Avropa insan haqları komissarı Bakı səfərinə dair açıqlama yaydı
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks Bakıya 2 günlük səfərininin yekunlarına dair açıqlama yayıb.
“Bu səfərin zəruriliyi ofisimin Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən, demək olar ki, bütün tərəfdaşlarının həbsi ilə izah olunurdu. Bu, ölkədə insan hüquqları sahəsində işi faktiki olaraq, qeyri-mümkün edir.
Azərbaycanda hüquq müdafiəçilərinin təqibinə son qoyulmalıdır”, – deyə açıqlamada bildirilir.
Komissar hələ 2013-cü ildə xüsusi məruzəsində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin ağır olduğunu qeyd etdiyini, bu ilin aprelində isə vəziyyətin daha da pisləşdiyini vurğuladığını xatırladıb. “Bu repressiv tədbirlər məruzəmdə yer alan tövsiyələrə birbaşa ziddir”, – deyə o əlavə edib.
Açıqlamada deyilir ki, hazırki həbslərin bir hissəsi QHT-lər haqqında qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Bu məsələ ilə bağlı əvvəllər də narahatlıq bildirilib və qeyd edilib ki, dəyişikliklər QHT-ləri böyük risk altında işləməyə məcbur edir.
“Qanunvericilik insan hüquqları sahəsində işi qeyri-mümkün etməməlidir. Bu, aldıqları qrantı qeydiyyatdan keçirməyənlərə də aiddir. Onları buna görə cəzalandırmaq olmaz”, deyə Mujnieks qeyd edib.
Açıqlanada göstərilir ki, rəsmi şəxslərlə görüşlər zamanı komissar Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarlarının yerinə yetirilməsi zərurətini qaldırıb. Məhkəmənin qərarına görə, Məmmədov qanunsuz saxlanılıb və hakimiyyət Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirdiyini göstərmək istəyirsə, onu azad etməlidir.
Açıqlamada məşhur hüquqşünas İntiqam Əliyevin işi də narahatlıq doğuran işlərdən biri kimi qeyd edilir. Onun işinə Avropa Məhkəməsində prioritet qaydada baxılacaq.
Bütün bu məsələlər komissarın baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və ombudsman Elmira Süleymanova ilə görüşlərində qaldırılıb.
Səfər zamanı Mujnieks Kürdəxanı istintaq təcridxanasına da baş çəkib, burada Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşüb.
Bundan başqa, komissar həbs edilmiş şəxslərin ailə üzvləri, vəkilləri və vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşlər keçirib.