Hiss ediblər ki, hansısa aldadıcı manevrlər etməsələr, beynəlxalq sanksiyalarla üzləşə bilərlər
Burada deyirlər, bir addım irəli, iki addım geri. Hakimiyyət könülsüz də olsa, nəhayət, geriyə bir addım atdı. İnsan haqları üzrə İşçi Qrupunun yaranması faktı, onun tərkibinin necəliyindən asılı olmayaraq, artıq bir etirafdır. Etirafdır ki, ölkədə insan haqları sahəsində ciddi problem var. Ölkə məhkəmələrinin hökmlərinə etimad yoxdur. Bu məhkəmələrin “cinayətkar” elan etdiyi şəxslərə xalqın mühüm bir hissəsi fədakar insanlar kimi baxır, beynəlxalq aləm bu fədakar insanları mükafatlandırır, hakimiyyət də bu şəxslərin adi yox, ən azı “problemli” məhbus olduğunu qəbul edir. Əlbəttə, bu kiçik nəticə ilk növbədə məhbus dostlarımızın öz mübarizliklərinin, sonra da onlara həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dəstək olmuş təşkilatların, şəxslərin əməyinin nəticəsidir.
Ancaq bizim onsuz da illüziyamız yox idi, bilirdik ki, hökumətin belə bir tərkibdə İşçi Qrup yaratmaqda məqsədi siyasi məhbus problemini həqiqətən də həll etmək deyil, sadəcə problemin həllinə çalışdıqları görüntüsü yaratmaqla vaxt udmaqdır. Hiss ediblər ki, hansısa aldadıcı manevrlər etməsələr, beynəlxalq sanksiyalarla üzləşə bilərlər. Siyasi məhbus problemini həll etmək üçün hakimiyyətə yeni qurum yox, siyasi iradə lazımdır. Bu siyasi iradənin olmadığını isə ictimaiyyətə bu gün özləri bir daha nümayiş etdirdilər.
Bu gün tanınmış hüquq müdafiəçisi Leyla Yunusla bağlı həbs-qətimkan tədbiri daha 4 ay, nüfuzlu hüquqşünas İntiqam Əliyevlə bağlı isə daha 3 ay artırıldı. Yeri gəlmişkən, elə bu gün xəbər yayıldı ki, Beynəlxalq Qadın İnsan Haqları Müdafiəçiləri Koalisiyası Leyla xanımı Nobel mükafatına namizəd irəli sürüb. Leyla xanımın səhhətində ciddi problem olduğunu, həyatına təhlükə yarandığını gərək heç kim unutmasın. Bu gün məlum oldu ki, İntiqam bəyin də səhhətində ciddi problem var. Məhkəmədə vəziyyəti pisləşib, həbsxanaya xüsusi maşınla qaytarmalı olublar. Beləliklə, çox aydın şəkildə görünür ki, ölkədə siyasi məhbus problemi həll olunmur, sadəcə hakimiyyət imitasiya mərhələsinə yenidən qayıtmağa məcbur olub.
Milli Şura olaraq sizlərlə birlikdə 12 oktyabrda çoxminlik mitinqdə siyasi məhbuslarımıza azadlıq tələb etdik. Bu haqq davasında onların yanında olduğumuzu uca səslə bəyan etdik. Bu tədbirimiz bir tərəfdən məhbus dostlarımıza və onların ailələrinə mənəvi təsəlli oldu, digər tərəfdən də repressiyalara məruz qalan müxalifət tərəfdarlarının özünə güvənini artırdı. Hakimiyyət də anladı ki, repressiyalarla Azərbaycan xalqını ram etmək mümkün olmayacaq.
Dostlar, xalq olaraq şərlənərək həbs edilmiş ləyaqətli övladlarımızın müdafiəsini daha da əzmlə davam etdirməliyik. Son günlərdə sosial şəbəkələrdə ayr-ayrı fəal vətəndaşlar “Siyasi məhbuslara azadlıq!” tələbilə yenidən mitinq keçirilməsini təklif edirlər. Mən də mitinq mövzusunu daha böyük auditoriyanın – səhifəmi izləyənlərin müzakirəsinə çıxarıram. “Siyasi məhbuslara azadlıq!” tələbilə yenidən mitinq keçirəkmi? Mitinq keçirəsi olsaq, mitinqdə daha hansı tələbləri irəli sürək?