Nemət Əliyev: «Mərkəzi Bank əmanətçilərə şərait yaratmalıdır ki, öz vəsaitlərini geri çəksinlər»
Yanvarın 1-dən sonra ölkədə fəaliyyət göstərəcək bankların sayı indikindən az ola bilər. Çünki məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının lisenziyası ləğv ediləcək.
“Azadlıq”ın ötən saylarından birində xəbər verdiyimiz kimi, Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, kapitalla bağlı tələbi yerinə yetirə bilməyəcək bankların sayı 5-6 ola bilər. Bank rəhbərinin sözlərinə görə kapitalın 99 faizini əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər: “Bu bankların aktivləri ümumi bank aktivlərinin 1 faizi ətrafındadır. Tələbi yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır. Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlarla danışıqlarımız gedir”.
Elman Rüstəmov onu da qeyd etmişdi ki, sözügedən maliyyə təşkilatlarında əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından, əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.
Mərkəzi Bank statistik bülletenində məcmu kapitalı ilə bağlı bankların adlarını açıqlamır. Bununla belə, “Bizim Yol” qəzeti aydınlaşdırıb ki, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankların ikisi xarici kapitallıdır. Qəzetin yazdığına görə, xarici kapitallı 3 bankın məcmu kapitalının qoyulan tələbdən az olduğu müəyyən olunub. Bunlar “Bank Milli Iran”, “United Kredit Bankı” və “Azəri-Türk Bank”dır.
Qoyulan tələbi hələ ki, yerinə yetirməkdə çətinlik çəkən digər banklara gəlincə, “Dekabank”ın adı çəkilir. “Bank Avrasiya”da da vəziyyət ürəkaçan deyil.
“Parabank”ın da məcmu kapitalı qoyulan normanı ödəmir. “Günay bank” isə rüblük hesabatlarını açıqlamadığına görə, məlumat əldə etmək bir qədər çətindir.
“Azəri Kredit Bank”ın bağlanması isə artıq labüdləşib. Bank, hətta hazırkı tələbi (məcmu kapitalının 10 milyon manat olması ilə bağlı mövcud olan tələb) belə, yerinə yetirmir.
Maraqlıdır, müəyyən banklar fəaliyyətini dayandıracağı halda, hansı problemlər ortaya çıxa bilər?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ilk növbədə həmin bankların müştəriləri problemlə qarşılaşacaq. Bəzi digər bankların monopolist mövqeyinin daha da möhkəmlənəcəyini qeyd edən ekspertin sözlərinə görə, maliyyə vəsaitlərinin bir qrupun əlində təmərküzləşmə prosesi daha da güclənəcək:
“Əmanət və hesablar bankda yerləşdirildiyindən, bu istiqamətdə çətinliklər yaşana bilər. Mərkəzi Bank həmin bankların bağlanması qərarını verirsə, bunu görməzdən gəlməsi düzgün olmaz. Hökmən müəyyən bir dövr üçün əmanətçilərin öz vəsaitlərini banklardan geri çəkməsini təmin etməlidir. Müştərilərin öz hesablarını başqa banklara yerləşdirməsinə şərait yaradılmalıdır. Bankların bağlanmasını elə bir formada həyata keçirmək lazımdır ki, müştəri və əmanətçilərin maraqlarına ziyan gəlməsin. Ümumiyyətlə, bankların bağlanması addımı yanlışdır. Hökumət bu gün elə bir dəst-xətt tutmalıdır ki, banklar müəyyən tələblərə cavab verməli, nizamnamə kapitalı üzərinə qoyulan öhdəliklər yerinə yetirilməlidir. Bununla belə, bankların fəaliyyətinə geniş meydan verilməlidir. Hamı bilir ki, bankların yarıdan çoxu müəyyən şəxslərin əlində cəmləşib. Belə bir şəraitdə, az-çox müstəqil fəaliyyətilə seçilən bankların dayandırılması hansı məntiqə sığır?”
Nigar