya hələ də mövqe qoymayıb ortalığa. Bələdiyyə, parlament seçkiləri ilə bağlı müzakirələr aparmağın vaxtıdır. Ancaq Məclisdə müzakirə mövzusu partiya daxilində ayrı-ayrı üzvlərin cəzalandırılması, cavabının verilməsi ilə bağlıdır. Bu müzakirələr partiya üçün yaxşı perspektiv vəd etmir. Bu yanaşmadan əl çəkməlidirlər. Biz arayışımıza rəy alandan sonra dəyərləndirəcəyik, öz mövqeyimizi bildirəcəyik”.
“Məni Müsavatdan qovmağa hazırlaşırlar”
Müsavat fəalı Ismayıl Kəsəmənli isə onun partiyadan çıxarılması istiqamətində iş getdiyini bildirib: “Məni Müsavat partiyasından qovmağa hazırlaşırlar! Və istədikləri isə üzr istəyib əfv diləməyimdir. Unutmayın, mən heç zaman söylədiyim haqq fikirlərə görə heç kimdən üzr istəmərəm! Çünki mən Qubad Ibadoğlu kimi haqq söyləyən bir liderin yanındayam!”
Mərkəzi Nəzarət Təftiş Komissiyasının yeni sədri bəlli oldu
Dünən Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib. Partiyadan verilən xəbərə görə, iclasda MNTK-nın bütün üzvləri iştirak edib. MNTK-nın iclasının gündəliyində üç məsələ olub: MNTK sədrinin seçilməsi, başqanlığa sabiq namizəd Qubad Ibadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa verilən ilkin rəyin müzakirəsi və cari məsələlər.
Məlumata görə, MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb. Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.
Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad Ibadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.