BŞIH əlillərin toplaşmasına da qadağa qoyub
Əlil və şəhid ailələrinin hüquq və azadlıqlarının “YAP hakimiyyəti”nin mənimsəməsinə etiraz olaraq 8 noyabr 2014-cü il tarixinə təyin edilən mitinqə BŞIH mane olur. 28 oktyabr 2014-cü ildə bu sətirlərin yazarını meriyaya çağırıb mitinqin təhlükəsizliyini təmin edə bilməyəcəyini(??), hansısa birlik üzvü olmayanların mitinq keçirmək hüququnun olmadığını(??), mitinq üçün əlil təşkilatlarına müraciət etməyi(??) məsləhət bildilər. Bu isə Konstitusiyanın 49 və 58-ci maddələri ilə təsbit olunan azadlıqlara qadağa qoymaqdan başqa bir şey deyil. Əlillər niyə mitinq qərarı veriblər və nəyə görə onların konstitusion hüquqlarına qadağa qoyulub?
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 25, 26 maddələrinə görə, əlillərin məşğulluğu təmin olunmalıdır. Bu məqsədlə ölkədə hər 25 iş yerindən birinin əlillər üçün nəzərdə tutulması təsbit olunub. Lakin nəinki buna əməl olunur, əksinə, 26-cı maddəyə zidd olaraq onlarla icarə müqaviləsi belə bağlanılmasına qadağa qoyulub. Heç məhkəmə qaydasında da əlillər sahibkarlıq hüquqlarını təmin edə bilmir. Fikir verin, hər məhkəmədə cavabdeh dövlət qurumları 3-cü şəxsin adına saxta “kupça” ilə “mülkiyyət hüquqlarını əlillərin pozmasına” imkan vermir.
Sözügedən qanunun 14-cü maddəsinə görə, əlillərin bütün dövlət tibb müəssisələrində ödənişsiz tibbi yardım almaq hüququ olsa da, praktikada “ödənişsiz” haqqın dəyəri minlərlə manatı keçir. 3 il qabaq Dövlət Gömrük Komitəsinin hospitalında ayağı kəsilən əlilə 7 min manat qarşılığında “ödənişsiz” xidmət edilib. Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında hətta “ödənişsiz” haqqa “əlillik faizi” də əlavə olunur ki, ölüm riskini, yəni xəstəxanaya dəyə biləcək ziyanı sığortalasınlar.
Qanunun 31-37-ci maddələrində sosial infrastrukturun əlillərə maneəsiz müyəssər olması təsbit olunsa da, əksinə, icra hakimiyyəti orqanları onları bu hüquqdan tam məhrum edərək, onlara verilən mənzilləri belə zəbt edib, yerində özlərinə “sosial” sahibkarlıq obyektləri, 3-4 mərtəbəli “sosial daxmalar” tikirlər. Çoxmərtəbəli “daxmaların” qazlaşdırılması, isidilməsi və s. sosial problemləri də əlillərin hesabına gerçəkləşdirilir. 34-cü maddəyə görə, əlillərə qaraj yeri ayrılmalı olduğu halda, həmin çoxmərtəbəli “sosial daxmaların” ucbatından yaxınlıqda yer olmamasını “əsas” tutub qanuna qadağa qoyurlar.
Qanunun 36, 41, 42, 43 maddələrində Qarabağ əlillərinə rabitə, nəqliyyat, tibb, kommunal xidmət əvəzi sosial müavinət verilməsi təsbit olunsa da, Bakıda 2012-ci ilin mayında keçirilən “Avroviziya” mahnı yarışması çağından – 30 aydır kəsilib. Belə çıxır, bu yarışma da əlillərin sosial müavinətləri ilə maliyyələşib(??)!
“Torpaq islahatı haqqında” qanunun 14 və 19-cu maddələrinə görə, Qarabağ əlillərinə toplam 3 pay pulsuz torpaq verilməlidir. RIH və bələdiyyələr isə əlillərin istifadələrində olan torpaqları saxta sənədlərlə “3-cü şəxslərə” satırlar. Məhkəmələrə isə iddiaları icraata götürməmək göstərişi verilib.
Məhkəmələrin əlillərin xeyrinə çıxardığı “sosial” aktlar da icra olunmur. Fikir verin, Dövlət Sığorta Şirkəti 2006-cı ildən sığorta məbləği 11 min olduğu halda müharibə əlilinə və şəhid ailəsinə bu məbləği ödəməkdən imtina edir ki, məbləğ on dəfə azdır və… icra şöbəsinə ödənilməlidir. Amma sığorta şirkətləri iddia belə qaldırmadıqları halda, icra şöbələri onların adından əlillərə qarşı saxta məhkəmə aktı tərtib edib reketliklə pul tələb edirlər. Bu harada yazılıb? Necə olur, qanuni məhkəmə aktını icra etmirlər, amma saxta akt tərtib edib əlillərin pensiyasına, reabilitasiya vasitəsinə və s. qənim kəsilirlər? Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti də sığorta şirkətlərinə nəzarət etmək əvəzinə rüşvətə nəzarət edirlər.
Prokurorluq orqanları da əlillərin şikayətlərini nəinki araşdırır, əksinə, onları “rahatsız” etdiklərinə görə əsəbiləşirlər. Konstitusiyanın 133-cü maddəsinə əsasən qanunların eyni cür və dürüst icrasının və tətbiq olunmasının prokurorluq orqanlarının üzərinə düşdüyünü xatırladanda isə bunun ümumi xarakter daşıdığını bildirirlər.
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun bütün maddələrini sadalamaqla işləmədiyinə yəqin olmaq olar. Ona görə də biz mitinq qərarı vermişik. BŞIH isə bizi siyasətə sürükləyir. Yalnız siyasi partiyaların, qeydə alınan birliklərin mitinq hüququ olduğunu bildirir.
Indi biz də Milli Şura ilə birlikdə mitinq təşkil etmək hüququmuzdan yararlanmaq zorundayıq.
Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili, jurnalist