Kür daşqınları və Qax-Zaqatala zəlzələsinə görə büdcədən ayrılan 1 milyarda yaxın pulun əhəmiyyətli hissəsi korrupsiyanın qurbanı olub
Oqtay Gülalıyev: «Demək istəyirlər ki, görürsünüz biz nə qədər obyektiv, ədalətli təşkilatıq, ən kiçik mənimsəmələri də bağışlamırıq»
Korrupsiyaya Qarşı Mübarizə Idarəsi və Fövqəladə Hallar Nazirliyi 2012-ci ildə Qax-Zaqatala-Balakən bölgəsində baş vermiş zəlzələ zamanı zərər çəkən sakinlərin əmlakının mənimsənilməsilə əlaqədar birgə əməliyyat keçirib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat və Layihə Konstruktor Inşaat Materialları Institutunun kiçik elmi işçisi olmuş Feyruz Məmmədov həbs olunub. O, Qax sakinlərinin 42 min manat pulunu mənimsəməkdə ittiham olunur.
Feyruz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə ittiham irəli sürülüb.
Qax-Zaqatala zəlzələsi zamanı vətəndaşlara dəymiş ziyan və dövlət tərəfindən verilən kompensasiyalarla bağlı məsələni araşdıran “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, məsələyə başqa aspektdən baxmaq daha yaxşı olar: “Söhbət ondan gedir ki, 2010-cu ilin yazında Kür-Araz daşqınları və 2012-ci ilin yazında baş vermiş Qax-Zaqatala zəlzələsilə əlaqədar dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait ayırıb. Bu vəsaitin çox cüzi hissəsi qalıb. Bizim araşdırmalarımız göstərir ki, xərclərin əhəmiyyətli hissəsi korrupsiyanın qurbanı olub, o cümlədən qeyri-səmərəli xərclənib. Eyni zamanda, tikilən evlərin dəyəri şişirdilmiş bazar qiymətlərilə hesablanıb. Bu barədə kifayət qədər hesabatlarımız olub. Bu vəsaitlər hara xərclənib? Hansı işlər görülüb? Niyə şəffaf, səmərəli xərclənmədi? Niyə indiyə qədər Fövqəladə Hallar Nazirliyi xərclənən vəsaitlərlə bağlı təfsilatlı hesabat təqdim etməyib? Bu günə qədər nazirlik ”Kür” Vətəndaş Cəmiyyətinin suallarını cavablandırmayıb. Daha ciddi maliyyə maxinasiyaları, korrupsiya faktları bu xərclənən vəsaitlərin içərisindədir. Düzdür, nazirliyin əməkdaşının pul mənimsəməsi məsələsi araşdırılmalı, hüquqi qiymət verilməlidir. Ancaq daha ciddi korupsiya faktları başqa ünvanlarda, daha yüksək səviyyədə həyata keçirilib”.
Oqtay Gülalıyevin fikrincə, Fövqəladə Hallar Nazirliyi özünə şəffaf imic yaratmaq üçün kiçik işçilərini qurban verir: “Cəmiyyətə göstərmək istəyirlər ki, görürsünüzmü biz nə qədər obyektiv, ədalətli təşkilatıq, ən kiçik mənimsəmələri də bağışlamırıq. Bəs, onda yüzlərlə, minlərlə insan niyə narazıdır? Bunu araşdırmaq lazımdır. Bir neçə il öncə Türkiyənin Van vilayətində baş verən zəlzələ zamanı bu vəsaitdən 6 dəfə az vəsait ayrıldı, ancaq bundan 3 dəfə artıq iş görüldü. Bu fakt özü göstərir ki, Kür-Araz daşqınları və Qax-Zaqatala zəlzələsi zamanı ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə korrupsiya qurbanı olub”.
Ramin