«Nazim İbrahimov həmin binanın sökülməsindən hökumətdən 20 milyon manat pul aldı, onun cəmi 6 milyon manatını bizə verdi»
Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Sahib Ibrahimovun keçmiş şəriki Ilham Qasımov Ibrahimovlarla aralarında olan münaqişə ilə bağlı “Bizim Yol” qəzetinə müsahibə verib. Ilham Qasımov əvvəlcə Sahib Ibrahimovla ortaqlağının tarixçəsindən danışıb: “Sahib Ibrahimov təsadüfən başqa bir biznes üçün yanıma gəlmişdi. Orada münasibətlərimiz yarandı.
Mən o zaman ev tikirdim. Dedi ki, Bakı Əyləncə Mərkəzinin yerini satırlar, almağı təklif etdi. Mən də razılaşdım. 0.70 ha ərazini ”ISR Plaza”nın sahibi Isgəndər Xəlilovdan 6 milyon manata aldıq. Özünün də pul qoyacağını dedi, etiraz etmədim. Sonradan pul qoymadı, adı isə “ortaq” getdi, 25 faizə şərik çıxdı. Pulun hamısını isə mən verdim. Sonradan gördük ki, bu cür alınmır, vəsait yoxdur, Türk vətəndaşlarını dəvət etdik. “Mərcansoy” şirkətinin sahibləri gəlib tikintiyə rəsmi olaraq 3,5 milyon manat sərmayə yatırdılar, binanı inşa etdik. Sahib Ibrahimov bir qəpik qoymasa da, mənzil satışından daxil olan vəsaiti götürüb özünə, qardaşı Nazim Ibrahimova 150 min dollarlıq saat alır, binalardan evlər verir, cürbəcür avtomobillər – “Rolls-Royce”, “Bentley”, “BMW”lər əldə edirdi. Axırda ona dedim: “Sahib, sən buraya sərmayə qoymamısan, ortaq deyilsən. Pul qoymaq əvəzinə olanı da hesabdan çıxarıb qardaşına saat alırsan, cürbəcür avtomobillərə xərcləyirsən”. Şirkətdə direktor Nazimin qaynı, indi həbsdə olan Məzahir Cəfərov idi. Pulları da Sahibə o verirdi. Sonradan mənim bundan narazı olduğumu görüb: “Mən bilmirdim ki, Sahibə pul vermək olmaz, indən belə vermərəm”, dedi. Məzahir Cəfərov direktor olduğu dövrdə Sahib maliyyə sənədlərinə qol çəkib kassadan 8 milyon 250 min manat pul götürüb. O vaxt Sahib qaynını ortaya çıxartdı, dedi: “Gəl, türklərə haqq verməyək, onları aldadaq, onlara ”ataq””. Dedim: “Mən belə şey edə bilmərəm, onlar pul keçiriblər”. Sonra da türklər gedib şikayət etdilər”.
Ilham Qasımovun sözlərinə görə, türklərin şikayətini belə izah edib: “Onlar Sahibin mənzilləri saxta yolla satdığı barədə məlumat almışdılar. Elə bildilər ki, mən də Sahibə qoşulmuşam. O vaxt heç mənim də xəbərim yox idi, soruşdular, dedim: ”Elə şey ola bilməz”. Məndən də şübhələndilər, ona görə də şirkətin özündən şikayət etdilər, şirkətin ümumilikdə yoxlanmasını istədilər. Məsələ hüquq-mühafizə orqanları – Baş Prokurorluq, Daxili Işlər Nazirliyi səviyyəsində qaldırıldı. Onda baxdıq ki, “Sahil D” kompleksində Sahib özlərinə məxsus “STS” şirkətinin saxta möhürü ilə 71 mənzili bir ucdan kimə gəldi satıb. Mənim bu işdə əlim olmadığı sübut edildi. Sonradan məhkəmələrdə də mən və türk şirkətinin təmsilçiləri eyni mövqedən çıxış etmişik. Daha sonra müraciətlər əsasında iş Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş Idarəsinə gedib. 71 evlə bağlı idarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb, istintaq gedir. Bundan başqa, qeyri-yaşayış sahəsi olan mağazanı yenə qanunsuz olaraq saxta möhürlə “Improtex Motors”la barter edib əvəzində 650 min manata “Rolls Roys”, 300 min manata “Bentley”, biri 150 min, o biri 180 min manata 2 “BMW” avtomobili götürüb”.
Ilham Qasımov bildirib ki, Sahib Ibrahimovla ortaq olub, Nazim Ibrahimov isə onlara dəstək verib. Onun sözlərinə görə, komitə sədri şəxsən gəlib işlərlə maraqlanırmış: “Bütün işlərə qarışır, telefonla da əlaqə saxlayırdı. Eyni vaxtda biz Karl Marks dairəsində də hündürmərtəbəli binanın tikintisinə başladıq. Oradakı yeri Nazim adlı şəxsdən 750 min manata aldıq. Vaxtilə ”Su Tikinti Sazlama” təşkilatına məxsus, sonradan səhmdar cəmiyyətə çevrilmiş müəssisənin yerində iki bloklu, 18 mərtəbəli binanın 25 faizinə Sahib Ibrahimov ortaq idi. Pul qoymayan ortaq. Hər ikisinə pul qoyacağını desə də, heç birinə vəsait yatırmadı. Tikilinin sənədləri qaydasında idi, lakin dövlət sökməyə qərar verdi, söküldü. Nazim Ibrahimov həmin binanın sökülməsindən hökumətdən 20 milyon manat pul aldı, onun cəmi 6 milyon manatını bizə verdi, yerdə qalan 14 milyon manatını vermədi. Bugünə kimi də verməyib. O vaxtlar prezident seçkiləri öncəsi idi. Səs-küy olmağını istəmədim, orada ev alan insanların hamısını gətirib mənə məxsus “Real” MTK-nın tikdiyi binalarda yerləşdirdik. Ibrahimovlar da gah bu gün-sabah qaytaracağına söz verir, gah da: “Dövlət pul ödəmədi”, deyir. Beləcə işi uzadır”.
Ilham Qasımov onu da qeyd edib ki, Sahib Ibrahimov qardaşının məmur olmasına güvənərək qanunsuz işlər görüb:
“Qardaşına arxayındır. ”Dövlət tuta bilirsə, məni tutsun”, deyir”.
Bununla belə Ilham Qasımov hesab edir ki, sonda Sahib Ibrahimov da həbs ediləcək: “Hazırda 71 mənzilin işinə Korrupsiyaya qarşı mübarizə Idarəsində baxılır. Nazim Ibrahimovun qaynı, şirkətdə direktor olan Məzahir Cəfərov ona görə ”içəri”dədir. Sahibin qaynı Taleh Abdullayev də axtarışa verilib. Tezliklə o da, Sahib də tutulacaq. O zaman bütün pulları ödəyəcəklər”.