Jurnalist, ictimai fəal Laçın Məmişov təhdid olunur. Bu barədə Azadlıq qəzetinə Laçın Məmişov özü məlumat verib. Sənədli film çəkilişi ilə bağlı xaricdə olduğunu bildirən L.Məmişov deyir ki, Binəqədi Rayon Polisindən onun ölkəyə gəlməsi tələb olunur və bildirilir ki, onun barəsində il yarım öncə edilən şikayət yenidən istintaqa qaytarılıb:
“Bu tamamilə yol verilməzdir. Çünki qanunla heç bir əsaslı dəlil və sübut olmadığı üçün iki dəfə təhqiqatdan rədd olunan iş bu qədər vaxtdan sonra yenidən istintaqa qaytarıla bilməz. Bu qanuna ziddir. Mənim barəmdə, məqsədli şəkildə böhtan kampaniyası aparan AZTV-nin əməkdaşı Aida Eyvazlı mənə şər ataraq, ondan külli miqdarda pul alıb qaytarmamağım barədə şikayət edib. Bu şikayətin xarakteri mülki olsa belə, mənə qarşı dələduzluq maddəsi ilə iş açıblar. Bu isə bir daha mənim həbsimin sifarişli olmasıni göstərir”- L.Məmişov belə deyir.
Onun sözlərinə görə, sentyabrdan özünü Binəqədi Rayon Polis Şöbəsinin baş müstəntiqi kimi təqdim edən Kərim Xələfov, ona zəng edərək bildiriş olmadan polisə gəlməsini tələb edir:
“Mən ona izah edirəm ki, xaricdəyəm, gələ bilmərəm. Rəsmi bildiriş göndərin, ehtiyac varsa, vəkilim gəlib işlə taniş olub, bildirişi götürsün. O isə məni yalan danışmaqda, Azərbaycanda gizlənməkdə ittiham edir və mütləq özmün gəlməli olduğumda israr edir. O eyni zamanda deyir ki, sən ölkədən çıxa bilməzsən, sənə qadağa qoyulub, xaricdə olmağın yalandır”.
Müstəntiq Kərim Xələfov Laçın Məmişova telefonla SMS göndərərək, polisə gəlməyəcəyi təqdirdə, CPM-nin 178-ci maddəsi ilə məcburi gətiriləcəyini bildirib. 20 oktyabr tarixində isə müstəntiq daha da irəli gedərək Laçın Məmişovun email ünvanına təhdid dolu məktub göndərib. Məktubda deyilir:
“Məmişov Laçın Ağaməmməd oğlu bu mənim sizə sonuncu xəbərdarlığımdı. Əgər özünü yığışdaırmasan, hakimiyyət əleyhinə ağzına gələni danışmasan və müəliflik etdiyin “Mühacirlər” filminə son qoymasan sənin üçün hər şey fikirləşdiyindən də pis olacaq. Elə düşünürsən ki, ölkəyə gəlməsən sənə heç nə edə bilməyəcəyik? Tamamilə yanılırsan! 1-ci burda ailən və yaxın qohumların yaşayırlar, 2-ci isə dünyanın hansı ölkəsində gizlənirsən gizlən səni tutub fiziki məhv edə bilərik.
Sən məsləhətim budur ki, ölkəyə qayıdasn və könüllü olaraq təslim olasan, bəlkə onda məsuliyyətin biraz azalar. Müstəntiq Kərim Xələfov”.
Məktub göndərilən emaildəki fotonun yerləşdirilməsi tarixindən məlim olur ki, bu hesab məktub göndərilən tarixdə yaradılıb və məqsəd də bu təhdid imiş.
“Mən Daxili İşlər Nazirliyindən tələb edirəm ki, bu olayı araşdırsınlar və əgər bu məktub onların əməkdaşı tərəfindən göndəribsə, bu təhdid barədə ölçü götürsünlər. Bunu müəyyən etmək üçün DİN-nin Kiberçinayətkarlıqla Mübarizə İdarəsi fəaliyyət göstərir. Mən mətbuat vasitəsi ilə, həmçinin rəsmi olaraq bu barədə Nazirliyə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəm. Eyni zamanda olduğum ölkənin hüquq mühafizə orqanlarına ölümlə təhdid olunmağım barədə məlumat verəcəm. Artıq bu barədə bir sıra beynəlxalq təşkilatlar məlumatlandırılıb”.
Laçın Məmişov ona qarşı olan bu təhdid kampaniyasını jurnalist və içtimai fəaliyyəti ilə əlaqələndiri. O həmçinin qeyd edir ki, 2012-ci ildə onun naməlum şəxslər tərəfindən hücuma məruz qalması ilə bağlı cinayət işi də eyni polis şöbəsinin əməkdaşları tərəfindən ört-basdır edildi:
“Mən döyülən ərazidə video kameralar var idi, mənə onları müstəntiq də göstərmişdi. Amma bu görüntülər sonradan istintaq müddətində yoxa çıxdı və elə də mənim kimlər tərəfindən döyülməyim müəyyən olunmadı. Son illər, dəfələrlə şantaj, böhtan və təhdidlərə məruz qalmışam. Çalışmışam çox içtimailəşdirməyim, lakin son təhdid məktubu məni bu addıma vadar etdi”.
Gələn məktubun screenshootlarını təqdim edirik.